15:01 / 09 Sentyabr 2021

Rüstəm Muradov yola salındı: Yeni komandan nələr edəcək?

3659
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb. Onu yerinə isə general-mayor Mixail Kosobokov təyin edilib.

Yeni komandan artıq Ermənistana da səfər edib. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Bəs yeni komandanının təyinatından sonra sülhməramlıların fəaliyyətində hansısa dəyişiklik gözlənilirmi?

Bu barədə Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son dövrlərdə Rüstəm Muradovun fəaliyyəti Azərbaycan tərəfində bir çox narahatlıqlar doğurdu:



“Rüstəm Muradovun sülhməramlı kontingentinin fəaliyyətinin ilk mərhələsi daha müsbət xarakterizə oluna bilər. Laçın, Kəlbəcər, Ağdam rayonları, eləcə də Qubadlı və Zəngilanın kəndlərinin erməni silahlılarından təmizlənməsində, adıçəkilən ərazilərinin qaytarılmasında onların fəaliyyətini müsbət dəyərləndirmək olar. Lakin sonrakı dövrdə Rüstəm Muradovun fəaliyyətləri Azərbaycan tərəfində bir çox narahatlıqlar doğurdu. Xüsusi ilə separatçı rejimlə birlikdə olmaqdan daha çox həzz alan R.Muradov erməni silahlılarının çıxarılması məsələsində çox passiv bir mövqe tutub. Həm də sülhməramlılar Ermənistandan olan və ya yerli silahlılarının Azərbaycan ərazisində səngər qazması, istehkamlar qurmasına qarşı heç bir fəaliyyətlər icra etmir. Odur ki, Rüstəm Muradov Azərbaycan xalqı tərəfindən mənfi xarakterizə olunur.

Ə. Verdiyev əlavə edib ki, M. Kosobokov separatçı rejimlərlə işləməkdə böyük təcrübəyə malikdir:

“Yeni komandan daha əvvəl Abxaziyada olan separatçı rejimlə birlikdə fəaliyyət göstərib. Abxaziyadakı rus bazasının komandiri olub. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan nə Gürcüstan, nə də digər bir dövlətdir. Bura Azərbaycan, Qarabağdır. Onlar da Azərbaycan ərazisindədirlər. İstənilən halda tez və ya gec o əraziləri tərk edəcəklər. Ona görə də elə fəaliyyət göstərməlidirlər ki, Azərbaycan xalqının yaddaşında heç olmasa müsbət nə iləsə xatırlansınlar.

Mahiyyət etibarı ilə ciddi bir dəyişiklik gözləmirəm. Amma vəziyyətin kifayət qədər sabit və gərgin qaldığını da qeyd etməliyik. Həm Laçın rayonunda, həm də Türkiyə ərazisində keçirilən birgə təlimlər Ermənistanı və onu dəstəkləməyə çalışan qüvvələrə hərbi-siyasi ismarıc kimi dəyərləndirilməlidir”.

Aygün Nəbiyeva
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər