Ru
14:24 / 31 İyul 2020

“Prezidentin bu sərrast mövqeyi Paşinyana növbəti zərbədir” – Millət vəkili

2690


"Prezident İlham Əliyev Balakən regional ASAN Xidmət mərkəzinin açılışında Ermənistan hakimiyyətinin bütün mahiyyətini izah edən çıxışı ilə bir daha ölkə və dünya ictimaiyyətinin diqqətini Paşinyan iqtidarı və Tovuz təxribatına çəkdi".


Bu sözləri BakuPost-a açıqlamasında millət vəkili Malik Həsənov Prezident İlham Əliyevin ASAN Xidmət mərkəzinin açılışındakı çıxışı haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, ilk dəfə olaraq Prezident Ermənistan baş nazirinin siyasi hədəfini ifşa etdi:
“Prezident ilk növbədə Nikol Paşinyanın qurduğu siyasi partiyanın ilk adına diqqət çəkdi və bildirdi ki, öz siyasi qurumunun adını “Çıxış” qoyan Ermənistanın hazırkı iqtidarının hədəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından çıxmaqdır. Nikol Paşinyan vaxtilə müxalif media qurumunun rəhbəri və jurnalist olaraq fəaliyyətində də hər zaman antirusiya mövqeyi və Rusiyaya, Aİİ-yə kəskin münasibəti ilə seçilib. Onun Rusiyanın ünvanına ağır ittihamlar yağdırdığı məqalələri hazırda da internet resurslarında qalmaqdadır. Belə bir şəxsin Tovuz təxribatını törədərək, nəticədə illərlə apardığı gizli siyasi niyyətini həyata keçirmək istədiyi göz qabağındadır”.

M.Həsənov qeyd edib ki, Tovuz təxribatının bir səbəbi də Ermənistanın hərbi müttəfiqlərinin gözdən salmaq niyyəti idi:

“Ermənistan hakimiyyəti, Prezidentimizin də xüsusi qeyd etdiyi kimi, Soros Fondundan maliyyə alan və mahiyyətcə “Sorosun uşaqları” statusu daşıyan şəxslərdir. Onlar siyasi tapşırıqları da bu qurumdan alırlar. Tovuz təxribatı ilə Ermənistan hakimiyyəti, əslində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını erməni ictimaiyyətinin gözündən salmaq və bu quruma qarşı nifrət yaratmağı, Ermənistandakı Rusiyayönümlü qüvvələri sıradan çıxarmağı hədəfləyirdi. Xatırlayırsınızsa, Tovuz təxribatı baş verəndən dərhal sonra KTMT-nin təcili və fövqəladə toplantısı çağırıldı, amma cəmi bir neçə saatdan sonra bu iclasın təxirə salındığı haqda məlumat verildi.

Qeyri-rəsmi mənbələrdən verilən məlumata görə, iclasın təxirə salınmasının səbəbi KTMT ekspertlərinin peyk görüntülərini izləməsi və təxribatı Ermənistanın həyata keçirdiyini, Azərbaycanın yalnız bu təxribata cavab verdiyi və Ermənistan ərazisinə heç bir hücumun olmamasının tam aydınlaşdırılması ilə bağlı idi. Bu faktlar üzə çıxandan sonra Ermənistanın guya, Azərbaycan Ordusunun UAZ markalı avtomobillə hücum etməsi barədə yalanı da ifşa oldu və bu yalanı elə Rusiya KİV-i qabartdı. Rusiya ekspertləri və ən böyük media qurumları Azərbaycan Ordusunun xüsusilə ön cəbhədə artıq illərdir UAZ-dan istifadə etmədiyini bildirərək, Ermənistan tərəfinin bu açıqlamasının “ən pis düşünülmüş yalan” adlandırdı və bu yalanın istehza ilə qarşılandığını canlı efirdə erməni diplomatların da diqqətinə çatdırdı. Yəni, əslində, Tovuz təxribatı tam mənası ilə ifşa olundu, onun əsas hədəfinin isə erməni cəmiyyətinə “Azərbaycan hücum edir, müttəfiqimiz Rusiya isə bizə yardım etmir” arqumenti ilə Rusiyaya qarşı böyük kampaniya aparılması olduğu da üzə çıxdı”.

Millət vəkili xüsusi olaraq qeyd edib ki, bütün bu faktlar üzə çıxsa və geniş yayılsa da, hazırda N.Paşinyanın təsir dairəsində olan erməni mediasında Rusiyanın, konkret olaraq isə Rusiya lideri Vladimir Putinin ünvanına olduqca ağır ifadələr işlədilir:
“Hətta bu gün də erməni mediasında Rusiya və Rusiya Prezidenti Vladimir Putinə yönələn sərt, bir çox hallarda isə təhqiredici ifadələrin əks olunduğu məqalələri izləyə bilərsiniz. Bütün bunlar bir daha təsdiqləyir ki, məqsəd Rusiyaya qarşı böyük kampaniyanın aparılması və Sorosu Fondunun tapşırıqlarının icrasıdır”.

M.Həsənov Prezident İlham Əliyevin Nikol Paşinyanın danışıqlar üçün “7 şərt” irəli sürməsinə verdiyi cavaba da diqqət çəkib:
“Ən maraqlı məqam odur ki, hörmətli Prezident bu şərtlərə qarşı yalnız bircə şərt və tələb səsləndirdi: “Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim!”

Prezidentin bu sərrast, açıq və beynəlxalq hüquqa uyğun qəti mövqeyi təzadlı açıqlamaları, qeyri-stabil mövqeyi və bir-birini təkzib edən çıxışları ilə özünü və ölkəsini acınacaqlı duruma salan Paşinyana növbəti zərbədir”.

Nazlı Onur

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər