Ru
16:15 / 20 May 2020

Tanrıya gedən yolun yolçusu - SABİR RÜSTƏMXANLI

8083

Züleyxa NADİR

Adam var ki, bu millətin göz dağıdı. Adam da var ki, bu millətin gözünün işığıdı. Adam var ki, bu xalqın baş qaxıncıdı. Adam da var ki, bu xalqın baş tacıdı...

Adam var ki, sadəcə vəzifə borcunu çoxlu sayda məmurla müqayisədə vicdanla yerinə yetirir, gördüyü işi ürəklə, can-başla həyata keçirir, kimsəyə minnət qoymur. Nə xalqdan, nə də dövlətdən bir umacağı olmur.

Adam var ki, bu xalqa, bu millətə, bu dövlətə bir qəpiklik xeyri dəyməyib. Amma imkanı başından aşır: vəzifəsi, pulu, sərvəti, var-dövləti ilə öyünür. Üstəlik də haqqında nələr yazılmır ki?! "İnsanlığı, xeyriyyəçiliyi belə, vətən sevgisi, yurd eşqi, torpaq məhəbbəti elə" deyə mədhiyyələr yazaraq dağ başına qaldırılır. Halbuki dağ başına qaldırılan o adam dağın ətəiyindən zirvəyə baxan biridi. Amma nə etməli? Həyatda hər kəsi layiq olduğu yerdə tutsaydılar nə vardı ki?!

Adam da var ki, bütün ömrünü, mənalı həyatını, şərəfli taleyini, bilik və bacarığını, qabiliyyətini, savadını, əxlaqını xalq, millət və dövlət üçün xərcləyir, sözün həqiqin mənasında onu tanıyanların və tanımayanların hörmətini qazanır, milyonlarla insanın sevimlisinə çevrilir. Amma bir dəfə olsun "mən varam" deyə haray salmır, efirləri zəbt etmir. Sadəcə çalışır. Sadəcə vətəni sevir. Sadəcə xalqı, milləti üçün əlindən gələni edir. Gördüyü işləri kimsənin gözünə soxmur. Millətin bu günü, gələcəyi üçün çalışır. Azərbaycan naminə hər cür fədakarlığa gedir. Bu yolda döyülür, söyülür, amma bir dəfə də olsun "uf" demir, getdiyi yoldan çəkilmir. O, yaşayır-yaradır, bacardığı qədər xalqına xidmət edir. Və... çox maraqlı, ziddiyyətli, rəngarəng həyatla yanaşı, çox şərəfli bir ömür sürür. Bu ömürdə nələr olmur ki?! Bir göz qırpımında keçən taleyində o qədər tufan qopur ki... amma bu tufanda onun həyatı örnək olur.

Yazdığım bu parametrləri şəxsiyyətində cəmləşdirən insan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlıdı. O Sabir Rüstəmxanlı ki, təkcə örnək olan keşməkeşli ömrü deyil, həm də "Ömür kitabı" bizim ömrümüzdə çox böyük rol oynayıb. 30 il əvvəl "Ömür kitabı" o dövrdəki gəncliyin ömründə bir işıq oldu, milli şüurun inkişafında böyük rol oynadı. Əldən-ələ gəzən, dillərdə dastan olan, bayraq kimi meydanlarda dolaşan o kitabla yatıb-dururduq. Kitab bizim üçün "Quran" dəyərində müqəddəs idi. "Ömür kitabı" bestsellerə çevrilmişdi. Bu, o zaman idi ki, Azərbaycanda milli - azadlıq hərəkatı başlamışdı. Azadlığa həris olan xalq meydanlarda gecələyir, "Ömür kitabı"nı əlindən yerə qoymurdu. Vətən, vətəndaşlıq, ikiyə bölünmüş millətin dərdi və əzabı üsyankarcasına qələmə alınmış bu kitab o zamanlar olduğu kimi indi də mənim stolüstü kitabımdı. Yaxşı xatırlayıram, bu kitab gəlin köçən qızlara cehiz verilirdi. Bu, müəllif üçün xoşbəxtlik deyilmi? Daha hansı yazarın kitabını analar qızlarına cehiz verib? Mən xatırlamıram...

Sabir Rüstəmxanlının "Ömür kitabı" onun ömür yolunun bayrağıdı. Azərbaycanda hər kəs onun ömür yoluna yaxşı bələddi. Bu yol çox zəngindi, həm də çox çətin, hər kəsin keçə bilmədiyi keçidlərlə doludu. Sən gərək vətənə, millətə o qədər bağlı olasan ki, ömrünü şam kimi əridib Sabir müəllimin keçdiyi yoldan adlaya biləsən. Xalqına, millətinə sevgi ilə dolu olan bu yol onun amalı, həyat qayəsidi. İllər öncə başlayan yol hələ də davam edir. Həmin yoldakı ağrı-acılar Sabir müəllimin yaşamından yan keçmədi. Amma o bütün ağrılara, acılara sinə gərdi, mənliyini, qürur və şəxsiyyətini qorudu. O, illərin işgəncəsindən keçdi, amma sınmadı, parçalanmadı, yolundan sapmadı, sarsılmadı. Mənəvi paklıq, əsil ziyalılıq nümunəsi göstərdi. Bu, onun şəxsiyyətindəki dəyərli məqamdı.

Sabir Rüstəmxanlı ilə şəxsi tanışlığım, bir yaxınlığım yoxdu. Jurnalist fəaliyyətimdə bircə dəfə onunla görüşüb müsahibə götürmüşəm - səhv etmirəmsə, 1994-cü il idi, mətbuat və informasiya naziri vəzifəsində çalışırdı. Vəssalam. Qalan bütün zamanlarda onu Azərbaycan Xalq Hərəkatının aparıcı simalarından biri olaraq, həm də dəyərli ziyalı kimi izləmişəm, müşahidə etmişəm, bədii yaradıcılığına üz tutmuşam. Yaxşı xatırlayıram onunla söhbət edərkən tutduğu nazir postu ilə bağlı sualın cavabında dedi ki, bu vəzifə mənim ömür kitabımın sıradan bir səhifəsidi. Yəni bəzən sevinclə, bəzən göz yaşı, bəzən də duyğu ilə oxunan səhifədi. Prozaik, bir qədər də işgüzar səhifədi.

Qəlbində vətən, millət sevgisi güclü olan insanlar üçün vəzifə kreslosunun yumşaqlığı önəm daşımır. Vəzifə onlar üçün gəldi-gedərdi. Onların canına suçəkən kimi hopan sevginin adı vətənin bu günü və sabahı üçün apardığı mübarizədi. Sabir Rüstəmxanlı da məhz mübariz insandı, xalq qəhrəmanı zirvəsinə çatacaq qədər döyüşkəndi. Vaxtilə xalq hərəkatının meydan günlərində o, bu qəhrəmanlığı nümayiş etdirib. Onun Azadlıq Meydanındakı tribunadan səsləndirdiyi fikirləri, irəli sürdüyü təklifləri hələ də unutmamışıq. Demək olardı ki, SSRİ-yə meydan oxuyurdu, qorxmurdu. Sabir Rüstəmxanlı məhz həmin qorxmazlığın çiynində ucaldı, sevildi, nüfuz sahibi oldu.

Sabir Rüstəmxanlı haqqında çəkinmədən deyə bilərik ki, o, sadə və təvazökar, əqidəsində saf olan, demokratik, aydın və açıq fikirli bir ziyalıdı. Azərbaycan sovetlər birliyinin tərkibində olanda 70 illik bir susqunluq dövrü yaşandı. O illərdə düşüncələrə, azad fikirlərə buxov vurulmuşdu. Amma gün gəldi ki, xalqını sevən, onun yolunda həyatını qurban verməyə hazır olan ziyalılar həmin buxovu qırdılar və bir daha susmadılar. Danışdılar, yazdılar, xalqın qarşısına çıxdılar, cəsarət nümayiş etdirdilər. Yeri gələndə döyüldülər, həbsxanalara salındılar, amma əqidələrindən geri dönmədilər. Onlar çox cəfalara dözdülər. Həmin cəfakeşlərdəndi Sabir Rüstəmxanlı. O, demokratik mühitin formalaşmasında, milli-azadlıq hərəkatının Azadlıq meydanına və ölkənin rayonlarına, kəndlərinə yayılmasında böyük rol oynadı. Həmişə xalqın önündə getdi, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olunmasına çalışdı. Bunlar bir şairin, yazıçının, ziyalının çiyninə götürdüyü ağır və müqəddəs yük idi. Sabir müəllim bu yükdən heç vaxt yorulmadı, usanmadı.

Sabir Rüstəmxanlının bu dünyada missiyası vətənini, millətini və xalqını təmənnasız sevməkdi. Heç bir qarşılıq gözləmədən bu yolda irəliləməkdi. Bu yolun sonu Tanrıya qovuşmaqdı. Şair özü də bunu gözəl bildiyi üçün yazır:

Vaxt oyunu? Anım - ildir, illərimsə - an,
Mənzilimə bir çatacaq uşaqla karvan.
Qədərimiz həm yaradan, həm yaradılan
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

İnanıram ki, Tanrı bu gün dünyaya gələn şairi özünün uca məqamında əbədi qoruyacaq. Tanrıya gedən yolun yolçusunu təbrik edirəm!

Yolun uğurlu olsun, Sabir Rüstəmxanlı!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər