Ru
16:07 / 21 Sentyabr 2021

"Şuşa tarı"nın əhvalatı

16687

General-mayor İqbal Babayev


Mən 1978-ci ildə Yardımlı rayon musiqi məktəbinin Tar şöbəsini bitirmişəm. Mənim “Muğam” müəllimim Dadaş Şabiyev (Allah rəhmət eləsin!) və direktorumuz Böyükağa müəllimlərimizin tarları çox yaxşı səslənirdi. Mən onlardan səbəbini soruşanda, onlar ən yaxşı tarlarının və ümumiyyətlə, ən yaxşı milli musiqi alətlərinmizin Şuşada və xüsusi növ ağacdan hazırlanmasını bildirdilər. Dediklərinə görə, o zaman, Azərbaycan milli musiqi alətləri əsasən Şuşa şəhərində istehsal olunub. Bu sevgi əsasında mənim böyük arzularımdan biri də Şuşa Tarımın olması idi.


Nə isə... illər keçdi, vəziyyət elə gətirdi ki, 1992-ci ilin mayın 8-də Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal olundu. İşğaldan bir müddət sonra AzTV-də Şuşa ilə bağlı verilişlərin birində oradan gətirilən sonuncu tarı göstərdilər və həmin tarda bizim məşhur tarzənlərimizdən biri (səhv etmirəmsə bu xalq artistimiz Möhlət Müslümov idi) gözəl muğam səsləndirdi. Verilişdən məlum oldu ki, bir ağsaqqal tar ustası Şuşadan çıxanda evindən heç bir şey götürməyib, yalnız Şuşada düzəltdiyi sonuncu yeganə tarı özüylə yadigar olaraq götürüb gəlibdir. Uzun axtarışlardan sonra mən həmin ustanı tapdım. O, Pedaqoji Universitetin Səməd Vurğun küçəsindəki korpusunun zirzəmisində məskunlaşmışdı. İş yoldaşım, dostum Rabil müəllimlə gedib həmin ustanı tapdıq, səhv etmirəmsə adı Əliş, ya da ki Rəcəb kişi idi, arıq, zəhmətkeş, dərdli görünüşü olan ağsaqqal tar ustası ilə tanış olduq. Otağına daxil olanda qarşı divarda başının üstündə həmin tarı gördüm. Tarın çanaxının üstündə “Шуша” yazılmışdı. Ustadan bu tarı mənə satmağını xahiş etdim. O ağladı, tarı vermək istəmədi. Və dedi:


“Oğlum, bu tar sənin nəyinə lazımdır? Gəl, mən sənə burda düzəltdiyim yeni tarı verim”.


Cavab olaraq dedim: “Ağsaqqal, səndən bu tarı almağımın iki səbəbi var: 1-cisi, Şuşa Tarı mənim uşaqlıq arzum olubdur və yəqin ki, zalım düşmənlər o fabrikanı məhv ediblər artıq. 2-ci səbəbi odur ki, mən əminəm ki, biz haçansa Şuşaya qayıdacağıq. Allah Sizə ömür versin, qismət olsa bu tarı Sizinlə bir yerdə Şuşamıza qaytaraq".


Ağsaqqal mənə gülərək dedi: “Oğlum mən görmərəm o günü, İnşallah sən görəcəksən, əgər sən söz verirsən ki, bu Tarı Şuşaya aparacaqsansa, onda al götür Tarı". Tarı götürüb mənə verdi və ağlaya-ağlaya dedi:


“Oğlum, Cıdır düzündə Seyid Şuşinskinin “Heyratı” muğamını çalarsınız..."


Mən o tarı ustadan aldım. 28 ildir ki, həmin tarı göz bəbəyim kimi qoruyuram. Budur o TAR. (şəkildəki).




Arzum idi ki, Şuşa qayıdanda aparım ağsaqqal ustamızın arzusunu yerinə yetirim. “Şuşaya bir nəfəs qədər yaxınıq”. Bütün dünya azərbaycanlıları Ali Baş Komandanımıza, Müzəffər Azərbaycan Ordusuna, möhkəm səbirli, dözümlü və iradəli Xalqımıza və təbii ki, Şəhidlərimzə (Allah şəhidlərimizə rəhmət eləsin! Onların məkanı cənnətdir. Ruhları şad olsun! Ailələrinə dərin hüzünlə baş sağlığı verirəm. Onların ruhu və ailələri qarşısında baş əyirəm!) və bütün Vətən müharibəsi iştirakçılarına minnətdarlığımızı bildiririk, onların qarşısında baş əyirik, onlara yeni tarix yazdıqlarına görə “Çox sağ olun! Yaşasın Azərbaycan! Vətən sağ olsun!” deyirik. Şəhidlərimiz əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Onlar yaşayırlar. Sağ olun ki, bu günü bizə yaşatdınız.


Əgər həmin usta yaşayırsa və məni eşidirsə, onda mən çox xoşbəxt olaram ki, biz bir yerdə mənə əmanət verdiyi Tarı qədim Şuşa şəhərimizə aparaq.

Şərhlər
  • Şukur Səfərov

    Allah urəyinizə görə versin. Cənab General.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər