Rəqəmsal mədəniyyət

  • 24 May 2020 19:10
  • 4313 Baxış
Rəqəmsal mədəniyyət




Sadiq Musa

Müasir dünyamız, içində yaşadığımız pandemiya dönəmi rəqəmsal dünyanın gerçəklərini, onun həyatımızda tutduğu yeri daha qabarıq büruzə vermiş oldu. Bəzən düşünürəm ki, insanlığı yeni, rəqəmsal mərhələyə adladmaq üçün qlobal səviyyədə pandemiyadan daha praktik vasitə düşünmək olmazdı. 

COVİD-19 vasitəsilə dünya üzrə milyardlarla insanı evə həbs etmək mümkün oldu. Mən bu yazımla belə bir virusun ümumiyyətlə olmadığını iddia etmək fikrindən uzağam. Ancaq konspirolji sayıla biləcək iddialara da qapını sonuna qədər bağlamağı doğru saymıram. Hətta ciddi media resursları belə COVİD-19-la bağlı birmənalı alqılana bilməyəcək xəbərlər yayımladı. Bu mövzu ətrafında qoparılan səs-küy, şişirdilmiş xəbərlər bütün dünya mediasını bürüdü. Bir daha aydın oldu ki, 21-ci əsrə gəlib çıxmış homosapinesi yenə də instiktləri ilə idarə etmək, istənilən istiqamətə yönləndirmək üçün qorxu faktorundan yararlanmaq lazımdır.
Yaşamaq, mövcud olmaq istinkti insanlığın şüuruna qalib gəldi və o, özünütəcridi seçdi. 

Bəs əslində özünütəcrid edən insan üçün hansı alternativlər təklif olunurdu?

İzolyasiya şəraitində yaşayan insan üçün virtual reallıqdan başqa seçim qalmadı. Dünya virtual olaraq mövcud olmayanı, sanki, real olaraq da qəbul etmədi. Əslində istənilən də bu idi. Günə telefona yüklədiyi zəngli saat proqramı ilə başlayan müasir insan ünsiyyətini, alış-verişini, ödənişlərini, görməli olduğu işləri belə distant həyata keçirməli idi. Bu, yeni bacarıqlar, səriştələr, informasiya texnologiyalarına bələdlik tələb edirdi ki, bu iki aydan çox müddət də sanki insanlığa bunun üçün verilmişdi. 

Bəs formalaşdırılan yeni rəqəmsal mədəniyyət bizə nə təklif edir, nələri alır?

İnsan təbiəti etibarilə sosial varlıq olduğundan daimi ünsiyyət, sosial çevrə tələbatı var. Bu tələbat mağara insanından günümüz insanına qədər dəyişməz olaraq qalır. Texnologiyanın təklif etdiyi ünsiyyət forması isə insanın həqiqi ehtiyaclarını qarşılamaq baxımından yetərli deyil. Vitual və real kimlik dilemması ilə qarşılaşan insanlıq hələ bir müddət birmənalı seçim etməkdə çətinlik yaşayacaq ki, bu da təbiidir. Bundan əlavə, virtuallıq, rəqəmsal reallıq, texnologiya şəxsi həyat anlayışlarını da aradan qaldırdı. Harada olduğumuzu, hansı əməliyyatı həyata keçirdiyimizi, hətta Google-da nəyi axtardığımızı belə birilərinə “xəbərləyən” müasir texnolgiya insanı təcrübə dovşanına çevirməyə, onun hər addımını izləməyə, davranışlarını proqnozlaşdırmağa, daimi onunla bağlı bütün datanı toplamağa başladı. Dördüncü dünya müharibəsinin ox-yayla olacağını proqnozlaşdıranlar kimi, iddia etmək olar ki, bu texnolji inkişaf da sonda smartfonlardan imtina ilə nəticələnəcək. Hələ ki, texnolji inkişafın zirvəsinə çatmayan insanlıq bu dövrün pikinə gəlib çıxmadığından adaptasiya dövrünü yaşayır, texnoloji yeniliklə köhnə nəsil belə ayaqlaşmağa çalışır ki, bu da təbiidir. Yeni reallıq həyata yanaşmamazı da dəyişdi. Distant təhsil, distant iş, virtual tur kimi anlayışlar həyatımıza daha yaxından daxil oldu. Muzeylər, kitabxanalar, mədəniyyət ocaqları yaratdıqları online resurslara güvənməli oldular. Mövcud olmaq şərti virtual reallıqdan keçməyə başladı.
Düzdür, pandemiya dönəmi əbədiyyətə qədər sürməyəcək, amma onun həyatımıza daxil etdiyi reallıqlar da asanlıqla çıxmayacaq. Artıq post-pandemiya insanı istəsə belə əvvəlki kimi ola bilməyəcək. Niyəsini də deyim.

Elmi ədəbiyyatda “21 gün qanunu” var. Belə ki, hansısa şərtlər daxilində 21 gün keçirən insanın beynində dəyişiklik baş verir, beyin yeni durumla bağlı müəyyən vərdişlər qazanır və onları arxivləyib saxlayır.

Deməli, biz istəsək belə pandemiyadan əvvəlki münasibətlər sisteminə tamı-tamına qayıda bilməyəcəyik…Necə deyərlər, qəzamız mübarək…



X