Sabir Rüstəmxanlı Neftçaladan yazdı

  • 23 Fev 2020 15:45
  • 1768 Baxış
Sabir Rüstəmxanlı Neftçaladan yazdı


Neftçalanın tanınmış ziyalılarından söz düşəndə ilk növbədə şəxsən tanıdığım adamları, görkəmli qələm sahiblərini, indi artıq haq dünyasında olan İmamverdi Əbilovu, Əjdər Ağayevi, Tofiq Abdini xatırlayıram. Çünki onların hər biri haqqında unudulmaz xatirələrim var. Köhnə iş yoldaşım, yazıçı, pedaqoq Allahverdi Eminov, aktyor Nadir Hüseynov, bu gün də doğma ocaqlarından ayrılmamış qələm dostlarım Soltan Abbas, Zabil Pərviz də respublikanın ədəbi, mədəni mühitində Neftçalanı həmişə ləyaqətlə təmsil etmişlər.

Milli Məclisə seçkilər mənə Neftçalanı bir daha gəzib- görmək, rayon camaatı ilə yaxından tanış olmaq imkanı verdi. Xatirələr təzələndi, köhnə mübarizə yoldaşlarımı, xalq hərəkatının fəallarını aradım, yaşlı Neftçala ziyalılarını ziyarət etdim, Azərbaycan Yazıçılar Birliyinin yerli üzvləri ilə, eləcə də həvəskar şair və nasirlərlə görüşdüm, “Kür-Xəzər” ədəbi məclisinin bir toplantısında iştirak etdim.

Rayona elə ilk gəldiyim gün görkəmli ədəbiyyatşünas-alim, Filologiya elmləri doktoru, professor, pespublikanın əməkdar müəllimi İmamverdi Əbilovun evini, onun işığını qoruyan, yolunu davam etdirən oğlu Etibar müəllimi ziyarət etdim. Təsadüfən evin başqa bir övladı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, araşdırmaçı-alim, gözəl qələm sahibi Azər Turan da Bakıdan gəlmişdi. İmamverdi Əbilov əfsanəvi şəxsiyyət idi, evi də Azərbaycanın fikir mərkəzlərindən biri idi. Səməd Vurğundan başlayaraq, bir çox böyük söz və sənət adamı, üstəlik, respublikamıza gələn tanınmış şəxslər bu evin qonağı olublar… İmamverdi müəllim onların xatirəsini, avtoqraflarını, bağışladıqları kitabları səliqə ilə qoruyub saxlayıb.

Mənim də bu evə ik gəlişimdən qırx beş ildən artıq vaxt keçir. İmamverdi müəllimin kitabxanası bir xəzinədir və söhbət zamanı Etibar mənim də illər öncə bu kitabxanaya düşmüş avtoqraflı kitablarımı tapıb gətirdi. Bu kitablar o uzaq illəri yadıma saldı, onda İmamverdi müəllimlə məktublaşmaqla yanaşı, bir neçə dəfə məktəbli Azərdən də məktub almışdım və onun düşüncə genişliyi, mənəvi yetkinliyi ürəyimi qürurla doldurmuşdu…

Övladları heç nəyə toxunmayıblar, bütün otaqları, dəhlizi dolduran kitabxana sahibinin sağlığında olduğu kimi qalır. Məncə, bu azdır, Mədəniyyət Nazirliyi bu evi muzeyə çevirməlidir. Muzeyin yanında bir oxu zalı tikilsə, bu kitab xəzinəsi həm də neftçalalıların üzünə açılar…

Unudulmaz görüşlərimizdən biri də Xıllı kəndində oldu. Rayonun çox hörmətli, qocaman müəllimlərindən Xanoğlan Məmmədova baş çəkməyə getmişdik. Onun həyət-bacasının səliqə-sahmanı, bağ-bağatın sanki rəssam əliylə çəkilmiş kimi mükəmməl düzəni diqqətimi cəlb elədi. Xanoğlan müəllimin yaşı səksəni keçsə də iti hafizəsi, mükəmməl nitqi , ölkədə baş verən hadisələri diqqətlə izləməsi, dəqiq mülahizələri gənclərdə qibtə doğuran bir səviyyədədir. Məni çoxdan yazdığım bir şerirlə qarşıladı:

Qılıncam, ovxarım sözlə, inamla,

Min ilin başında yurdun səsiyəm.

Özüm bu günlərə kül ola-ola

Gələcək günlərin pərvanəsiyəm…

Kimsə bu misraları onun qədər həm gözəl deyə, həm də yüksək peşəkarlıq və sayqı ilə təhlil edə bilməzdi. Bu söhbətlə Xanoğlan müəllim əslində Neftçalada başlanan görüşlərimə xeyir-dua verdi. Sonrakı günlərdə Soltan Abbasa da baş çəkdim, seçilmiş əsərlərinin 5 cildliyini vərəqlədim; Zabil Pərvizin, Ənvər Əliyevin şeilərini dinlədim.

Yenicə bələdiyyə sədri seçilmiş Gülqədəm Mirzəzadənin “Səmavi” şeirlər kitabının və bəstələdiyi mahnıların lirik ovqatı onu gündəlik işindən, kənd həyatından qoparmır, əksinə, camaat üçün məşğuliyyət yerləri açmaq səylərini artırır, qadın inkişaf mərkəzi və anaların hüquqlarının qorunması ilə bağlı plan və arzuları genişlənir.

Görüşlərimizin ən fəal təşkilatçılarından olan şair Fərhad Əzizbəyli ilə indiyədək yaxından tanış olmaq imkanı tapmadığıma təəssüfləndim. Çünki o, Neftçalada yaşasa da yaradıcılığı, kitabları əyalət səviyyəsindən çoxdan çıxıb və çağdaş poeziyamızın seçilən nümunələri ilə səsləşir. Bunu təsdiq etmək üçün 2019–cu ildə nəşr edilmiş və sayca ikinci olan “Zəmanət” şeirlər toplusunu gözdən keçirmək yetərlidir.

Həyatdan 23 yaşında, nakam getmiş ilahiyatçı-şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrinin və gündəliyindən parçaların toplandığı və ölümündən sonra nəşr edilmiş “Sevda türküsü” kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdət-i vücud və hürufizm haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil tanrıdangəlmə, fitri bir istead sahibi olub. Atası Etibar müəllimə “kaş o kitabı mənə verməyəydin” deməkdən başqa söz tapmadım.

Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır.

Yalnız o kitabı oxuyandan sonra böyük dostumuz İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi itirdiklərini təsəvvür etmək olur.

Sabir Rüstəmxanlı