Ru
10:30 / 20 Yanvar 2021

Sabir Rüstəmxanlıdan Şuşa ilə bağlı TƏKLİF: "Məktəbə Əhməd Ağaoğlunun adı verilsin"

1610
Sabir Rüstəmxanlı: “Dövlət Baxçalı ilə telefon əlaqəmiz olarsa və yaxud görüşəriksə...”

Ötən həftə Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində ibtidai məktəb inşa etmək istədiyini dilə gətirdi.

Partiya sədri öz twitter hesabında türk mədəniyyəti və tarixinin simvolu olan Şuşada təhsil həyatına dəstək vermək istədiyini, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən doqquz siniflik ibtidai məktəbin inşasını hədəflədiyini qeyd edib.

Məsələ ilə bağlı millət vəkili, Xalq yazıçısı Sabir Rüstəmxanlının rəyini öyrənməyə çalışdıq. Sabir Rüstəmxanlı Dövlət Baxçalının bu təklifini yüksək dəyərləndirdiyini bildirdi: “Bu, çox gözəl bir ideyadır. Dövlət bəyin rəhbəri olduğu MHP ilə hazırda AKP arasındakı münasibətlər də yaxşıdır, bir blokdadırlar. Bir müddət bundan əvvəl Ərdoğan Şuşaya gəlmək arzusunu dilə gətirdi, ardınca Dövlət bəy Şuşanın Azərbaycanın mədəniyyət tarixindəki yerini yaxşı bildiyi üçün MHP adından şuşalılara bir hədiyyə etmək istəyir. Şəxsən mən Dövlət bəylə telefon əlaqəmiz olarsa və yaxud görüşəriksə, buna görə ona öz təşəkkürümü bildirəcəyəm və bu işini davam etdirməsini arzulayacağam.

Həmçinin işğaldan azad olunmuş rayonlarımızın hər birində Türkiyənin siyasi qurumlarından və yaxud qeyri-hökumət təşkilatlarının vəqflərindən biri məktəb tiksə, çox gözəl olar. Məlum olduğu kimi, Bakıda Türkiyə Dünyası Araşdırmaları Vəqfinin Anadolu Liseyi var. İnanıram ki, bu qurum da işə girişər".



Sabir Rüstəmxanlı Şuşada tikiləcək məktəblə bağlı öz təklifini də qeyd edib: “Sosial şəbəkədə izlədim ki, kimsə təklif irəli sürmüşdü ki, tikiləcək həmin məktəbə Əhməd Ağaoğlunun adı verilsin. Bu da çox gözəl ideyadır. Məlum olduğu kimi, 19-cu əsrin ikinci dövründə Şuşada ”Realnı məktəb" açılmışdı. Həmin məktəbdə əsasən rus hərbiçilərinin uşaqları və ermənilər təhsil alırdı. Azərbaycanlıları həmin məktəbə çox çətinliklə qəbul edirdilər, o da zəngin ailələrin uşaqları idi. Əhməd Ağaoğlunun atası Həsən bəy də zəngin idi, onun pambıq tarlaları var idi. Buna görə də Əhməd Ağaoğlu və digər yaşıdları həmin məktəbə daxil ola bilmişdi. Lakin məktəbdə rus hərbiçilərinin uşaqları və ermənilər o qədər həyasızlıq törədirdilər ki, türk uşaqları sona qədər məktəbdə oxumağa davam gətirə bilmirdilər. Lakin Əhməd Ağaoğlu onlarla dalaşa-dalaşa, vuruşa-vuruşa o məktəbi oxuyub, bitirmişdi. Daha sonra isə təhsilini davam etmək üçün Tiflisə, Sankt-Peterburqa getmişdi. Lakin azadfikirli olduğu üçün universitetə daxil olmasında problemlər yaşanmışdı və bu səbəbdən Parisə getmişdi. Beləliklə, Əhməd Ağaoğlu Paris universitetində təhsil alan ilk azərbaycanlı idi. Əhməd Ağaoğlu sonradan Şuşaya qayıdaraq, oranın təhsilinin inkişafı üçün mühüm işlər görmüş, “Difahi” Partiyası fədailərinin xətti ilə Qarabağ Müdafiə Komitəsini yaratmışdı. Bu qurumun Qarabağda çox böyük faydası olmuşdu. Buna görə də Şuşada Türkiyənin yardımı ilə açılacaq ilk məktəbə Əhməd Ağaoğlunun adının verilməsi son dərəcə məntiqli və ədalətli olardı. Məlum olduğu kimi, bir müddət çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy həbs olunmamaq üçün Türkiyəyə getmişdi və orada uzun müddət Böyük Millət Məclisinin deputatı olmuşdur. Orada da təhsil, maarifləndirmə ilə bağlı mühüm işlər görmüşdür. Beləliklə, onun həm Türkiyədə, həm də Azərbaycanda gördüyü işləri nəzərə alaraq, Şuşada açılacaq məktəbə onun adının verilməsi yerinə düşərdi".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər