Ru
11:30 / 27 Avqust 2021

Tarixi dəyişdirən müharibə

6569
“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq... Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək”.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrın 20-də Vətən Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradında səsləndirdiyi bu fikirlər 44 günlük müharibənin ən gözəl təsviri, dəyərləndirilməsidir.



Tarixdə belə qısa müddətdə müharibənin aparılaraq nailiyyətlərin əldə edilməsi çox az halda olub. Azərbaycansa bunu bacardı, 30 ilə yaxın həll edilə bilməyən münaqişəni ən qısa bir müddətdə həll etdi, düşmənlərə layiq olan cavabı verdi.

Azərbaycanın 44 gün ərzində apardığı müharibə tarixin ən ədalətli müharibələrindən idi. Çünki ölkəmiz bu müharibədə erməni işğalı altında olan tarixi torpaqlarını geri qaytarmaq üçün vuruşurdu. Savaşın Qələbə ilə başa çatmasının əsas səbəbkarı olan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüş əməliyyatları Azərbaycanın Zəfəri ilə yekunlaşdı.



Azərbaycan dünyanın bərpa edə bilmədiyi haqq-ədaləti öz hərbi gücü sayəsində özü bərpa etdi, barbarları tarixi torpaqlarımızdan qovdu, Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Əzəli torpaqlarımız olan Füzulini, Cəbrayılı, Qubadlını, Şuşanı əzmkar şücaəti ilə alan Azərbaycan Kəlbəcər, Ağdam və Laçını qan tökülmədən geri qaytara bildi.



Bu müharibə yalnız Azərbaycana torpaqlarını deyil, torpaq itirən xalqın sarsılmış inamını da özünə geri qaytardı.

Azərbaycan torpaqları 200 ildən çox idi ki, belə şanlı qələbənin şahidi olmamışdı. Tariximizin son iki yüz ilində - Əfşarlar dövlətinin hökmdarı Nadir şahdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin işğal edilmiş ərazilərini azad edən yeganə dövlət başçısı olub.

Bizi doğma torpaqlarımıza qovuşduran Prezident İlham Əliyev qələbə bayrağını işğaldan azad edilən ərazilərimizə sancmaqla adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin iradəsi sayəsində Azərbaycan dəyişdirilməsi mümkün olmayan, qalibiyyətlə dolu olan yeni tarixi yaratdı.



Azərbaycanın bu müharibəni ədalətli aparmasını şərtləndirən amil onun yalnız öz torpaqları uğrunda haqlı mübarizə aparması deyildi. Bu savaş beynəlxalq konvensiyalara, beynəlxalq normalarına uyğun aparıldı. Müharibə dövründə Azərbaycan bir dəfə də olsun, ermənilərin mülki obyektlərini hədəfə almadı. Ermənistandan fərqli olaraq, düşmənin yalnız hərbi obyektlərini hədəfə aldı. Ermənistan isə hər zaman olduğu kimi bu müharibədə də Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, bu sənədlərdə müəyyən edilmiş müharibənin aparılması qaydalarını, mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozdu. Bundan əlavə, Ermənistan, I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymadı.



Əslində, ermənilərin bu kimi terrorçuluq əməlləri özünü ilk dəfə bu müharibədə göstərmədi. Bu müharibə sadəcə tarixən terrorçu siyasəti ilə dövlət idarəetməyə çalışan ermənilərin növbəti terror əməllərinin nümayiş olunduğu məkan oldu. Tarix də göstərir ki, separatçılığı, terroru, kütləvi qırğını, soyqırımı törədənlər hər zaman ermənilər olublar. İndiyədək elə bir fakt olmayıb ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız cinayətlərin günahkarı məhz azərbaycanlılar olsun, baş verən cinayətlər azərbaycanlıların ermənilərə qarşı ədavət hissi bəsləməsini və cinayət aktına məhz azərbaycanlıların başlamasını təsdiq etsin.



Bu müharibə erməni terrorunun konkret hədəfinin olmadığını da bir daha təsdiqlədi. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə şəhərlərində mülki insanları hədəf alması ermənilərin növbəti hərbi cinayəti, terroru oldu.



Gəncə, Bərdə terrorunun nəfəs dayandıra biləcək dəhşətli izləri hələ də hər kəsin yaddaşındadır. Təcavüzkar Ermənistanın bu şəhərləri raket atəşinə tutması nəticəsində körpələr, məktəblilər, qadınlar, qocalar vəhşicəsinə öldürüldü.



Ermənistan mülki əhaliyə raketləri atmaqla Azərbaycanı onun ərazini vurmağa təhrik etmək və bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək istəsə də, buna nail ola bilmədi.



Bu müharibə Azərbaycanın yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də hərbi qüdrəti baxımından Cənubi Qafqazın lider ölkəsi olduğunu göstərdi. Özünün hərbi gücü ilə torpaqlarınmızı azad edən Azərbaycan bu müharibədən sonra regional proseslərin həllinə təsir göstərən ən başlıca geosiyasi aktora çevrilib.

Azərbaycanın müharibədə əldə etdiyi nailiyyətin yolu dünya hərb tarixini də xüsusi maraqlandırıb. Azərbaycanın ərazilərini Ermənistan işğalından azad etmək üçün apardığı 44 günlük müharibə dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcək.



Sözsüz ki, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycana birbaşa və dolayı yolla mövqeyinin dəyişdirilməsi üçün təzyiq göstərən ölkələr də oldu. Müharibə dövründə Azərbaycan əleyhinə təbliğat aparan beynəlxalq media qurumlarının da sayı az olmadı, Azərbaycanın apardığı bu savaşa qarşı yenə də ikili standartlar nümayiş etdirildi.

“Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir” deyən Prezident İlham Əliyev də müharibə dövründə BBC-yə verdiyi müsahibəsində xarici media qurumlarının Azərbaycana qarşı olan münasibətini xüsusi vurğulayıb



Sözsüz ki, bu təzyiqlərin göstərilməsi bu gün də davam edir. Lakin qalib Azərbaycan dövləti müharibə dövründə özünün əzmini qırmayaraq, təzyiqlərə əhəmiyyət verməyərək döyüş meydanında necə sona qədər getdisə, bundan sonra da yoluna elə o formada – dayanmadan, vüqarla irəli getməklə yoluna davam edəcək. Bu təzyiqlər nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının əzmini qırmır və qıra da bilməyəcək.

Azərbaycanın regionda yaratdığı yeni reallığı təkcə Ermənistan deyil, bütün dünya ölkələri qəbul etməlidir. Regionun yeni strateji yol xəritəsini cızan Azərbaycanın yaratdığı bu reallıqlar, qələbə sayəsində diqtə etdiyi şərtlər heç bir halda dəyişməyəcək. Bu reallıqlarla barışmaq istəməyənlərin aqibəti isə şübhəsiz ki, yaxşı olmayacaq. Ermənistanın işğalçılıq siyasətinə vaxtilə göz yuman ölkələr, beynəlxalq qurumlar bu gün ona gizli və açıq şəkildə göstərdiyi dəstəyi də dayandırmalıdırlar. Çünki hər zaman olduğu kimi, yenə də haqq-ədalət Azərbaycanın tərəfindədir.

Uğur Qismətli

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” ” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər