Ru
11:47 / 03 İyul 2019

Şimşəyin vurmadığı, yağışın islatmadığı səfər - Qədim Kişdən REPORTAJ

6526

"Bir az uzaqlaşmaq yaxşı təsir göstərəcək!" – bu fikrin doğruluğu araşdırmalarla sübut olunub. Araşdırmalara görə, ildə bir-neçə dəfə səyahət edən insanlar digərlərinə nisbətən depressiya və stress kimi neqativ psixoloji vəziyyətlərdən daha uzaq olur. Odur ki, səyahət etmək üçün ən doğru zamanı, ən münasib maddi durumu, ən uyğun fəsli gözləməyə ehtiyac yoxdur. Ən doğru zaman harasa getmək ehtiyacı hiss etdiyimiz andır. Bunun üçün mütləq ölkə xaricinə getməyə, mütləq pulqabımızda çoxlu əskinasa ehtiyac yoxdur. Sadəcə bir günlük tura qoşulmaqla elə öz bölgələrimizi kəşf etməkdən başlaya bilərik. 

...Mən belə etdim.

 Şəhərin səs küyündən harasa getmək ehtiyacı yarandığı məqamda qarşıma çıxan ilk turdaca lap çoxdan getmək istədiyim yeri seçdim – Qədim Şəkinin çox qədim Kiş kəndini. Qazancım - çox az vəsait qarşılığında çox böyük təəssüratlar.


***


Təxminən 3 min il yaşı olan, özünəməxsus koloriti ilə seçilən Şəki hər küçəsində, hər qarışında tarix yatan qədim şəhərdir. Təkcə elə şəhərin özünü gəzmək üçün bir neçə gün vaxt lazımdır. Şəkinin qədim kəndləri isə ayrı bir tarix, ayrı bir gözəllikdir. 

Kiş - dörd tərəfdən dağla əhatə olunan, əsrarəngiz təbiət gözəllikləri ilə diqqəti cəlb edən qədim yaşayış məskənidir. Şəkinin üçüncü böyük kəndidir. Təxminən 7200 əhalisi var. Kənddə çoxlu sayda qədim tikili var. Onlardan ən məşhuru Kiş Alban Məbədidir. 


KİŞ ALBAN MƏBƏDİ – ERMƏN SAXTAKARLIĞININ BAŞ TUTMADIĞI TARİXİ ABİDƏ

 

>  ="" Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik edir, sonra isə "Giş" adlı kəndə gedərək, orada kilsə tikir. İki mindən yuxarı yaşı olan bu tarixi abidə bütün Cənubi Qafqaz ərazisində tikilən ilk xristianlıq məbədidir. 

Məbədin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bu xüsusiyyətinə görə məbəd həm də müqəddəs yerlərdən hesab olunur. Məbədin içərisindəki dərinliyi 5, eni 3 metr olan katakomba tipli sərdabədə qədim albanların dəfn olunduğu bildirilir - təxminən 20-25 nəfər. Onların boylarının hündürlüyü 2-2,20 sm-dir. Ən qısa boylu insan isə  2 metr olub.

 

 


2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə "Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb. 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf-alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Kiş alban məbədi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. 


Vaxtilə məbədin üzərində onun müqəddəs Apostol Yelisey Kilsəsi olduğunu və 1244-cü ildə yenidən qurulduğunu bildirən kitabə olub. XIX əsrin 30-cu illərində Alban kilsəsi ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub. Bundan istifadə edən ermənilər 1864-cü və 1930-cu illərdə məbədi öz adlarına çıxmaq üçün fəaliyyətə keçərək "təmir" işləri aparıblar. Məbədə saxta əlavələr edilib. Ancaq məbədin bərpası zamanı bu tarixi saxtakarlıq aradan qaldırılıb. 


"GƏLƏRSƏN, GÖRƏRSƏN” – NADİR ŞAHIN FƏTH EDƏ BİLMƏDİYİ QALA...


Kiş kəndində mütləq görməli olduğunuz yerlərdən biri "Gələrsən, görərsən” qalasıdır. Bu, xüsusilə ekstrim həvəskarları üçün əla seçimdir. Sıx meşəliklə əhatə olunmuş dağın zirvəsinə doğru yürüş – yekunda "alınmazlıq" və "məğlubedilməzlik" simvolu sayılan qalanı fəth etməyin sevinci və yüksəklikdən Kiş kəndinə açılan möhtəşəm mənzərə...
 


 Bəs niyə "Gələrsən-Görərsən"?

Qala Kiş çayının qollarından olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Tarixi mənbələr göstərir ki, qalanın belə bir yerdə salınması müdafiə məqsədi daşıyıb. Sıldırım olduğuna görə qalaya öndən, arxadan və çay tərəfdən hücum etmək mümkün olmayıb. Qalanın "Gələrsən, görərsən” adlandırılması ilə bağlı müxtəlif versiyalar var. Onlardan biri Nadir Şahın adı ilə bağlıdır. Məlumata görə, 1743-cü ildə Nadir şah böyük qoşunla Şəkiyə yürüş edir. Şəki vilayətinin hakimi Hacı Çələbi xan bu hücuma qalaya sığınaraq müqavimət göstərir.

 

Nadir şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb edir, bəyan edir ki, əks təqdirdə qaladakıların hamısını qılıncdan keçirəcək. Qalanın igid müdafiəçiləri isə ona açıq cavab verərək, "Gələrsən, görərsən" - deyirlər. Digər rəvayətə görə, Nadir şahla Hacı Çələbi xanın üzbəüz qoşunları uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və şəkililərdən soruşur: "O necə qaladır ki, onu almaq olmur?" Ona belə cavab verirlər: "Gələrsən-Görərsən". Nadir şahın qoşunları hücuma keçsə də, qalanın müdafiəçilərinə qarşı döyüşlərdə müvəffəqiyyət qazana bilmir və geri çəkilməyə məcbur olur. Elə o vaxtdan da qalanın adı "Gələrsən, görərsən” qalır. 

 


 

"Gələrsən-Görərsən" qalası sındırılmış çay daşlarından inşa edilib. Divarlarının qalınlığı bəzi yerlərdə 2,7 metrə çatan qala təxminən 7 metrlik hündür bürclərlə əhatə olunub. Ancaq təəssüf ki, bu gün qaladan yalnız müəyyən hissələr qalıb. Qalanın müxtəlif hissələri dağılmış vəziyyətdə, bir-birinə yaxın ərazilərdə yerləşir. Burada ciddi təmir, bərpa işlərinə ehtiyac var. 


Bu, Kiş kəndinə bir günlük tur zamanı ziyarət etməyə zamanımız çatan tarixi yerlərdir. Kənddə isə kəşf ediləsi çox tarixi abidə var. Kənd özü başdan-ayağa tarixdir. 


Təbii ki, səfərdən həm də dadlı təəssüratlarla ayrıldıq. Şəkiyə gəlib Şəki Pitisi yemədən qayıtmaq olmazdı. Bu dəfə Şəkidə yeni bir damaq dadı da kəşf elədim – "Nuxa paxlavası”. Və deyim ki, ənənəvi Şəki Paxlavasından daha çox sevdim Nuxa paxlavasını. Şəkiyə yolunuz düşəndə mütləq dadın. Yolüstü samovar çayı içməyi də unutmayın. 

Kiş səfərində yağış, şimşək, göy gurultusu müşayiət etdi bizi. Amma heç nə səfərdən aldığım müsbət təəssüratı, zəngin emosiyaları korlamadı. Əksinə, bir daha əmin oldum ki, insanı səyahət kimi heç nə zənginləşdirmir!


 

Günay Yelmarqızı 

BakuPost üçün 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər