Rəşad niyə öldü? - Son statusunda yazılanlar

"Səhiyyə bərbad, 103 işinin öhdəsindən gələ bilmir, TƏBİB heç nəyə yaramır”


Hərbi jurnalist Rəşad Süleymanovun COVID-19 virusundan vəfat etməsi aidiyyəti qurumların düzgün işləmədiyi, əhaliyə vaxtında və doğru tibbi xidmətin göstərilmədiyi barədə müzakirələri alovlandırıb.

"Bakupost.az" xəbər verir ki, sosial şəbəkələrdə etiraz statuslarının sayı-hesabı yoxdur. Mərhum jurnalistin həyat yoldaşı mətbuata açıqlamasında bildirib ki, vəziyyəti ağır olsa da, Rəşadın xəstəxanaya yerləşdirilməsi mümkün olmayıb:

“Səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi”.

R.Süleymanovun dostları onun son votsap statusunu da paylaşıblar. O, səhiyyənin bərbad olduğundan, "103" xidmətinin işləmədiyindən şikayətlənib:

“Məlun COVID bizi də yaxaladı. Səhiyyə bərbad, "103" işinin öhdəsindən gələ bilmir, TƏBİB heç nəyə yaramır. Dirigözlü ölümü...”


Bu arada məlum olub ki, R.Sülüymanovdan əvvəl onun hərbi həkim olan qardaşı da virusa yoluxub. Və onu da xəstəxanaya yerləşdirmək müşkülə çevirilibmiş.

Qeyd edək ki, ağır xəstə olan şəxslərin xəstəxanalara yerləşdirilməsi ciddi problemə çevrilib və bu, əhali arasında kəskin narazılığa səbəb olub.
Təcili Tibbi Yardım çağırışlara gəlmir, xəstəxanada yerlərin olmadığı bildirir. İnsanlar isə iddia edirlər ki, xəstəxanada yerlər ya kimlərinsə tapşırığı, ya da hansısa başqa maraq müqabilində "tapılır".