Ru
09:37 / 31 Yanvar 2021

Şuşaya niyə getmirəm?

3042
Nazim Sabiroğlu
Şuşada, Vəzirov küçəsi 10-da yerləşən, ən azı 180 illik tarixi olan evimizi ermənilər daşına qədər söküblər.

O evdə Azərbaycanın ən tanınmış şairləri (məsələn, Tofiq Bayram) tanınmış professorları(məsələn, Seyfəddin Qəndilov), atamın cavanlıq dostu (məsələn, Novxanılı Hikmət-“Lotu Dadaş”ın atası) və daha kimlər dəfələrlə qonaq olublar.

Azərbaycanın tanınmış jurnalistləri 1991-ci ilin mayında - atam vəfat edəndə bu evdə olublar, üst zalımızdakı Usta Təbrizinin öz əlləri ilə çəkdiyi rəsm əsərlərini görüblər. Tanınmış şuşalı xalçaçı-alim Lətif Kərimov evimizin sorağını alıb gəlmişdi, indiyədək yadımdadır ki, divara çəkilmiş əsərlərə əlini çəkərək necə təəccüblənmişdi, ən çox da Usta Təbrizinin istifadə etdiyi rənglərə, onun öz təravətini bunca illərə rəğmən saxladığına... Nəsildən-nəslə danışırmışlar ki, usta rəsmlərin rəngini düzəldən zaman yanındakı köməkçilərini otaqdan çıxarırmış. Ki, bu rəngin sirri kənara çıxmasın...

Evimiz 1992-ci ilin 14 martında Şuşukənddən atılan “Qrad”la yanmışdı. İlk dəfə evimizə aid şəkili tanınmış niderlandlı jurnalist Tomas de Vall Şuşada olanda məxsusi çəkmək istəmiş, amma onu evədək buraxmamışdılar. Məscidin qarşısından belə armud ağacımız həmişə görünüb deyə, onun çəkdiyi fotoda evimizin yerini tapmaq asan idi. Üçmərtəbəli evin quru divarları, elə armud ağacımız da təxminən 2018-ci ilin ortalarında əldə etdiyimiz şəkillərdə qalırdı.

Amma Şuşa işğaldan azad olunanda məlum oldu ki, o qədim evimizin daşlarını da söküblər, düzləyib, yerini bəlkə də hansısa varlıya satıblar, daşlarını da daşıyıb satıblar. Namərd düşməndən həyətimizin giriş tərəfində birmərtəbəli bir tikili qalır. Təkcə bizim ev deyil ki, bütün Şuşanı, tarixi abidələri beləcə dağıdıblar. Donuz uşaqları...


Bunları niyə yazıram? Şuşada yalan işləməz. Kimlərsə indi həvəslənib, “mənim bağım belə, bostanım belə olub” deməz, çünki şəhərlilər hamısı kimin harada, necə və hansı evdə yaşadığını unutmayıb. Üzüldüyüm nə? Hər şey düzələr, amma o tarixi binaya, o divardakı sənət əsərinə, nəhayət, uşaqlıq xatirələrimizin qaldığı, atamın həvəslə yenilədiyi o evə necə heyfsilənməyəsən...Daha yaxşısını tikəcəyik, amma o evdən olmayacaq...

Əməkdaşımız Elşən Balaxanılı ötən həftə qəfil zəng etdi ki, gəl Şuşaya gedək. Təklifin özü adamın içərisini titrədir-sözə bax e, gəl Şuşaya gedək! Möcüzənə şükür, Allah! Elşən və Elçinə (video-operatorumuz) qoşulub gedərdim, amma hiss etdim ki, Şuşayla görüşə belə tələm-tələsik, həm də müəyyən qrafiklə getməyə hazır deyiləm. Bəhanə asan tapdım: “Harada qalacağıq, evimiz yoxdur ki...”

Şuşaya hələ ki, şəxsi səfərlər yasaqdır, yollar düzəlir, gedənlər jurnalist kimi Müdafiə Nazirliyinin xətti ilə gedir- reportaj yazmağa. Bir də hökumətin xətti ilə iş-gücü olanlar, iş icraçıları. Allah hamısına kömək olsun. Amma təbii ki, indi şəhərdə sərbəst hərəkət məhdudiyyəti var, jurnalistlər də əvvəldən hazırlanmış marşrutla gedib-gəlirlər. Mən 28 il 6 ay düşmən işğalında qalmış şəhərimə belə tələm-tələsik, həm nəzarətdə, həm də jurnalist kimi getmək istəmirəm. Vaxtilə sözüm də vardı: Şuşaya jurnalist kimi getmək istəmirəm! Düzdü, onda yavru vətən hələ işğaldaydı, qarşılıqlı jurnalist səfərləri fonunda bunu demişdim. Amma indi də o fikirdəyəm ki, mən Şuşa ilə görüşə jurnalist vəsiqəsi ilə getməyim. Şuşaya şuşalı kimi getmək istəyirəm!



İndiyədək Şuşaya niyə getmədiyimi soruşan, hətta bundan təəccüblənən həmkarlarım var. Onları başa düşürəm, amma bu durumda mənim kimiləri anlamağın bir az çətin olduğu ilə də razılaşıram. Şuşa bizim nəfsimiz deyil- nə havası, nə suyu ilə. Şuşa şuşalılar üçün bir başqadır, bir ayrı sevgidir, bir ayrı özləmdir, bir ayrı həsrətdir, bir ayrı vətəndir, ən əsası bir ayrı azadlıqdır! Bunların nə demək olduğunu Bazarbaşında dayanıb əlində süpürgəsi ilə özünü bu şəhərin az qala yiyəsi hesab edən Mirzəqulu bilərdi! Kim Mirzəquludan bu haqqı ala bilərdi ki, kimin buna şübhəsi ola bilərdi ki?!

İndi ağlımda bir başqa Şuşa da var. Vətən müharibəsində ən çox itki verən rayonlardan olan Cəlilabadın Günəşli kəndindəki şəhid balası Şuşa! Niyə biz indiyədək uşaqlarımıza Şuşa adı qoymamışq ki...? Yəqin ki, Laçın olub, Cəbrayıl olub, amma Şuşa bir ilkdir! Çox duyğulu, çox anlamlı bir ad! Şuşa bacı, adınla böyü! Şəhidlər də, şəhid övladları da başımızın tacıdır. 

Elə Şuşa kimi!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər