Ru
11:30 / 16 Aprel 2019

Sərdar Cəlaoğlu haradan maliyyələşdiyini açıqladı: “Pul lazım olanda..." - MÜSAHİBƏ

4005
 

"Məktəblərdə baş verənləri eşidəndə tüklərim biz-biz olur”


 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun BakuPost-a müsahibəsi:


- Sərdar bəy, gəlin başlayaq doğulub boya-başa çatdığınız yerdən – Naxçıvandan. Naxçıvan bu gün sizə nə deyir?

- Vaxtilə Naxçıvana arayışla gedib-gələrdik. Orda Azərbaycan mədəniyyəti, adət-ənənələri konservə olunmur. Başqa regionlarda bir növ mədəniyyətlər ümumiləşib, amma Naxçıvanda az qala hər bir kəndin öz adətləri var. Sərhədlər açılanda biz baxdıq ki, Cənubi Azərbaycanda yaşayanların da evlərinin quruluşuna qədər hər bir adəti bizimlə eynidir. Digər tərəfdən, Naxçıvan tarixi-mədəniyyət mərkəzi sayıla bilər. Bütün bunlar Naxçıvan camaatının ruhi tərbiyəsində böyük rol oynayıb. Həmçinin, o vaxt Naxçıvan həddindən artıq kasıb region idi, təbiəti heç nə verməmişdi. Orada camaat həm zəhmətkeş, həm də elmə, mədəniyyətə meylli idi. Bizdə savadsız qadınlar var idi ki, bugünkü universitet müəllimlərimiz, gənclərimiz onlar qədər ictimai-siyasi hadisələrlə maraqlanmırlar. Bir dəfə xalalarım və Vaqif adında bir dostum bizə qonaq gəlmişdi. Qadınlar yerdə bardaş qurub anamla söhbət eləyirdilər. Biz də atamgillə kənarda oturub söhbət edirdik. Həmin gündən bir neçə ay sonra Vaqif mənə dedi ki, sizin həyətdə oturub söhbət edəndə qulağım arvadların yanındaydı. Arvadlar deyirdilər ki, Cimmi Karterin qıçında tromp var, o, prezidentlikdən çıxsa, dünyada nə baş verəcək? Bir də Naxçıvanda böyük-kiçik yeri var idi, ağsaqqala hörmət edilirdi. 

Naxçıvan Muxtar Respublikası bir üzükdürsə, Ordubad onun qaşıdır. Ordubaddan bir nəfər adam 1-ci Şah Abbasın vəziri olub. Şah Abbas öz vəzirinin xətrinə ordubadlıları 60 il vergidən azad edib. Ordubadın mərkəzində bir məscid var, onun palçığını yumurtanın sarısı ilə tutublar. 


- Uşaqlığınızı necə xatırlayırsınız?

- Mən internatda oxumuşam. Altı yaşımdan ailəmdən ayrı yaşamışam. Öz ailəmə qonaq kimi gedib-gəlmişəm. Evdəkilər də mənə qonaq kimi baxıblar. Babək rayonunda doğulmağıma baxmayaraq, özümü ordubadlı hesab etmişəm. Çünki uşaqlığım orda keçib. Ailədən ayrı olsam da, böyük bir kollektivin içinə düşmüşəm. Bəlkə də mənim siyasətə gəlməyimin əsas səbəbi ictimai mühitdə böyüməyim, kollektiv həyat tərzi yaşamağımla bağlı oldu. Əbülfəz Elçibəyin tələbə yoldaşı bizə dərs deyirdi. Millətçiliyi bizə aşılayırdı. Şəhriyarın şeirlərini əzbərləmişdik. Cənubi Azərbaycan haqqında geniş bilgilərə sahiblənmişdik. Aktiv idik. Yadımdadır, Xruşşovu vəzifədən çıxartmışdılar, müəllimimiz gəldi dedi, kitablarınızın birinci səhifəsindən Xruşşovun şəklini qatlayın, görünməsin. Mən də dedim, bunu niyə kitaba salırsınız, gündə biri dəyişir, biz də qalırıq vərəq qatlaya-qatlaya. Buna görə müəllimlər atama şikayət etmişdilər. Biz dördüncü sinifdə oxuyanda guya, millətin dərdini çəkirdik. 

 


- Sonra Bakıya köçdünüz... 

- Mən həkim olmaq istəyirdim. Bakıda ilk dəfə Kimya-biologiya təmayüllü məktəb açdılar. Mən orda oxumaq üçün Bakıya gəldim. İlk məzunlarından biri də mən olmuşam. 

 

- Sərdar bəy, məktəbdə sizi döyüblər?

- İnternat hərbi hissə kimidir. Dərsimizə, yeməyimizə diqqət olub, oynayanda, yatanda da üzərimizdə nəzarət var idi. 360 uşaq idik, hamımız nəzarətdə olmuşuq. Hətta hamama gedəndə də müəllim bizimlə gedərdi, bizi yuyundurardı. Yəni bu qədər nəzarətdə olmuşuq. 


- Nəzarət deyirsiz, bu yaxında Bakının 162 nömrəli məktəbində 14 yaşlı Elina intihar elədi. 

- Azərbaycanda həddən artıq deqradasiya (simasını itirmək) gedir. 6 nömrəli Bədən Tərbiyəsi İnternat məktəbi var idi, oradan bir fakt eşitdim, tüklərim biz-biz oldu. Uşaqlar sahibsiz qalıb, qarovulçu axmaq hərəkətlər edib. Düzdür, ona cinayət işi açıldı, amma fərqi yoxdur. Başqa bir fakt da çıxdı, oğlan gedib tualetdə qız uşağı ilə nəsə elədi, şəklini çəkdi. O da böyük skandal yaratdı. Amerika Dövlət Departamentinin hesabatına görə, Azərbaycan məktəblərində uşaqların 15-20 faizi narkomaniya ilə məşğuldur. Və ya Milli Məclis orta məktəb uşaqlarının abort edilməsi ilə bağlı qərar qəbul elədi. Bu o deməkdir ki, cinsi münasibətlər məktəb səviyyəsindən başlayır. O vaxt biz uşaq olanda qorxumuzdan dönüb qızlara baxa bilməzdik. Amma indi porno-film izləyən uşaqlara rast gəlirik. Yəni nəzarətsizlik ümumilikdə bütün təhsil sisteminin pozulmasına gətirib çıxarır. Digər tərəfdən, bizim vaxtımızda tərbiyə ilə təhsil eyni yerdə idi. İndi uşağı buraxırıq ki, get nə edirsən et, ancaq beş al. Bu gün valideynlər pulla müəllim tutub uşağını oxutdurur. Əgər orta məktəbdə müəllimlər təhsil vermirsə, deməli, tərbiyə də vermir. Biz öz uşağımıza müəllim tutub təhsil veririksə, bir müəllim də tutub tərbiyə verməliyik. Əvvəllər üç tərbiyə metodu var idi: ailə, məktəb, məscid. İndi onların arasına internet də əlavə olunub. 

Məlumdur ki, ailədə tərbiyəçi valideyndir, məktəbdə müəllim, məsciddə molla. Sosial şəbəkələrdə isə tərbiyə verən məlum deyil. Virtual şəbəkədə anonim tərbiyə insanları hansı ruhda istəyirsə, o ruhda da tərbiyə edir. Yəni sosial şəbəkə istənilən ölkəni, şəhəri istədiyi istiqamətə yönəldə bilir.


- Sərdar bəy, tələbəliyiniz necə keçib?

- Mənim anamın atası ara həkimi olub. Yəni universitet bitirməmişdi, amma insanları müxtəlif yollarla sağaldırdı. Anam həmişə deyərdi ki, baban filankəsi belə sağaltdı, filan etdi, bəhmən etdi. Uşaq idim və bu söhbətlər mənə çox maraqlı gəlirdi. O vaxt demişdim ki, həkim olacam. Məktəbdə də nə vaxt inşa yazırdıqsa, qeyd edirdim ki, həkim olacam. Heç vaxt da başqa sənət sahibi olmaq istəməmişəm.

 



 

- 1977-88-ci illər tərcümeyi-halınızda yoxdur. O illər nə ilə məşğul olmusunuz?

- İndiki Ağ şəhər ərazisində uçuq-muçuq damlar var idi, oradakı xəstələrə baxırdım. Sonra Naxçıvana getdim. Orada 1991-ci ilə qədər Məhkəmə Tibbi Ekspertizada işlədim.


- Sonra Naxçıvan Xalq Cəbhəsini yaratdınız. 

- Naxçıvanda işləyəndə bir neçə adamla tanış olduq. Qapalı qrup yaratdıq. Gizlin fəaliyyət göstərirdik. 1985-ci ildə gördük ki, SSRİ dağılmağa doğru gedir, biz də fəaliyyətimizi sürətləndirdik. Kəndlərdə dayaq nöqtələri yaratdıq. Gəncləri başımıza yığıb məscidlər tikdik, qəbiristanlıqları səliqəyə saldıq. Biz hər kəndə öz adamımızı yerləşdirmişdik. Elə ki, ermənilər fəaliyyətə başladılar, biz kəndlərdəki gənclərə siyasi bilgilər verməyə başladıq, onları yetişdirdik. Sonra mən Moskvaya kursa getdim. Bir dəfə parkda oturmuşdum. Gördüm bir adam əlində qəzetlər gəzdirir. Soruşdum ki, bu nədir? Dedi, biz SSRİ-ni dağıdacayıq, bu da bizim nəşrlərimizdir. O qəzetlərdən götürüb Naxçıvana da gətirdim. Baxdım ki, mənim kimi düşünən çox adam var. Hələ Azərbaycanda Xalq Cəbhəsi olmayanda biz Naxçıvan Xalq Cəbhəsini yaratdıq. Sonradan Azərbaycan Xalq Cəbhəsinin tərkibinə qatıldıq. 


- Bəs, Azərbaycan Demokrat Partiyasını necə yaratdınız?

- Elə Xalq Cəbhəsindən sonra Demokrat Partiyasını yaratdıq. Artıq sayımız çoxalmışdı, Xalq Cəbhəsinə sığmırdıq. 


- Sərdar bəy, iki dəfə prezident seçkilərində iştirak etmisiniz, amma çox az toplamısınız. 

- Mən seçkilərdə iştirak etməyə elə də maraqlı olmamışam. Bilirik ki, çox şeylər mümkün deyil. Amma seçkilərin verdiyi imkanlardan istifadə edib xalqa nəsə demək olar.

Seçkilərdə iştirakın iki prinsipi var. Biri nəyin bahasına olur-olsun, iştirak etməli və udmalısan. Biri də var, seçkidə iştirak etmək xətrinə iştirak etmək. Demokratik prosedurun mövcudluğunu saxlamaq naminə iştirak edirsən. Bizim qanunlarımıza görə, seçkidə müxalifətdən namizəd yoxdursa, seçki ola bilməz. Onsuz da yalançı alternativlər var. Bir də ki, nəyə görə biz televiziyadan istifadə etməyək? Bizi adi vaxtlar qoymurlar televiziyaya çıxaq. Ona görə də imkanlardan istifadə elədik. Xüsusən də son seçkilərdə həddən artıq böyük nailiyyətlər əldə elədik. Bu gün hökumətin həyata keçirdiyi islahatların hamısını mən prezident seçkilərində demişəm. Kasıb evlər layihəsini, uşaqpulu məsələsini, şəhid ailələri ilə bağlı məsələləri və başqa bir çox ideyaları mən vermişdim. 

 

- Üç dəfə həbsdə olmusunuz...

- Bəli, bir dəfə uzunmüddətli, iki dəfə qısamüddətli həbsdə olmuşam. Bir dəfə həyatıma qəsd eləyiblər. Beynimə qan sızıb. 

 


- Üç oğlunuz, bir qızınız var. Övladlarınız sizinlə yaşayır?

- Uşaqlarımın üçü xaricdə yaşayır. Bir oğlum Norveç, bir oğlum və qızım İngiltərə vətəndaşıdır. Yanımda bir oğlum var.


- Xaricdə yaşayanlar evlidirlər?

- Hə, onlar çoxdan evləniblər. O vaxt Avropa Şurasının Azərbaycan üzrə nümayəndəsi mənə bildirdi ki, uşaqlarınızı aparaq xaricə, mən də etiraz eləmədim. Sonra qızım ailə həyatı qurdu və yoldaşı ilə birlikdə çıxıb getdilər. Onlar (əlini divardakı şəkillərə uzadaraq) mənim nəvələrimdir. 


- Yanınızdakı oğlunuz evlidir?

- Hə, üç uşağı da var. İki uşaq Nörveçdəki oğlumun, iki uşaq İngiltərədəki oğlumun, ikisi də qızımın var. 

Elə bir oğlum hazırda burdadır. Ailəsi ilə birlikdə İngiltərədən gəlib.


- Sərdar bəy, sirri deyilsə, partiyanızın maliyyəsi haradan gəlir?

- Biz əvvəlki kimi fəaliyyət göstərmirik. Binanın bütün xərclərini "Hüriyyət” qəzeti öz üzərinə götürüb. Hazırda elə də xərc tələb edən iş görmürük. Müavinlərimin ailələri işləyir, özləri pensiya alır. Hərdən pul lazım olanda oğlanlarımdan alıram. 

 

- Bəs, necə dolanırsız?

- Nəvələrimi çıxsaq ailədə dörd nəfərik. Yoldaşım müəllim işləyir, min manata yaxın maaş alır. Oğlum işləyir. Özüm də pensiya alıram. 


- Obyektiniz, ya da başqa gəlir gətirən yeriniz yoxdur?

- Yox, heç bir obyektim yoxdur. Hazırda Bilgəhdə oğluma ev tikdirirəm. Tez-tez gedib balkonunda dayanıram. Soruşurlar ki, niyə orda dayanmısan? Deyirəm, burda ona görə dayanıram ki, bilsinlər, bura mənim oğlumun evidir. Sonra deməsinlər ki, filankəs gizli ev tikdirir. 


- Məsələn, Bilgəhdəki o bağı hansı maliyyə ilə tikdirirsiniz?

- Oğlum pul göndərir. Üçcə sot torpaqda tikilir, uzağı əlli min manata başa gələcək. 

 


Elşad Barat

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər