Ru
12:28 / 21 Oktyabr 2020

Tanınmış həkim Gəncə ilə bağlı dövlət başçılarına müraciət etdi

3844
Tanınmış həkim Zülfüqar Yusifov KTMT ölkələri başçılarına müraciət ünvanlayıb.

"BakuPost" həmin müraciəti təqdim edir:

Hörmətli cənablar! Artıq 30 ildir ki, Ermənistan tərəfindən ərazilərimizin 20 faizi işğal altındadır. Aparılan bu qanlı işğal siyasəti nəticəsində 10 mindən artıq insanımız həyatını itirmiş, 50 min insan yaralanmış, bu və ya digər formada sağlamlığını itirmiş, bir milyon insan yurd-yuvasından didərgin düşmüş, Dağlıq Qarabağ xaricindəki yeddi rayonda bütün yaşayış məntəqələri, mədəni-tarixi obyektlər, infrastruktur yerlə yeksan edilərək xarabazara çevirilmişdir.

Ermənistan tərəfindən XXI əsr insanlığına utanc gətirəcək Xocalı qətliamı törədilmişdir.

Hörmətli cənablar!

Bütün bu vəhşiliklər, cinayətlər yaxın tariximizdə sizin gözləriniz qarşısında ,sizin hərbi müttəfiqiniz Ermənistan tərəfindən sizinlə normal ikitərəfli münasibətlərə, tarixi, mədəni, iqtisadi əlaqələrə sahib olan və sizin ölkələrinizin də ərazi bütövlüyünü tanıdığı Azərbaycan Respublikasına qarşı törədilmişdir. Uzun illər ərzində sizin də üzvü olduğunuz BMT tərəfindən bu vəhşiliyin durdurulması və işğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılması ilə əlaqəli verilən qətnamələr sizin ölkələrin hərbi müttəfiqi olan bu terrorist dövlət tərəfindən qulaqardına vurulmuşdur. ATƏT Minsk qrupunun apardığı tənzimləmə prosesi uğursuzluqla nəticələnmişdir.

Hörmətli cənablar, hərbi müttəfiqiniz bütün bu işğal faktlarına dünyanın, o cümlədən sizlərin də ortaya qoyduğunuz etinasız münasibətdən həvəslənərək 12 iyul 2020-ci ildə münaqişə zonasından kənarda olan,strateji enerji xəttlərinin keçdiyi Tovuz rayonuna hücum etmişdir. Buna baxmayaraq, sizlər müttəfiqiniz sayılan bu murdar ölkənin Azərbaycana növbəti hücumu ilə əlaqəli heç bir reaksiya vermədiniz .

Və nəhayət dünyanın riyakarlığından, sizlərin səsizliyinizdən və müttəfiqliyinizdən ruhlanan Ermənistan tərəfindən 27 sentyabrda Azərbaycan ərazilərində növbəti qanlı hücum əməliyyatı həyata keçirildi. Ancaq bu dəfə Azərbaycan Ordusu bütün beynəlxalq qaydalara uyğun olaraq özünü müdafiə məqsədilə əks hücuma keçdi, dünyanın göz yumduğu bu işğala son qoymaq, qəbul etdiyiniz BMT qətnamələrinin həyata keçməsi yolunda ədalətli mübarizəyə başladı. Apardığımız mübarizə BMT-nin, o cümlədən sizin ölkələrin də tanıdığınız Azərbaycan ərazisində və Azərbaycan sərhədlərinin bərpası uğrundadır.

Hörmətli cənablar!
Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatlarından qorxuya düşən və işğal etdikləri mövqeləri itirməklə barışa bilməyən Ermənistan döyüş meydanını genişləndirərək münaqişə zonasından çox uzaqda yerləşən mülki obyektləri o cümlədən Azərbaycanın ikinci böyük şəhəri, tarixi-mədəni mərkəzi olan Gəncə şəhərini, daha böyük fəlakətlərə səbəb olacaq strateji obyektlər yerləşən Mingəçevir şəhərini artq üçüncü dəfədir ki, raket atəşləri ilə vurmuşdur. Nəticədə körpələr də daxil olmaqla onlarla insan həyatını itirmiş, yüzlərlə insan yaralamış və bir sıra mülki obyektlər darmadağın olmuşdur.

Hörmətli cənablar!
Cəbhə bölgəsində uğusuzluğa məhkum olmuş Ermənistan tərəfindən döyüş bölgələrindən kənarda və mülki əhaliyə qarşı bu vəhşilikləri etmə səbəbinin sizin ölkələrinizi də bu çirkin işğal siyasətinə qoşmaq və sizin ölkələrinizi də günahsız körpələrin, yaşlıların, qadınların öldürülməsi kimi vəhşiliklərə görə mənəvi məsuliyyətə ortaq etmək və nəhayət ölkələrinizi bu alçaq müharibəyə cəlb etmək üçün həyata keçirildiyini sizlər də bilməmiş deyilsiniz.

Hörmətli cənablar!
KTMT ölkələri başçıları!KTMT ölkələri vətəndaşları! Hərbi müttəfiqlik içində olduğunuz Ermənistan tərəfindən ölkəmizə, insanlarımıza qarşı törədilmiş olan bu vəhşilikləri nəzərə alaraq Sizlərə müraciət edir, təcili olaraq KTMT ölkələri dövlət başçılarının toplantısını çağırmanızı rica edirəm. Aparacağınız müzakirələr nəticəsində bu mənfur dövləti öz iyrənc əməllərindən çəkindirmək məqsədilə qərar qəbul edəcəyinizə, indiyə qədər beynəlxalq təşkilatların qərarlarını tapdadığı kimi sizin də qərarlarınıza hörmətsizlik edəcəyi təqdirdə isə Ermənistan kimi işğalçı, insanlığa utanc verəəcək cinayətlərə imza atan bir ölkəni öz sıralarınızdan uzaqlaşdıracağınıza ümid edirəm.

Sizlər bu addımları atmaqla on illər boyu yanaşı, və dostluq münasibətində yaşadığınız Azərbaycana qarşı aparılan, bütün beynəlxalq qaydaları ayaq altına alan, insanlığa, sülhə və barışa meydan oxuyan bu ölkəni -Ermənistanı dayandıraraq, şəxsinizi və ölkələrinizi də tarix və insanlıq qarşısında mənəvi məsuliyyətdən qurtarmış olacaqsınız.

Və nəhayət! Hörmətli cənablar!

Atalar, analar, nənələr, babalar, müzakirələrə başlamazdan əvvəl tam bir dəqiqə ayaq saxlayın, Ermənistanın atdığı bombalardan həyatını itirən körpələrin yerində sizin övladlarınızın və nəvələnizin olduğunu düşünün ki, baş verən faciənin miqyası və hansı ölkə ilə müttəfiq olduğunuz haqqında təsəvvürləriniz aydınlaşsın... Elə edin ki, gələcək nəsillər, nəvələriniz, nəticələriniz tərəfindən bu insan qatillərinin yanında durduğunuz üçün qınanmayasınız.

Hörmətlə, Gəncə bombardmanı nəticəsində həyatını itirən məsum körpələr adından:

Dr.Zülfüqar Yusifov
17 oktyabr 2020-ci il
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər