Ru
11:06 / 13 Aprel 2021

Tikinti bazarlarında bahalaşma: Tələbat, yoxsa süni qiymət artımı?

1725
Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım müşahidə edilir. Xüsusilə də mişar daşı ilə bağlı Bakıdakı daş bazarlarında fərqli mənzərə yaşanmaqdadır.

Bakupost.az xəbər verir ki, Yeni Musavat qəzetinin əməkdaşı bazarlarda olub və müşahidələrini bu cür ümumiləşdirib:

“Az sayda (1 maşının tutumundan az) daş almaq istəyənlər xeyli dolaşmalı, bəzən günlərlə gözləməli olurlar. Daş satanlar bildirirlər ki, yalnız bir maşın daşı bütöv formada sata bilərlər. Qiymətlərə gəlincə isə Qaradağ, Güzdək daşı 48-50 qəpiyə, Abşeron daşları 45, çox alanda isə 43-44 qəpiyə satılır. Satıcılar daş satılmasa belə, qiymətdə 1 qəpik də olsa endirim etmirlər. Bildirirlər ki, ölkədə dizel bahalaşdığı üçün daşı əvvəlki qiymətinə satmaq sərf etmir.

Qiyməti baha olan və ya bahalaşan tikinti materialları içərisində sement, kafel-metlax yapışdırıcılarını da qeyd etmək olar. Belə ki, hazırda markasından və növündən asılı olaraq bazarda sementin 1 kisəsi 6-6.7 manat arasında dəyişir. Qumun kisəsi 60-70 qəpik, çınqılın kisəsi isə 70-80 qəpikdir (bəzi mağazalarda 90 qəpik-1 manat qiymətlərini də görmək mümkündür).

Kafel yapışdırıcılarının isə ən ucuzunun qiyməti 5 manatdan başlayır. Tələbatın daha çox olduğu firmaların istehsalı 6 manat 30 qəpik, çox aldıqda isə 6 manata satılır”.

Ekspertlər də bildirirlər ki, hazırda bazarda əsas tikinti materiallarının qiymətində artım müşahidə edilir. Məlum olduğu kimi, hazırda işğaldan azad edilən ərazilərimizdə tikint-quruculuq işləri aparılır. Bu proses təbii ki, tikinti materiallarına tələbatı da artırıb. Qiymətlərin artmasının səbəbi budur, yoxsa kimlərsə süni qiymət artımına gedirlər?

Ekspert Nüsrət İbrahimov bildirib ki, ötən illə müqayisədə əksər tikinti materiallarında qiymət artımı var:

“Ümumi qiymət indeksində ay ərzində 0.51 faiz artım olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2.54 faiz bahalaşma var. O cümlədən daş məmulatlarında ay ərzində 1.79 faiz azalma olub, ancaq ötən ilin eyni dövrü ilə müqayisədə 7.84 faiz artım var. Dəmir məmulatlarında ay ərzində 4 faiz azalma olub. Ancaq ötən ilin eyni dövrü ilə müqayisədə 9.9 faiz artım var. Taxta məmulatlarında ay ərzində 5.71 faiz bahalaşma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 15.63 faiz artımdır. Dam örtüklərində ay ərzində 1.33 faiz azalma mövcuddur. Ötən illə müqayisədə bu qiymətlərdə də 11 faiz artım var. Sement ay ərzində qiymət dəyişməyib. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 9.92 faiz artım var. Qumun qiyməti dəyişməyib”.

Bahalaşmanın səbəbini ekspert aşağıdakı kimi izah etdi:

“Bahalaşma müxtəlif səbəblərlə bağlıdır. İdxal edilən materiallarda, xüsusilə də taxta məmulatlarında idxalla bağlıdır qiymət artımının səbəbi. Hazırda qeyri-mövsümi zaman sayılır və bu məmulatların da qiymətində artım ona görədir. Yerli istehsal olan tikinti materiallarında müxtəlif səbəblər var. Burada nəqliyyat dəyərinin artımı öz təsirini göstərir. Eyni zamanda əvvəllər vergidə müəyyən yayınmalar olurdu ki, hazırda bu, mümkün deyil və vergi tam formada hesablanır. Hesab edirəm ki, Qarabağda tikintinin olmasının, tələbatın artmasının qiymət artımına ciddi təsiri yoxdur. Burada əsas səbəb maya dəyərinin artması ilə bağlıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər