Ru
11:44 / 17 May 2019

“Ayaqlarını bir başmağa dirədilər ki, işdən çıxmalısan” – MÜSAHİBƏ Qulu Məhərrəmli:

5031

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli BakuPost-a müsahibə verib. O, televiziyalarımızın hazırkı vəziyyətindən, dilçiliyin problemlərindən danışıb, televiziyalarda yaranan bədii şuralar barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.


- Sizin tərcümeyi-halınızı oxuyanda adamın nəfəsi kəsilir. Bu qədər fəaliyyəti bir ömürə necə sığdırmısınız?

- Siz oxuyanda nəfəsiniz kəsilirsə, təsəvvür edin, mən bu ömrü yaşamışam, Allahın izni ilə davam edirəm. Bioqrafiyadan da görürsünüz ki, sadə və rahat həyat deyil. 


- Zəngilanda doğulmusunuz, Şuşada orta təhsil almısınız. Əgər elə indicə yalnız birinə getmək şansınız olsaydı, hansına gedərdiniz, Şuşaya, yoxsa Zəngilana?

- Mən istəməzdim ki, kimsə o seçim qarşısında qalsın. Zəngilan mənim üçün çox doğmadır, Şuşa da mənə əzizdir. Vətənin hər bir parçası bizim bioqrafiyamızdır. 


- Bu gün televiziyalarımızın ümumi vəziyyəti sizi qane edirmi?

- Son vaxtlar televiziyalar haqqında o qədər danışmışam ki, adamın özü də bezir irad tutmaqdan. Amma nə edə bilərik? Biz bu bayağılığın içindəyik. Bir tərəfdən tamaşaçı missiyası, o biri tərəfdən televiziyanı azdan-çoxdan bilən adam kimi məni qane edən çox az şey var. Xəbərlər, analitik proqramlar, texnologiyadan istifadə, böyük xəbər proqramlarının ümumi səviyyəsi çox zəifləyib. Yaxşı sözə rast gəlmək olmur. İsti söz, obrazlı ifadə eşitmək olmur. Sanki Azərbaycan dilinin şirəsini qurudub bunlar. Ona görə də məni qane eləmir. Qane etsəydi, başqa kanallarda verilişlər axtarmazdıq, internetə bu qədər aludəçilik yaranmazdı. 


- Televiziyalarımızın əsas faciəsi nədir?

- Birincisi, arzulanan səviyyədə azad və sərbəst deyillər. Müstəqil proqram qura bilmirlər. Kənardan müdaxilə çoxdur. İkincisi, peşəkarlıq aşağı səviyyədədir. Yaxşı jurnalistlər, peşəkar aparıcılar əvvəlki səviyyədə deyil. Üçüncüsü, televiziyaların yaradıcı menecmenti yaxşı qurulmayıb. Dədə-baba qaydası ilə idarə olunur və bu da problem yaradır. Dördüncüsü, maliyyə problemləri var. Yaxşı reklam bazarına ehtiyac böyükdür. Bütün bu problemləri üst-üstə gələndə pis görünür və ona görə də qaçırlar şou proqramlara, müğənnilər dəvət edirlər. 


- Televiziyalarda bədii şuralar yaranıb. Buna münasibətiniz necədir?

- Bədii şuralar tamamilə mənasız və əhəmiyyətsizdir. Xüsusən də özəl televiziyalarda belə şuraların heç bir əhəmiyyəti yoxdur. Çünki orada söz sahibi televiziya rəhbəridir və çox şey onun zövqü ilə müəyyənləşir. Bədii şura gözə kül üfürmək və bəzi hallarda məsuliyyəti öz üzərindən atmaq üçündür. Televiziyalarda o mühit yoxdur ki, kollektivlik yaransın. Əvvəl dil şuraları yaratmışdılar, indi qalır o şuralar? Yox. Ona görə də yalandan bəyanatlar verib ictimaiyyəti aldatmaq olmaz. 


- AMEA-nın Nəsimi adına Dilçilik institutunda şöbə müdiri olmusunuz. Sizcə, institutun fəaliyyəti o boyda təşkilatın yanında kiçik görünmürmü?

- Bəli, mən akademik Tofiq Hacıyevin dəvəti ilə Dilçilik İnstitutunda çalışmışam. İki il müddətində müəyyən işlər görə bildik. Təəssüf ki, davam edə bilmədik. Dilçilik başqa instututlardan çox az şeylə fərqlənir. İstənilən işin səmərəsi ölçülür. Elm təkcə konfrans keçirmək, hardasa çıxış eləməkdən ibarət deyil. Bunlar da lazımdır ki, elmi nailiyyət təbliğ olunsun. Amma bir məqam var ki, dildə sürətli proseslər gedir, təəssüf ki, dilçilik elmimiz bu proseslərdən geridə qalır. Çoxlu dil hadisələri yaranır, amma Dilçilik İnstitutu onları müəyyənləşdirə və qaydalaşdıra bilmir. Bir də orfoqrafiya ilə bağlı məsələlər instituta nüfuz qazandırmadı. Orda yaxşı alimlər, təcrübəli insanlar var. Bəzən eyni layihələrdə iştirak edirik. 


- Niyə sizi işdən çıxardılar? 

- Tofiq Hacıyev rəhmətə gedəndən sonra mənim orda işləməyimin mənası qalmadı. Çünki Tofiq Hacıyev iliyinə qədər çalışırdı, ali məktəblərdən mütəxəssislər dəvət etmişdi, yeni şöbələr yaradılmışdı. İndi də o şöbələr çalışır. Rəhbərlik dəyişəndən və kənardan təsirləri görəndən sonra anladım ki, burda işləmək mümkün deyil. Mən orda nə maaşa, nə də vəzifəyə görə işləyirdim. Müəyyən işlər görmək lazım idi. Onları başa çatdırıb çıxacaqdım. Sonra qərarlarını dəyişdilər, ayaqlarını bir başmağa dirədilər ki, bu institutdan çıxmalıyam. Onda gördüm ki, insanlar üçün iş əsas məqsəd deyil, onların cılız hissləri var. 


- Dilçilik, telejurnalistika və ədəbiyyat. Bu üçlükdən hansının digərlərinə zərəri daha çoxdur və ya biz hansında daha çox ağsayırıq?

- Hər üçü millətin varlığı, təfəkkürü, ictimai fikri ilə bağlı sahələrdir. Televiziyaların ictimai düşüncəyə ciddi ziyanı var. Artıq yeni nəsil yaranır. O nəsil Azərbaycanın dəyərlərini bilməyən, müstəqilliyin nə olduğunu anlamayan, milli ruhu anlamayan nəsildir. Ədəbiyyatla bağlı ayrı problemlər də var. Hər üçünə ciddi önəm verilməlidir. 


- Qulu müəllim, sizcə, müasir dünyada radioya ehtiyac qalıbmı?

- Əlbəttə. Radionu kəşf edən adam deyirdi ki, radio Allahın səsidir. Mənə elə gəlir ki, bizim də allahın səsinə ehtiyacımız var. 


- Nə vaxtsa sizə AZTV-nin sədri vəzifəsi təklif olunubmu?

- Xeyr, təklif olunmayıb. Bu, incə məsələdir, ciddi düşünülməlidir. Televiziyanın təməlini qoymuş Teymur Əliyev kimi, Elşad Quliyev kimi, Məmməd İsmayıl, Ənvər Əlibəyli kimi parlaq insanlardan kimsə rəhbərlik etsə, daha yaxşı olar. 


- 20 il bundan qabaqkı Qulu Məhərrəmli ilə indiki Qulu Məhərrəmli çoxmu dəyişib? Yoxsa heç nə dəyişməyib?

- Fikirlər fəyişir, hər yaş dövrünün bir mənəvi, fikir mənzərəsi olur. 20 il öncə yaddaşdakı mənzərə indi daha dolğun və rəngarəngdir. Ətraf dəyişirsə, fikirdə, düşüncədə də dəyişikliklər yaradır. 


- Bundan sonrakı fəaliyyətinizdə özünüzdən gözləntiniz nədir?

- Elə böyük gözləntilərim yoxdur. Bir çox yarımçıq işlər var, tamamlamaq lazımdır. Tələbələrin artan tələbləri var. Azərbaycan dilində olmayan bəzi dərsliklər yazılmalıdır. 


Elşad Barat

BakuPost
 “Ayaqlarını bir başmağa dirədilər ki, işdən çıxmalısan” – MÜSAHİBƏ Qulu Məhərrəmli:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər