Ru
10:14 / 05 Yanvar 2021

Sosial şəbəkələrdə başlayan sevgi münasibətləri uzunömürlüdür? - Sorğu nəticələri

2571
Yaxın günlərdə Cenevrə Universiteti bir neçə sual əsasında maraqlı araşdırma edib. Araşdırma zamanı aşağıdakı suallardan istifadə edilib:

-Sosial şəbəkə vasitəsilə başlayan münasibətlərə necə yanaşırsınız?

-Sizcə, sosial şəbəkələrdə başlayan münasibətlər uzunömürlü ola bilərmi?

-Ətrafınızda bu yolla ailə həyatı quran tanıdığınız varmı?

Mövzu müasir dövrün modern tələbləri ilə üst-üstə düşməsə də, mənə maraqlı gəldi ki, əgər ölkəmizdə belə sorğu keçirilərsə, insanların cavabı necə olar?

Bu səbəbdən, sorğunu elə özüm keçirmək qərarı aldım. Yuxarıdakı üç sualla kiçik bir anket hazırladım və anonimlik qorunmaq şərtilə insanlara ünvanladım. Suallar müxtəlif yaş qrupunda olan şəxslər tərəfindən cavablandırılıb. Qeyd edim ki, anketdə toplam 379 nəfər iştirak edib.
Anketin ilk sualına müxtəlif məzmunlu cavablar gəldi, onların arasından diqqətimi çəkənlərdən sadəcə bir neçəsini sizinlə paylaşıram:

-Sosial şəbəkə vasitəsilə başlayan münasibətlərə necə yanaşırsınız?

- Çox yaxşı baxıram. İndiki dövrdə insanların iş və təhsilləri ilə bağlı vaxtları az olduğundan daha çox sosial şəbəkələrdə tanış olmalı və əlaqə qurmalı olurlar. Düşünürəm ki, münasibətin uzunmüddətli olmasına məkan faktoru heç cür təsir göstərmir. Bu, insanlardan və onların xasiyyətlərindən asılıdır.

-Yaşadığımız dövrdə bu hadisəyə çox da pis baxmıram. Bu şəkildə tanış olub, bir-birini sevib, evlənib xoşbəxt ailə quranları da tanıyıram. Yəni indiki dövrdə çox da pis baxmıram.

-Normal demək qəribədir, çünki anormal bir durum yoxdur. Bəzi hallarda diqqətsizlikdən dolayı mənfi nəticə ola bilər, amma ümumilikdə sosial şəbəkələrdə münasibət qurmaq daha rahatdır.

-Yaxşı. Önəmli olan münasibətin harada və necə başlaması deyil, necə davam etməsidir.

-Ciddi qəbul edə bilmirəm.

-Güvənə bilmərəm...

-Yoldaşımla 6 il əvvəl sosial şəbəkədə tanış olmuşuq. Bir il sonra evləndik, hazırda 2 uşağımız da var. Xoşbəxtik. Məncə, sosial şəbəkələrdə qurulan istənilən münasibət daha möhkəm olur.

-Bir münasibət qurulacaqsa, sosial həyatda da qurular, real həyatda da. Sosial şəbəkədə tanış olub qarşındakı insanın xasiyyətinə daha yaxşı bələd olursan.

-Məncə, sosial şəbəkələr də real həyatımızın bir hissəsi, hətta böyük bir hissəsidir. Lap da yaxşı tanımaq olur. Paylaşımlarından bilirsən ki, insanlar necə biridir. Sosialda daha yaxşı tanımaq olur, nəinki realda. Münasibətin uzunömürlülüyü isə nə reala baxır, nə də sosiala.

İnsanların ilk suala münasibətləri bir qədər müxtəlifdir, ancaq çoxluq sosial şəbəkələrdə başlayan münasibətin uzunmüddətliliyinə inandığını açıq şəkildə bildirir. Belə ki, sorğuda iştirak edənlərin 66,5%-i bu tip münasibətlərin uzunömürlülüyünə inandığını, 33,5%-i isə inanmadığını qeyd edib.



Ən çox maraq doğuran suallardan biri də insanların ətrafında sosial şəbəkədə tanış olub evlənən cütlüklərin olub-olmaması idi. Açığı, nəticələr arasında məni ən heyrətləndirən də bu oldu. Sorğuda iştirak etmiş insanların 42,2%-i ən az bir tanışının bu yolla ailə həyatı qurduğunu, onların 32,5%-i bu barədə məlumatsız olduqlarını, cəmi 25,3%-i isə ümumiyyətlə, belə tanışlarının olmadığını qeyd etdi.



Nəticələrə görə, təqribən, hər iki nəfərdən birinin sosial şəbəkədə tanış olaraq ailə həyatı quran bir tanıdığı var və hər üç nəfərdən ikisi bu tip münasibətlərin uzunömürlülüyünə inanır. Maraqlıdır ki, bu statistika nəticələri Cenevrə Universitetinin keçirdiyi sorğu nəticələri ilə də üst-üstə düşür.

Anketin son "Əgər münasibətiniz varsa, partnyorunuz ilə necə tanış olmusunuz?" sualına 26,6% şəxs öz partnyorları ilə real həyatda münasibət qurduqlarını, 14,2% şəxs isə sosial şəbəkə vasitəsilə münasibət qurduqlarını qeyd edib. 59,1% şəxs "münasibətim yoxdur" variantını seçib./525.az


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər