Silahlı Qüvvələrə Yardım Fonduna ən çox ianə edən şəxs - FOTO


Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna ən çox ianə edən şəxs bəlli oldu.

İş adamı Anar Əlizadə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 2 milyon manat ianə edib.

Son bir neçə gündə Qarabağda aktiv döyüşlər başlayandan bir çox tanınmış sahibkarlar, məmurlar, incəsənət xadimləri, diaspor nümayəndələri və digər şəxslər Azərbaycan Ordusuna dəstək olaraq yuxarıda adıçəkilən Fonda vəsait köçürürlər.

Anar Əlizadə kimdir?

Anar Əlizadə - azərbaycanlı iş adamı, Union Grand Energy Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, “Baku Business Factory”nin təsisçisi, Socar Trading-nin təsisçisi (digər təsisçilər: SOCAR, Valeri Qolovuşkin) və keçmiş prezidentidir. Hazırda Anar Əlizadə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan, BƏƏ, Türkiyə və Sinqapurda neft, tikinti, ticarət və sənaye sahələrində uğurlu fəaliyyət göstərən bir sıra şirkətləri idarə edir.

A. Əlizadə 1978-ci il sentyabrın 21-də Naxçıvan şəhərində ziyalı ailədə anadan olub. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili alıb, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadi İdarəetmə ixtisası üzrə magistr diplomu alıb. Hələ çox gənc yaşlarında iş həyatına atılan Anar 90-cı illərin sonlarında Türkiyədən müxtəlif məhsulların gətirilib Naxçıvanda satılması ilə məşğul olmağa başlayıb. Bundan əlavə, o, avtomobil idxalı və ailəsinin malik olduğu sərnişin daşımaları bizneslərində də fəal iştirak edib.

A.Əlizadə 2000-ci illərin əvvəllərində Bakıya gələrək biznesini burada davam etdirir. O, burada Türkiyə ilə Naxçıvan arasında apardığı ticarət nəticəsində əldə etdiyi özünün və ailəsinin topladığı ilkin kapitalı Bakının daşınmaz əmlak bazarına yatırır. Bir neçə il sonra daşınmaz əmlakın kəskin bahalaşması ona böyük qazanc gətirir.

2000-ci illərin ortalarında Anar Əlizadə BƏƏ ilə ticarət əlaqələri qurmağa başlayır. Bu sahədə o, BƏƏ-də ilk Azərbaycan investisiyalı şirkətlərdən birini quraraq kompüter və elektronik avadanlıqların istehsalı və satışı ilə məşğul olmağa başlayır.

BƏƏ-dəki iş fəaliyyətinə başladıqdan sonra Anar Əlizadə neft sektorunda da işlər görməyə başlayır. Bu vəsilə ilə o,”Grand MMC” adlı şirkəti təsis edərək neft avadanlıqlarının ticarətinə və yerli neft şirkətlərinə texniki xidmətlərin göstərilməsi işlərinə atılır. Bu sahədəki fəaliyyətləri Anar Əlizadəni ARDNŞ-nin tərəfdaşına çevirilməsinə gətirib çıxarır. Bu tərəfdaşlıq daha sonra Azərbaycan neftinin (Azeri Light) dünyada bazarında satışını həyata keçirən yerli şirkətin – SOCAR Trading SA-nın yaradılması ilə nəticələnir. SOCAR Trading SA-nın 25% səhmlərinə sahib olan Anar Əlizadə, eyni zamanda, 6 il müddətində şirkətin Baş İcraçı Direktoru və Direktorlar Şurasının Sədri vəzifələrini yürütmüşdür. O, 2012-ci ildə SOCAR Trading SA şirkətindəki səhmlərinin hamısını ARDNŞ-ə satmışdır.

Bir müddət sonra Anar Əlizadə bütün mövcud şirkətlərini 2007-ci ildə Sinqapurda təsis etdiyi Union Grand Energy Şirkətlər Qrupu altına topladı və onu Azərbaycanda bəyan edib burada nümayyəndələyini açdı./Banker.az