Sürüşmə sahəsindən köçürülən ailələrlə bağlı yeni qərar verildi - Evlər bu tarixdə söküləcək

1260

Nazirlər Kabineti Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan və müvəqqəti olaraq həmin ərazidən köçürülən 98 ailə ilə bağlı yeni qərar verib.

BakuPost-a daxil olan məlumata görə, sözügedən ailələrə verilən kirayə haqqının müddəti 2 ay artırılıb. 

Məıumat üçün bildirək ki, 29 dekabr 2018-ci il tarixdə BakuPost hökumətdəki mənbələrə istinadən baş nazir Novruz Məmmədovun 98 ailənin köçürülməsi ilə əlaqədar Maliyyə Nazirliyinə tələb olunacaq xərclərin həcmini, o cümlədən hansı mənbələrdən həmin maliyyə vəsaitinin ayrılacağını müəyyənləşdirmək üçün tapşırıq verdiyini, eyni zamanda bu proses müəyyən vaxt tələb etdiyindən Nazirlər Kabinetinin 98 ailəyə ayrılan müvəqqəti kirayə pullarının daha 2 ay verilməsi barədə qərar qəbul ediləcəyini yazmışdı. 

Hazırda baş nazirin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyi kompensasiya üçün tələb edilən vəsaitlərin müəyyənləşdirilməsi işləri ilə məşğuldur. Mart ayında 98 ailəyə kompensasiya verilərək ərazidəki evlərin sökülməsinə başlanılması nəzərdə tutulub.
 

Xatırladaq ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. 

Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 98 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq 2018-ci l fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Keçən ilin dekabrında  11 aylıq müddət başa çatıb və Nazirlər Kabineti həmin müddəti iki ay artırıb. Artıq bu ilin yanvar və fevral ayları üçün 98 ailəyə kirayə haqları ödənilib. 

Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzi sürüşmə ərazisindəki evlərin sökülməsi, 98 ailəyə müvafiq kompensasiya ödənilərək köçürülməsini tövsiyə edib. Yapon mütəxəssislər də eyni tövsiyəni veriblər.

Azər
BakuPost

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər