22:52 / 12 Oktyabr 2021

"Tehran rəsmi Bakıdan üzr istəməlidir" - Politoloq

1160
"İranın molla rejimi unutmamaldır ki, İlham Əliyev yalnız 10 milyonlıq Azərbaycanı və onun əhalisini deyil, 60 milyonluq Azərbaycan xalqını təmsil edir".

Bunu Bakupost.az -a dosent, politoloq Faiq Ələkbərli deyib.



O qeyd edib ki, hələ Vətən müharibəsi dövründə İran adlanan ölkənin Azərbaycana qarşı ikiüzlü əməllərinin dəfələrlə şahid olduq:

"İran I Qarabağ müharibəsində olduğu kimi, II Qarabağ müharibəsində də Ermənistana açıq olmasa da, dolayısıyla hərbi yardımlar etdi. Bütün bunlar o anlama gəlir ki, Azərbaycan Ordusunun II Qarabağ müharibəsində əldə etdiyi uğurlar yalnız işğalçı Ermənistana deyil, onu pərdə arxasında dəstəkləyən İran İslam rejiminə də ciddi zərbə olub. Ona görə də 44 günlük müharibə dövründə və sonrasında rəsmi Tehranın yüksək çinli rəhbərlərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, guya əvvəlcə hansısa terrorçu təfkirçi qrupların, son günlərdə isə İsrailə aid hərbi qüvvənin olduğunu iddia etmələri təsadüfi deyil. İran yaxşı bilir ki, bu bölgədə bir terror qruplaşması və terrorist ölkə varsa, o da, Ermənistandır! Həmin terrorçu Ermənistanı dəstəkləyənlərdən biri də bu və ya digər formada elə İranın özüdür.

Əgər İran adlanan ölkə Azərbaycan adlı odla oynamağa davam edəcəksə, oynadığı od onun özünü yandıracaq. Yəni Təbrizin, bütövlükdə Güney Azərbaycan türklərinin ayaqlanması ilə molla rejiminin ömrü sonu çatacaq. Hər halda 44 günlük müharibəyə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorist deyə bilməyən, həmin sərhəd boyunca hərbi təlim keçməyən rəsmi Tehranın, Azərbaycan Ordusunun işğaldan azad etdiyi bölgədə əvvəlcə terrorçu qruplaşmalar, daha sonra da üçüncü ölkəyə aid hərbi qüvvə axtarması və hərbi təlimlər keçməsi heç bir məntiqə və qonşuluq münasibətlərinə sığışmır. Görünür ki, II Qarabağ müharibəsindən sonra xalq arasında Bütöv Azərbaycan ideyasının daha da populyarlaşması, üstəlik Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli Bakı sazişinin imzalanması İran rejimini Ermənistandan daha çox narahat etməkdədir”.

Politoloq qeyd edib ki, bu günə qədər və indinin özündə də rəsmi Bakı hər zaman İran adlanan ölkənin rəhbərliyi ilə münasibətdə həssas olmağa çalışıb:

"Ancaq molla rejimi həddini aşdığı üçün Türkiyə və Pakistanla hərbi birliyi gücləndirən Azərbaycanın rəsmi Tehranla münasibətlərinə yenidən baxması təbiidir. Özəlliklə, 2-ci Qarabağ müharibəsindən sonra İranın Azərbaycandakı tör-töküntüləri ilə bağlı müəyyən tədbirlər görməyə başlayan rəsmi Bakının bütün bunlarla yanaşı, Güney Azərbaycandakı soydaşlarımızın milli haqları uğrunda apardığı mübarizəyə də artıq biganə qalmamalıdır. Hər halda 30 il bundan əvvəl İran rejiminin Azərbaycana humanitar yardım etmək, azərbaycanlılara islam dininin qanunlarını öyrətmək bəhanəsi ilə özünə dayaq mərkəzləri yaratması, bəzi insanlarımızın şüurlarını irançılıqla, iran şiəçiliyi ilə zəhərləməsi hər kəsə bəllidir.

Bizcə, artıq Azərbaycanın təbii haqqıdır ki, İranın ölkəmizdəki şər yuvalarını bağlamaqla yanaşı, eyni zamanda bütün dünya azərbaycanlılarına, o cümlədən Güney Azərbaycan türklərinə açıq şəkildə arxa, dayaq olsun. Unutmayaq ki, 1-ci Qarabağ müharibəsində olduğu kimi, 2-ci Qarabağ müharibəsində də Güney Azərbaycan türkləri Azərbaycan xalqının yanında olmasını dəfələrlə ifadə etdilər. Belə ki, Güney Azərbaycan türkləri Quzey Azərbaycan xalqına həmrəylik üçün, eyni zamanda İran rejiminin gizli yollarla Ermənistana hərbi yardım etməsinə etiraz olaraq Təbrizdə, Urmiyada, Ərdəbildə, Xoyda və başqa şəhərlərimizdə yürüş və mitinqlər keçirdilər”.

F.Ələkbərli bildirib ki, Güney Azərbaycan türklərinin milli iradəsi sayəsində müharibə dövründə rəsmi Tehran bir çox hallarda Ermənistana hərbi yardım etməkdən geri addım atmağa məcbur olsa da, ancaq buna bütövlükdə son verməyib:

"Belə ki, 2-ci Qarabağ Vətən müharibəsi bitdikdən sonra da İran İslam rejimi tərəfindən Azərbaycana münasibətdə xoşagəlməyən addımlar və hərəkətlər davam etdirib və etdirməyə də davam edir. Bəzi hallarda özlərini dünənə qədər Azərbaycana münasibətdə xeyirxah kimi göstərmək istəyən İran rejiminin əslində əsas hədəfi Azərbaycanın qələbəsinə kölgə salmaq, bunun müqabilində də Ermənistanı və separatçı rejimin tör-töküntülərini yenidən gücləndirməkdir. 44 günlük müharibədən sonra ötən bir il ərzində rəsmi Tehranın durmadan Ermənistana və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndinə yüzlərlə tırlar vasitəsilə hər cür yardımlar etməsi rəsmi Bakının səbrini daşırıb. Bu baxımdan rəsmi Bakının alternativ tədbirlər görərək İranın ikiüzlülüyünə qarşı real addımlar atması təbiidir. Heç bir dövlətin, o cümlədən də İranın Azərbaycanın icazəsi olmadan onun dövlət sərhədlərini pozması qəbuledilməzdir. İran İslam rejimi din-məzhəb baxımdan ondan uzaq olan Er¬mənistana və qondarma rejimin tör-töküntülərinə bu və ya digər formada dəstək verməyə davam etməsi ilə yanaşı, Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə sərhəd boyunca hərbi təlimlər keçirməsilə son nöqtə də qoyulub.

Yeri gəlmişkən, molla rejimi unutmamalıdır ki, bu gün İran adından həmin hərbi təlimlərdə iştirak edən zabitlər və əsgərlər arasında minlərlə azərbaycanlı, Azərbaycan türkü də var. Şübhəsiz, ən son məqamda və qırmızı xətt bəlli olanda, onların böyük çoxluğu Azərbaycan Ordusuna qoşulacaq və bütöv Azərbaycan Ordusu meydana çıxacaq, yaranacaq. Bununla da, bütöv Azərbaycan Ordusunun tarixi-coğrafi Azərbaycanın tamamına sahib çıxması gerçəkliyə çevriləcək”.

F.Ələkbərli qeyd edib ki, rəsmi Tehranın bir tərəfdən Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, digər tərəfdən molla rejiminin nümayəndələrinin Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırması bardağı daşıran son damla olub:

"Bu baxımdan son günlərdə rəsmi Tehranın bəzi rəhbər adamlarının və ona bağlı mediaların Azərbaycana, onun dövlət başçısı İlham Əliyevə qarşı apardığı qeyri-etik, insanlqıdan uzaq əməlləri təsadüfi deyil. Bütün bunlar Təbrizin dəmir yumruğunu yenidən hiss etməyə başlayan Molla rejiminin Azərbaycan Respublikası qarşısında “əzələ” nümayişi, düşdükləri çarəsiz durumun son akkordlarıdır. Rəsmi Tehran hər gün bir addım da irəli gedən, hər gün daha da güclənən Azərbaycanla hədələyici və qeyri-etik dildə danışmağın ağır nəticələrini ya dərk edib, rəsmi Bakıdan üzr istəməli, ya da bunun ağır sonucları ilə barışmalı olacaq".

Ayan Əlizadə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər