Ru
10:57 / 28 Avqust 2020

Toydan sonra coşan emosiyalar...

5808

Cəlil Cavanşir

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində toy etməsindən sonra cəmiyyətdə sanki “canlanma” yarandı. Həyatında bircə dəfə də olsun, siyasi-ictimai proseslərə qoşulmayan, ölkədə baş verən qanun pozuntularına israrla susan insanlar xorla Ramiz Mehdiyevi, toyda iştirak edən qonaqları tənqid etməyə, onların cəzalandırılmasını tələb etməyə başladı. Dövlət də baş verənlərin ciddiyyətini nəzərə alaraq hərəkətə keçdi, toyu təşkil edənləri də, həmin toyda iştirak edənləri də qanunauyğun şəkildə cəzalandırdı. Qanun qarşısında hər kəsin bərabərliyi qismən təmin olundu.
Əslində belə bir hadisə baş verməsəydi, gözəl olmazdımı? Məncə, çox gözəl olardı.

Proses çox qəribə və maraqlı şəkildə cərəyan etsə də, günahkarların cəzalandırılması cəmiyyətdə xeyli rahatlıq yaratdı. İnsanlar toy sahibi və qanunu pozub toya gələnləri tənqid etməklə qalmadılar, heç bir etik çərçivə nəzərə alınmadan hamını söyüb-yamanlamağa başladılar.


Toyda iştirak edənləri qadın, kişi, vəzifə sahibi, deputat demədən söyməyə start verdik və bu prosesin də şitini çıxardıq.

İnsanlar sanki aylarla pandemiya ucbatından karantində qalmağının, toylardan məhrum olmağının qisasını bu insanlardan çıxmağa çalışdı.

Qeyd etdiyim kimi, dövlət və hüquq-mühafizə orqanları lazımi addımları atdı, günahkarlar cəzalandı. Ancaq gündəm səngimir.

Toyda iştirak edənlər məlum, cəzalandırılanlar, cərimə edilənlər məlum. Bəs niyə xüsusi adamlar kütlənin hədəfinə çevrilir?

Məsələn, Daxili İşlər Nazirliyi qaydaları pozanlara qarşı qanuna uyğun şəkildə addımlar atdıqdan sonra yenidən video yayılır. Xüsusi olaraq Ombudsmanın videosu kütləvi şəkildə paylaşılır və yenidən gündəm məqsədli şəkildə qızışdırılır.

Aydın məsələdir ki bu videonun yayılması kimlərinsə marağına xidmət edir.

Məsələn, kimsə cavab verə bilərmi ki, toyda iştirak etdiyi üçün cərimələnən Ombudsman Səbinə Əliyevanın toyda çəkilən videosu yenidən nə üçün və hansı məqsədlə yayılıb?

Səbinə Əliyeva qısamüddətli fəaliyyəti ərzində mənfi imic yaratmayıb, ciddi qanun pozuntusuna yol verməyib, rüşvət almayıb, hər hansı şəkildə qanunsuzluq etməyib, xaricdə mülkləri, ölkədə restoranları yoxdur, üstəlik həbsdə olan siyasi məhbuslarla bağlı təklif və şikayətlərə diqqətlə yanaşıb, vəzifəsinə uyğun addımlar atmağa davam edəcəyinə inanırıq.

Elə isə Ombudsman Səbinə Əliyeva niyə linç edilir və niyə təhqir edilməlidir?

Azərbaycan qadınını bu şəkildə linç etmək, kimlərinsə maraqları çərçivəsində yayımlanan videonu paylaşıb ölkənin Ombudsmanını təhqir etmək nə qədər etikdir?
Düşünürəm ki, Azərbaycan qadınına qarşı bu cür yanaşma ədalətsizlikdir.

Arzu edək ki, tezliklə cəmiyyətimizdə barış, dostluq, sevgi ab-havası yaranacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər