Ru
14:31 / 27 Noyabr 2021

Soçi görüşü bizə nə verdi? - Sülh, yoxsa... - ŞƏRHLƏR

8515

Xəbər verdiyimiz kimi, dünən Soçidə liderlərin üçtərəfli görüşü baş tutdu.


Görüşdə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin Bəyanat imzalayıblar.



Bakupost.az Soçi görüşü ilə bağlı ekspertlərin fikirlərini öyrənib:


Politoloq Teymur Qasımlı bildirib ki, bu bəyanat 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır:



"Üçtərəfli görüş öncəsi verdiyimiz təhlillər düz çıxıb. Putin qeyd etdi ki, “istərdik tərəflər Brüsselə gedənə qədər bütün problemləri həll etsinlər". Üçtərəfli görüşdən əvvəl Şarl Mişel ilə Putin arasında danışığın gərgin olması bir daha təsdiqlədi ki, Soçi görüşü Brüssel görüşünə qarşı olub.

Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra bildirib ki, "bu görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizlik şəraiti yaradacaq". Eyni zamanda bəyanatda bildirilib ki, nəqliyyat dəhlizinin açılması sərhədlərin delimitasiya və demarkasiyası ilə paralel şəkildə gedəcək. Buna görə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulub. Həmçinin Rusiya sərhədlərin müəyyənləşməsində iştirak edə bilər. Məhz buna görə, bəyanatda Rusiyanın bu məsələdə tərəflərin xahişi ilə onlara yardım göstərməsi bəndi yer alıb”.



T. Qasımlı əlavə edib ki, Soçi görüşü öncəki Kreml və Moskva görüşləri kimi olmayacaqsa, bunu bizim üçün uğurlu hesab etmək olar:

“Bundan sonrakı siyasi prosesləri izləmək və atılacaq addımları görmək lazımdır. Çünki öncəki iki görüşdə də bunlar söz verilmişdi. Amma yerinə yetirilmədi. Soçi görüşündə ölkə Prezidentinin dediyi fikirlərdən və mətbuata verilən bəyanatlardan gəlinən nəticə budur ki, müəyyən mənada uğurlar əldə olunub və Azərbaycan tərəfi Soçi görüşündən məmnun qalıb.

Bundan sonra Ermənistan və Rusiyanın görüşdə götürdükləri öhdəlikləri yerinə yetirilməsini arzu etməliyik”.


Politoloq Məhəmmməd Əsədullazadə isə deyib ki, Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar:



"Soçidə keçirilən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşündə nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və humanitar əlaqələrin inkişafı istiqamətində ümumi bəyanat qəbul olunub. Ermənistanın baş naziri sərhədlərin demarkasiya və delimitasiyayasına razılaşdırılıb. Eyni zamanda, Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycan arasında münasibətlər bəyanat kimi qəbul olunub və hələki konkret olaraq bir sənəd imzalanmayıb. Buna baxmayaraq, Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar. Soçi bəyanatı gözlədiyimiz kimi oldu. Çünki burada hər-hansı sülh müqaviləsi, ciddi bir sənədin imzalanması gözlənilmirdi. Sadəcə, dekabrın 15-də Avropa İttifaqının Prezidenti Şarl Mişelin sədrliyi ilə keçiriləcək görüşdən əvvəl Rusiyə önə keçib və belə bir bəyanatın razılaşması ilə nəticələnib”.

Politoloq vurğulayıb ki, Brüssel görüşündə də bəyanatlar veriləcək, amma ciddi bir sənədin imzalanması gözlənilmir:

"İkitərəfli münasibətlərin inkişafı, Rusiya və Avropa İttifaqının prosesə töhfəsi hesab edirəm ki, praktik olaraq həyata keçirilməlidir.

Xüsusilə, Soçi görüşündən sonra atılacaq addımları izləməliyik. Bu razılaşmaları irəliyə doğru addım kimi qiymətləndirmək olar".




F. Söhrabqızı
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər