Ru
09:09 / 03 Fevral 2020

Sabir Rüstəmxanlının telefon nömrəsi

10066

Nazlı Ağayeva

Mövzuda çətinlik yoxdu, sadəcə hardan başlamaq barədə tərəddüd var. On üç il əvvəldə qalan xoşbəxt ömrə gedib ordan indiki boşluğa qayıtmağın qorxusu var. Xatırlanması zor və xoş olan çox şeylər ki, o xoşlardan biri 2003-cü ilin təxminən avqust ayında baş verdi. Ölkədə ən maraqlı, ən fəal prezident seçkisi ərəfəsində dairələrinin formalaşacağı son gün idi. Qəbələ dairəsində Vətəndaş Həmrəyliyi Partiyasının bir yeri qalıbmış. O yer uğrunda yerli hökümət dağa-arana adam salıb Sabir Rüstəmxanlını axtarırdı. Xəbəri dairədəki katib mənə verib, gör neynirsən, dedi.


VHP barədə heç nə bilmirdim. Əlimdə indiki texniki imkanlar da yox idi ki, əlaqə saxlayıb o yer barədə xahiş edəm. Bakıdakı dostlardan birinə zəng vurdum, partiyanın telefon nömrəsini tapdı. Zəngimə ciddi səsli bir xanım cavab verib o məsələnin Sabir bəyin səlahiyyətində olduğunu bildirdi. O da təzə çıxıbmış, o gün daha qərargaha qayıtmayacaqmış. Prezidentliyə namizədliyi qeydə alınmış məşhur partiya sədrinin mobil nömrəsini təsadüfü bir adama verməzdilər ki. Bunu xahiş etməyin özü dənsizlik olardı. Daim hadisələrin içində olan biri olaraq kənarda qalmağın ağırlığı çökdü çiynimə.

Çarəsizcə telefonu sığallayarkən qəfildən həmin nömrəyə zəng getdi. Bayaqkı ciddi səsli xanımın səsini eşidib özümü itirdim. Düyməni basmaq yaxşı çıxmaz deyə bundan betərini edib sədrin mobil telefonunu soruşdum. Gözlədiyimin tam eyni olaraq xanım bunun mümkün olmadığını söyləyib dəstəyi qoydu. Pərt halda özümü söyməyə başlamışdım ki, telefona zəng gəldi və... Həmin xanım ötkəm səslə mənə kağız-qələm götürməyə imkan verib ani fasilədən sonra sədrinin telefon nömrəsini dedi.

Bu anlayışlı xanımın VHP-nin "dəmir ledisi” Almaz Qəhrəmanlı olduğunu sonra öyrənəcəkdim. O anlarda isə daha həyəcanlı bir zəngim vardı. Özümü şagird kimi toplayıb cavab gələn kimi allah bilir hansı kəlmələrlə Sabir Rüstəmxanlıya Qəbələdə adımın iqtidar tərəfdə o qədər də yaxşı hallanmadığını söyləyib dairə barədəki xahişimi çatdırdım. Birnəfəsə əzbərimdən bitən kimi Sabir bəy "narahat olma, bacım, öyrənib indi özüm sənə zəng vuracam”, dedi. Quruyub qalmışdım. O boyda adam mənə niyə qayıdıb zəng vursun ki? Bir-iki dəqiqə keçə-keçməyə məni yığıb dedi ki, artıq MSK-da dairələrin formalaşması başa çatır, tələsnək lazımdır. Təcili əsas göstəricilərimi faksla partiyaya göndərməyi tapşırdı. Qaçaqaçla işin axırında rəfiqəmin mühasib olduğu idarənin faksı ilə sənədləri göndərdik. Nəticəyə o qədər ümidli deyildim. Bədbin-bədbin anama əhvalatı danışanda telefon növbəti dəfə səsləndi. Sabir bəy dairənin üzvü olmağım münasibətilə məni təbrik edib, anama çoxlu salam göndərdi. O arada Nazlı olaraq macal tapıb anamla yaşadığımı çatdıra bilmişdim. Həyəcandan ala gözləri dolan anam yavaşdan dillənib: "şair ürəyidi a bala, bəs nə bilmişdin”, dedi. Ardınca ənənəvi qərarını verib məni Sabir Rüstəmxanlını bacısı "elan etdi”.

O bacı-bu bacı, indiyə qədər o məşhur adamın qardaşlığını hər addımda duyub hiss etdim. Xəstə oldum, əli üstümdə oldu, yasımız düşdü, sükana oturub tozlu-kəsəkli yollarla dünyanın o qırağındakı ucqar kəndimizə özünü çatdırdı. Qəfil itirdiyim qardaş acımı təsəlli etdi, dərdimi-qayğımı mümkün olduğu qədər yüngülləşdirməyə çalışdı.

Təsadüf elə gətirdi ki, həyatdan erkən gedən bacısı Azadə ilə dostlaşdıq, isnişdik bir-birimizə. O zaman ki, gözəl ürəkli, gül üzlü Azadə artıq xərçəngə əsir düşsə də, təslim olmurdu. Onu tanıdığım bir ilə yaxın müddətdə ailəsinə, övladlarına olan tükənməz sevgisinə köklənib xəstəliklə vuruşdu. Heyhat, gün gəldi, bir qış səhərində mən Sabir Rüstəmxanlıya başsağlığı verməyə getdim.

Sabir Rüstəmxanlı ilə aramızdakı kövrək bağlar bizi doğmalaşdırdı. Onunla bağlı çox şey danışa bilərəm. Amma yaxın adamlar hisslərini cümlələrlə ifadə etməyə ehtiyac görməzlər. Yazı seçkiyə düşdüyünə görə sadəcə bir məsələni xatrladım ki, Sabir Rüstəmxanlı nə zaman hardan seçildisə səsini millətin ayağına gedərək qazanıb.

P.S. Son cümləni reklam üçün deyil, müqayisə üçün yazdım. Ən azından internet əsridir, hamı hər şeyi izləyə bilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər