Türkiyənin qəzaya uğrayan “C-130 Hercules” təyyarəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kayseridə yerləşən 12-ci Hava Baza Komandanlığının tabeliyində “Kərgədan” simvolu ilə tanınan “C-130 Hercules” 222-ci eskadrona məxsus olub. Təyyarə dünən səhər Kayseridən Azərbaycana uçub, Gəncədən türk hərbçiləri götürərək Amasya-Merzifon istiqamətində hərəkət edib.
Gəncədən qalxandan təxminən 30 dəqiqə sonra təyyarə hündürlüyü itirməyə başlayıb. Yerli vaxtla saat 10:49-da, naməlum səbəbdən 8 min metr yüksəklikdə parçalanıb. Quyruq, qanad və gövdə hissələri ayrılan təyyarə Azərbaycan–Gürcüstan sərhədinə düşüb.
Hadisə şahidlərinin dediyinə görə, dörd mühərrikli təyyarədən havada tüstü çıxmağa başlayıb, sonra əsas gövdə dönərək sürətlə enib. Təyyarənin bir hissəsi ayrılaraq başqa istiqamətə düşüb.
Görüntülərdən məlum olur ki, təyyarə yerə çırpıldıqdan sonra tamamilə dağılıb.
Qəzadan sonra Gürcüstan, Türkiyə və Azərbaycan mütəxəssisləri hadisə yerində birgə araşdırmalara başlayıblar.
“Lockheed C-130 Hercules” modeli ABŞ-da “Lockheed Martin” şirkəti tərəfindən hazırlanıb. Türk Hərbi Hava Qüvvələri bu tip təyyarələrdən 1963-cü ildən bəri istifadə edir. Hazırda inventarda 19 ədəd “C-130E” və “C-130B Hercules” mövcuddur.
1968-ci ildə istehsal olunan “C-130 Hercules” ilk olaraq Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin inventarında olub, 2010-cu ildə Türkiyə tərəfindən satın alınaraq TSQ-nin istifadəsinə verilib.
Türkiyə Müdafiə Nazirliyi bu ilin oktyabrında Böyük Britaniyanın Kral Hava Qüvvələrinə məxsus 12 ədəd “C-130J Super Hercules” təyyarəsini almaq üçün razılıq əldə etmişdi. “C-130”ların 2040-cı ilə qədər xidmətini davam etdirməsi planlaşdırılırdı.
Gürcüstanda qəzaya uğrayan təyyarənin ilk görüntüləri “Reuters” tərəfindən yayımlanıb.
Cavid, BakuPost