Ru
02:05 / 11 Avqust 2021

Rusiyanın təhlükəli oyunu - Azərbaycan nə etməlidir?

2319
Qabil Abbasoğlu

Ermənistan ordusunun hərbçilərinin izdihamlı hərbi maşın karvanı ilə Azərbaycan ərazisinə daşınmasını əks etdirən kadrlara baxdım. Üstəlik, videomaterialda deyilir ki, mülki geyimli erməni hərbi qulluqçular da mülki avtomobillərdə ərazimizə daşınır. 

İşin ilk diqqətçəkən tərəfi budur ki, bu materialları yayan media orqanları, yumşaq desək, Azərbaycanın rəsmi siyasi kursundan kənarda fəaliyyət göstərmir.
İkincisi, hakimiyyətin tezisləri çərçivəsində fəaliyyət göstərən həmin KİV-də Rusiya açıq şəkildə (haqlı olaraq) ittiham edilir. Bu, Vətən Müharibəsindən keçən dövr ərzində şimala yönəlik ilk açıq ittihamdır.

Üçüncüsü, müharibənin bitdiyini və tərəflərin durumunu fiks edən heç bir sənəd hələ də ortada yoxdur. Belə bir sənədin mövcud olmaması isə Rusiyanın istədiyi, həm də ona sərf edən qeyri-müəyyənlik vəziyyətinin saxlanmasına xidmət edir. Bu, nəticə etibarilə, süni də olsa, yeni status-kvonun yaradılmasına cəhd sayıla bilər. Çox təhlükəli plandır...

Belə məlum olur ki, hakimiyyət Rusiyanın Qarabağdakı destruktiv və tərəfli fəaliyyətindən narazıdır, narahatdır, bezib və etirazını hələ ki, bu yolla bildirir.

Vətən Müharibəsindəki zəfərimizi, işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etməyimizi şimal qonşumuzun rahat həzm etməyəcəyi əvvəldən aydın idi. Buna görə narahatlığımızı bildirəndə bəzilərinin bizi "hamı politoloq olub" ədası ilə linç etmək həvəsinə düşdüyünü yaxşı xatırlayıram. Əlbəttə, qətiyyətlə inanıram ki, əsgərimizin bayraq sancdığı, Komandanın yumruğunu sıxaraq adını çəkdiyi hər qarış torpağımızı bizdən bir də kimsə qopara bilməz. Amma o torpaqların tam və tək sahibi ola bilməyimiz üçün Divə "reallıqdır" deyib qucaq açmaq yox, o reallığı dəyişdirmək üçün xalqın, cəmiyyətin gücünü ortaya qoymaq, o gücə güc qatmaq vacibdir.

Əfəndilər, bu Vətən bizim hamımızındır - İlham Əliyevin də, sənin də, mənim də. Dövlət başçısı durumu ifadə etmək üçün yalnız "biz sərhəddən gələn və gedən maşınların hamısını görürük, hətta nömrə nişanlarını dəyişib başqa dövlətlərin nömrə nişanları ilə gəlirlər" şəklində ifadə etməyə imkanı çatırsa, demək, vaxtında cəmiyyətdəki anti-Rusiya meyllərin önü açılmalı idi. Bu istiqamətin güclənməsindən qorxmamalıyıq.

Şimal küləyi əsir, nə edirsiniz-edin, amma əvvəlcə dayanın və azca düşünün...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər