Dünyada hər il yüz minlərlə insanın qida zəhərlənməsinin qurbanı olur. Son günlər artan ölümlər adıçəkilən mövzunu yenidən gündəmə gətirib.
Bakupost.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (DSÖ) qidaya bağlı zəhərlənmələri təhlükəsiz olmayan su və ya istehlakın yaratdığı xəstəliklər adlandırır. DSÖ-ya görə, 200-dən çox fərqli amil qida mənşəli xəstəliklərə səbəb ola bilər. İqlim dəyişikliyi qida mənşəli patogenlərin coğrafi və mövsümi yayılmasını dəyişdirir. Əhali artımı, şəhərləşmə və qlobal qida zəncirlərinin genişlənməsi risklərin nəzarətdə saxlanmasını çətinləşdirən amillər kimi önə çıxır. Hər il təxminən 600 milyon insan qida mənşəli xəstəliklərdən əziyyət çəkir. 420 min nəfər isə bu xəstəliklər səbəbindən həyatını itirir. Hər il baş verən ölüm hadisələri qurbanlarının 125 mini uşaqlardır.
Qida mənşəli xəstəliklərin çoxu müxtəlif bakteriya, virus və parazitlərin yaratdığı infeksiyalardır. Lakin bütün bakteriyalar xəstəliyə səbəb olmur. Əsas təhlükəli bakteriyalar arasında “Salmonella”, “Listeria monocytogenes”, “Campylobacter jejuni” və “Escherichia coli” göstərilir.
“Salmonella” əsasən yumurta, quş əti və digər heyvani məhsullarda rast gəlinir. “Campylobacter” xam süd, az bişmiş quş əti və içməli sudan yayıla bilər. “Escherichia coli” isə pastörizə edilməmiş süd, az bişmiş ət və çirklənmiş təzə meyvə və tərəvəzlərdə çoxalır.
Qida zəhərlənməsinin əsas simptomları mədə bulantısı və qarın ağrısıdır. Bundan əlavə, hərarət, baş ağrısı, qusma və ishal da müşahidə olunur. Patojenə məruz qalma ilə xəstəlik əlamətlərinin başlaması bir neçə saatdan bir həftəyə qədər dəyişir. Bəzi hallarda əlamətlər qripə bənzədiyi üçün insanlar xəstəliyin qidalardakı zərərli bakteriyalardan və digər patogenlərdən qaynaqlandığını fərq etmirlər.
Avropa Qida Təhlükəsizliyi Orqanı (EFSA) bildirir ki, qida mənşəli xəstəliklərin başlıca səbəbləri yeməklərin yetərincə bişirilməməsi və ya isidilməməsi, düzgün temperaturda saxlanmaması, son istifadə tarixindən sonra istehlak edilməsi və heyvanlarla təmasdır. EFSA qida zəhərlənməsindən qorunmaq üçün yumurta, quş əti və ət yaxşı bişirilməsini, çiy və bişmiş qidalar ayrı saxlanılmasını, təmiz qab-qacaq və kəsici taxtalardan istifadə edilməsini, əllər yemək hazırlamadan əvvəl və hazırlayarkən yuyulmasını, tez xarab olan qidaların isə soyuducuda saxlanılmasını tövsiyə edir.
Cavid, BakuPost