Sənin ermənidən fərqin nədir?

362
Seymur VERDİZADƏ

Beş-altı il əvvəlin söhbətidir. Hakim heç bir günahı olmayan vətəndaş barəsində həbs qərarı çıxaranda, məhkəmə zalında ara qarışır. Məhkumun qohumları hakimi küçə söyüşləri ilə təhqir edir, onun ünvanına olmazın nifrinlər yağdırırlar. Mənəvi basqıya tab gətirməyən hakim çətin vəziyyətə düşür, qəfildən halı pisləşir. Bu vaxt köməkçisi ona bir stəkan su uzadır. Hakimin reaksiyası belə olur: "A bala, o tərəfə elə. Orucam, məni günaha batırma”.

Rayonda yaşayan tələbə yoldaşım üç-dörd gün əvvəl mənə zəng etmişdi. Səsinin tonundan narazı adam təsiri bağışlayırdı. Hələ tələbəlik illərindən Adilin vasvası adam olduğunu bildiyim üçün söhbəti çox uzatmadım: "Sən Allah, mus-mus eləmə, sözünü açıq de”.

Qayıtdı ki, sonuncu köşə yazını bəyənmədim. Gərək, Azərbaycan qadınının eyibini açıq yazmayaydın…

Səbəbini soruşdum. Cavabı belə oldu: "Bizi ermənilər də izləyir. Həmin yazıdan sonra düşmənlərimiz bizim haqqımızda pis şeylər fikirləşəcəklər”.

Dəyərli oxucularımı intizarda qoymaq istəmirəm. Söhbət ötən həftə BAKU.WS saytı üçün yazdığım "Fahişənin əxlaq dərsi” adlı məqalədən gedir. Adil və onun kimi düşünən bir neçə tanışım hesab edir ki, mən həyat yoldaşına öz evində xəyanət etdiyi üçün əri tərəfindən tərk edilmiş qadın haqda yazmaqla səhvə yol vermişəm. Sən demə, bu cür naqis hərəkətləri açıb-ağartmaq olmazmış. Çünki bizim yazdıqlarımızı ermənilər də oxuyurmuş…

Özünü qadın hüquqlarının qızğın müdafiəçisi kimi təqdim edən Adil fermerdir. Onun təsərrüfatında 30-a yaxın qadın çalışır. Bu adamlar əsasən əkin-biçinlə məşğul olur, tələbə dostumun var-dövlətinin, sərvətinin artması üçün gecə-gündüz çalışırlar. Biz sonuncu dəfə ötən il may ayının 27-də görüşmüşdük. Havanın temperaturu müsbət 31 dərəcəni göstərsə də, Adilə məxsus olan çiyələk sahəsində qızğın iş gedirdi. Məni TV-dən tanıyan həmin qadınlarla aramızda maraqlı dialoq baş tutdu. Söhbət əsnasında öyrəndim ki, sabah 9-dan axşam 6-ya kimi tarlada çiyələk dərən bu qadınlar gündə 7 manat əməkhaqqı alırlar. Bu fakt mənə o qədər pis təsir etdi ki, Adilin pay qoyduğu iki vedrə çiyələyi onların arasında bölüşdürüb, Bakıya qayıtdım…

Bəli, ermənilər bizi izləyir. Hamı kimi mən də yaxşı başa düşürəm ki, düşmənin hər iki gözü üstümüzdədir. Buna görə də elə yaşamalı, elə işləməliyik ki, ermənilər bizə gülməsin. Nöqsanları ört-basdır etmək çıxış yolu deyil. Necə olur ki, hakim beş il əvvəl dünyadan köçmüş adamın "ifadəsi” əsasında günahsız vətəndaşı məhbəsə göndərə bilir, amma mən bunu yazanda düşmən dəyirmanına su tökmüş oluram? Bəlkə pasiyentin xəstə ayağının əvəzinə sağlam ayağını kəsən həkimə "özün üstə qaşın var” deməyək? Yoxsa, Hacı tituluna sahib olandan sonra xeyir-şər məclislərində başda oturan dəyyus iş adamının öz aptekində psixotrop maddələr satmasına göz yumaq?

Ermənilərdən ayıbdır, bəlkə Bakının Xətai rayonunda bir gecədə 35 ağacı kəsdirən vicdansız məmurun yaxasından medal asaq? Sizi deyə bilmərəm, şəxsən mən öz hərəkətləri ilə ermənilərdən geri qalmayan bu adamlara dözmək niyyətində deyiləm. Mənim üçün qaçqının, köçkünün, kasıbın, yetimin, imkansızın haqqını yeyən harın azərbaycanlı ilə Qarabağın meşələrində bitən moruğu, çiyələyi yeyən işğalçı erməninin heç bir fərqi yoxdur…

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər