12:17 / 07 Oktyabr 2021

Sosial şəbəkələr yenə çökə bilərmi? - Ekspertdən açıqlama

1518
Məlum olduğu kimi oktyabrın 4-də sosial şəbəkələrin işində problem yaşandı.

Yeddi saata qədər davam edən nasazlıq zamanı sosial şəbəkə istifadəçilərinin əksəriyyəti “Telegram”a üz tutub. 70 milyondan çox yeni istifadəçinin girişinə baxmayaraq, platformanın işində fasilə yaranmayıb.

Qeyd edək ki, sosial şəbəkələrin “donduğu” vaxtı Mark Zukerberq təxminən 7 milyard dollar itirib.

Bu hadisədən sonra isə istifadəçiləri bir sual maraqlandırır: sosial şəbəkələr yenidən çökə bilərmi? İşini bu platformada quran şirkətlər nə etməlidir?


Məsələ ilə bağlı Bakupost.az -a danışan sosial media mütəxəssisi Orxan Rzayev bildirib ki, hələ də dünyanın müxtəlif ölkələrində bu problem davam edir:



“Bu, qlobal səviyyəli bir hadisədir. Bizim edə biləcəyimiz bir şey yoxdur. Bu, sırf Zukerberq və komandasının görməli olduğu işdir. “Facebook” illik 80 milyarddan çox gəlir əldə edən şirkətdir. Toplam 3 milyarda yaxın aktiv istifadəçisi var. Təbii ki, istər rəqiblərinin mütəmadi hücumlarına, istərsə də digər texniki problemlərə qarşı maksimum güclə çalışırlar. Bizim görə bilmədiyimiz yüzlərlə müxtəlif xarakterli hücumlar olur. Oktyabrın 4-də baş verən sosial şəbəkələrin çökməsi hadisəsi ilk dəfə idi ki, 6 saat davam edib. Həmin vaxt Zukerberq post paylaşaraq, uzun illər ərzində ilk dəfə uzunmüddətli problemin yaşandığını bildirdi”.

Orxan Rzayev əlavə edib ki, belə bir vəziyyətdə istifadəçilər digər kommunikasiya vasitələrində hesab açıb, ünsiyyət qura və işini davam etdirə bilərlər:

“Burada sosial şəbəkələrdən istifadə edən şirkətlər və yaxud vətəndaşlar yalnız alternativ kommunikasiya kanallarından istifadə edə bilərlər. Sosial mediada da müxtəlif bir-birinə rəqib şirkətlər var. Yəni bunların hamısının eyni vaxtda çökməsi real görsənmir. Ona görə də, ünsiyyət olaraq təkcə “Whatsapp” “Facebook” “Instagram” yox, digər kommunikasiya vasitələrində hesab açıb, ünsiyyət qura və işini davam etdirə bilərlər”.



Ekspert “sosial şəbəkələr ləğv oluna bilərmi” sualına da aydınlıq gətirib:

“Xeyr, bu məntiqi proses deyil. Məsələn belə bir şayiələr yayılmışdı ki, “Facebook”da bütün datalar silinib. Nəzəri cəhətdən belə bir şey ola bilər. Tutaq ki, “Facebook”un forması yoxa çıxdı. Amma sosial şəbəkə məfhumunun yoxa çıxması mümkün deyil. Sosial şəbəkələr günümüzün reallığı, gündəlik həyatımızın bir hissəsidir. “Facebook” olmayacaq başqa bir sosial şəbəkələr olacaq amma bunların ləğv olunması real deyil”.


Orxan Rzayev feysbukda vətəndaşların məlumatlarının oğurlanıb, satılmasıyla bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Elan olunmuşdu ki, 1.5 milyard istifadəçinin şəxsi məlumatları guya, bazadan götürülüb və satışa çıxarılıb. Amma bu sübutunu tapmadı. Çünki bunu elan edən şəxslər və qurumlar real olaraq bunu ortaya çıxarda bilmədilər. Belə başa düşüldü ki, yayılan məlumat şayiədir. Bu cür hadisələr yaşana bilər. Bir neçə il öncəyə baxsaq, milyonlarla insanların e-mail məlumatları ötürülmüş və yaxud satışa çıxarılmışdı. Bu da dünyanın digər problemlərindən biridir. Həmişə olma ehtimalı var”.

Fəridə Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər