12:25 / 11 Oktyabr 2021

“Qətliam törədən erməniləri özümüz həbs etməliyik” – Millət vəkili

1511
“Ermənilərin murdar, məkrli niyyəti, dinc əhaliyə qarşı bu cinayəti törətməklə Azərbaycanı qorxutmaq idi”.

Bunu Bakupost.az -a millət vəkili Elman Məmmədov Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasının ildönümü ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, Gəncə döyüş zonasından 60 km-dən çox uzaq məsafədə yerləşdiyi halda, ermənilər tərəfindən qadağan olunmuş silahlarla bombalanıb:

“Həmin hadisədə dinc əhali şəhid olub, xeyli sayda insan yaralanıb. Eyni zamanda Gəncə şəhərinə külli miqdarda maddi ziyan vurulub.
Bu bir daha onu göstərir ki, ermənilər özlərinin saxta tarixləri boyu həmişə insanlığa aid olan davranışı pozaraq dinc, əliyalın, günahsız əhaliyə qarşı müharibə ediblər. Xocalıda, Qaradağlıda, Meşəlidə və digər yerlərdə də eyni hadisələri törədiblər. Gəncə də onlardan biri hesab oluna bilər.


Ermənilər, bu 30 il ərzində törətdikləri cinayətlərə görə mütləq cavab verəcəklər. Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları, qurumları ermənilərin hərbi, siyasi cinayətlərinə görə kifayət qədər sənədlər toplayıb. Bu, sənədlərin beynəlxalq məhkəmələr, qurumlar qarşısında qaldırılması məsələsi gündəmdədir. Beynəlxalq qurumlar, məhkəmələr ədalətli yanaşacaqmı yoxsa yanaşmayacaq öz işləridir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş Ermənistan dövlətinin siyasi, hərbi rəhbərləri Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar:

“Əgər biz gözləsək ki, hansısa beynəlxalq qurum bunları cəzalandıracaq, yəni mənim onlara o qədər də ümidim yoxdur. Hesab edirəm ki, özümüz onları həbs edib cəzalarına çatdırmalıyıq.


Düşmənə ən gözəl cavabı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu döyüş meydanında verdi. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun. İşğaldan azad olunmuş ərazilərimiz, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanacaq, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönəcək”.



Fəridə Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər