Ru
16:58 / 02 Sentyabr 2021

Şuşanın məsuliyyət yükü...

6650
Milli Məclisin deputatı
Fazil Mustafa

İllərdir Şuşa acısını doyasıya yaşadıq.

Aylardır Şuşa zəfərini sevincini, qürurunu doyasıya yaşayırıq.

İndi mən sizə hələ də doyasıya yaşaya və daşıya bilmədiyimiz Şuşa məsuliyyətindən danışacağam. Yaşamalı və daşımalı olduğumuz dövrün ən həyati əhəmiyyətli yüküdür bu! Adını belə də tələffüz etmək olar: Şuşanın məsuliyyət yükü. Anoloji olaraq bu kod altında bütün Qarabağın, Azərbaycanın məsuliyyət yükünü anlatmağa çalışırıq.


İndi Şuşada o məsuliyyət yükünün daşıyıcıları yol, qaz, işıq, su çəkənlərdir, binaları, evləri, məscidləri bərpa edənlərdir, Şuşa qoruğunu dizayn edənlərdir, icraçı rolu ilə səlahiyyətləndirilmiş məmurlardır, ərazidə çətin şərtlərdə xidmət çəkən əsgərlərdir, polislərdir, tibb işçiləridir. Zəfər yoluna alternativ yol çəkilişi də bu bölgə üzərindəki strateji müəyyənlik anlayışımızın varlığını ifadə edir. Bu strateji müəyyənlik anlayışı həm dövlətlər üçün, həm də cəmiyyətlər üçün çox vacib amillərdəndir. Ancaq bizdə cəmiyyətin alt qatlarında belə bir müəyyənliyin dərk edilməsi üçün ciddi işlər görüldüyünü söyləmək mümkün deyil. Qarabağda bizim bəlkə də qələbədən sonra məğlub olduğumuz əsas məqam xalqın, cəmiyyətin strateji müəyyənlik anlayışına sahib olmamasıdır. Əslində dövlət ilk növbədə bunu təmin etməlidir. Bu həm də yalnız şuşalılar, yalnız gələcəkdə Qarabağda məskunlaşacaq insanlar üçün zəruri deyil, Naxçıvandan, Qazaxdan başlamış Astaraya, Qusara qədər hər bir azərbaycanlının ən azı düşündüyü bir anlayış olmalıdır. Sözün kəsəsi budur ki, yeni bir səbr anlayışı icad etməliyik, bu da Qarabağ səbridir. Qarabağ səbri olmayan bir xalq, bir cəmiyyət hansısa məqamda emosional tələskənliklə bir günün içində qazanılan uğuru yelə verə bilər. Bu gün bizdə sanki strateji müəyyənlik anlayışına sahib bir şəxs var: dövlət başçısı, Ali Baş komandan. Onun baxışlarında o qədər dəqiq və cilalanmış Qarabağ təsəvvürü var ki, hər çıxışının, müsahibəsinin arxasınca yol xəritəsini təsəvvür etmək mümkün olur. İndi biz bu strateji müəyyənlik anlayışını Azərbaycan cəmiyyətinin alt qatlarına yaymadıqca, insanları Qarabağ üzərindən sağlam mühakiməyə yönləndirmək də çətin olacaq. Yəni xalqı bu prosesin aktiv aktyoruna çevirməmiz qarşımızda duran qaçılmaz bir tələb olmalıdır.

Bu həm də ona görə vacibdir ki, bu gün Şuşanın yenidən sahibinə çevrilmiş Azərbaycan dövləti, Qarabağda qalması ilə razılaşmadığı, lakin hamıya məlum olan səbəbdən beynəlxalq dizaynı nəzərə alaraq hesablaşdığı ermənilərin yaşadığı Xankəndinə gedən yola da, Xankəndinin özünə də gözlə rahatca görünən məsafədən yuxarı qayalıqlardan, yüksəkliklərdən, meşəliklərdən baxır. Buna həm də məcazi mənada yuxarıdan baxmaq deyilə bilər. Yuxarıdan baxmanın isə hərbi cəhətdən böyük avantajı ilə yanaşı, psixoloji cəhətdən təhlükəli məqamları da olur. “Yuxarıdan baxanlar” üçün bəlkə də ən təhlükəli simptom arxayınçılıqdır.

Əslində Azərbaycan cəmiyyətinin böyük əksəriyyətində Qarabağda qazanılan böyük uğura “yuxarıdan baxma” meylləri özünü addımbaşı hiss etdirir. Uzun illər işğal olunmuş torpaqlarımızın hüdudlarının bizlərin yaddaşında xəritə üzərindən təsviri də öz təsirini burada göstərir. Orta məktəb siniflərindən tutmuş diplomatik məkanlara qədər “Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunub” tavtologiyasını illərdir əzbərlədiymizə görə, xəritə üzərində bir dağdan, bir meşə massivindən, bir qayalıqdan, bir çaydan digərinə atlamanın da rahatlığını hələ də yaddaşımızdan kənara ata bilmirik. İndi-indi Şuşaya, Kəlbəcərə, Laçına, Qubadlıya, Suqovuşana baş çəkdiyimizdə canlı döyüş səhnəsinin əngin ölçülərini dolğun təsəvvür etmə fürsətini qazanmağa başlayırıq.

Unutmayaq ki, savaşın hərb mərhələsi bitib. Hazırda savaşın əsəb mərhələsindəyik. Əsəb savaşı deyirlər ha, bax günün Qarabağında yaşanan məhz odur. Təbiidir ki, erməninin əsəbi ilə bizimkinin fərqli durumu var və bu da anoloji olaraq qələbənin və məğlubiyyətin aurasından doğan fərqliliklərdir.

Şuşada ilk öncə asfalt örtülü yolun daşıları sökülüb dağılmış səkisi ilə yoxuşu qalxmağa başladım. Cəmi 700-800 metr bir yol. Və təngənəfəs dayanmalı oldum. İdmanla az-çox məşğul olan, üzərində heç bir ağır geyim daşımayan bir adamın hansı zorluqla irəlilədiyini necə deyərlər, öz dərimdə hiss etmiş oldum. Yayın qızmar istisində qalxa bilmədiyim bu yolun sonu gəlib sıldırım qayalığa dirənirdi. Və bu qayalıqlardan payızın soyuq günlərində insanın necə buraya qalxdığını anlamaq üçün hərəkətimin müqayisə aparmağa nə qədər uyğun olduğunu sezdim.

Anladığım, oxuduğum Şuşa iki təbii coğrafi obrazda göz önündə canlanır: Daşaltı və Qayaüstü. Görünür ərazinin coğrafi məntəqələrinin inzibati ad seçimində bu relyefi diqqətə alıblar. Daşaltı hələ ermənilərin işğal palanını gerçəkləşdirməyə başladığı vaxtlarda qorumaq üçün savaşdığımız mühüm məntəqələrdən biridir. Burada çoxlu şəhidlər vermişik və məhz Daşaltının itirilməsindən sonra Şuşanın qorunması müşkül məsələyə çevrilib. Burada savaşın ilk vaxtlarında Vətən üçün şəhid olanlar 44 günlük zəfərimizdən sonra artıq daş altında qalmayıblar, onlar hamımızdan daha artıq qaya üstünə qalxıblar, şəhədlik zirvəsinə yerləşiblər...



Düşünürəm ki, Şuşanın bu relyefinə uyğun olaraq Azərbaycanda bu böyük savaşda qazanılanlara münsibətdə də ikili insan obrazlarını görə bilirik. Daş altında qalanlar və Qaya üstünə çıxanlar. Bu iki mövqedən baxışların strateji müəyyənlik əmsalı irəlidəki dövrlərdə də hökmən bir-birindən fərqlənəcək.

Buraya sənət adamlarını, yazarları, diaspora təmsilçilərini tanışlıq üçün yığıb gətirirlər. Buraya “Xankındindən, Xocalıdan niyə danışmırsınız?” deyib ittihamedici tonda qələbəni heçləşdirməyə, önəmsizləşdirməyə çalışan sosial kommuna uşaqlarını da yığıb gətirmək olar. Ancaq onlardan Daşaltıdan ayaqla Şuşaya qalxmalarını tələb etmək şərt olmalıdır. Bu mövqeni ələ keçirmənin nə qədər möcüzəli bir qəhrəmanlıq olduğunu görmələri, anlamaları üçün. Fiziki və mənəvi təngənəfəslik yaşamaları üçün. İnanın ki, Qarabağda qələbəmizin dəyərini, ölçüsünü, möcüzəsini kiçiltməyə çalışanlar sözün bütün mənasında daş altında da qalacaqlar. Şəhidlərin bizlərə qazandırdığı Zəfər yolunu yürüyəcək yetərincə qayaüstü Zəfər adamları olmalıdır ki, fərqli bəhanələrdə daş altında qalanlar gələcəyimizi, hədəflərimizi belə rahatlıqla daşlamasınlar.

Bu da bir reallıqdır ki, burada sülhməramlılar, rusməramlılar, erməniməramlılar mövcuddurlar. Mahiyyətcə sülhməramlı bizik, çünki bu torpağın sahibi biz olduğumuza görə, burada savaşın olması bizim torpaqların dağıdılması deməkdir. Bu dağıdılmış ərazilərin yalnız mənəvi-psixoloji deyil, həm də maddi bədəlini Azərbaycan vətəndaşı ödəyir. Ona görə də bizim qarşımızda mümkün qədər savaşsız, ağılla, diplomatiya ilə rusməramlılara və erməniməramlılara dərs vermək məramı durur. Məram politoloji ədəbiyyatda proqram kimi anlaşılır və kimin burada kimin doğru, dolğun məramı olacaqsa, o da proseslərin yönləndiricisinə çevrilə biləcəkdir.

Şuşa nəfəsimizi dərdiyimiz yerdir. Şuşaya gətirən Zəfər yolu hökmən bütün Qarabağda, Zəngəzurda tamamlanmalıdır. Yol isə təngənəfəsliyi sevməz, darqursaqlığı heç sevməz. Yola çıxan adamlar yoldan çıxanlara bunu gecikmədən anlatmalıdırlar.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər