Türkiyə ilə yeni sənəd imzalandı - VİDEO

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.


DGK-dan Bakupost.az -a verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyub.

Daha sonra Dövlət Gömrük Komitəsinin inzibati binasında Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında bütün sahələrdə, ö cümlədən gömrük işinin təşkili istiqamətində uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərindən, səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib.

Vurğulanıb ki, hər iki dövlət başçısı arasındakı mehriban dostluq və qardaşlıq münasibətləri aidiyyəti dövlət qurumları tərəfindən də uğurla davam etdirilməkdədir.

Komitə sədri 44 günlük Vətən müharibəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Gömrük işinin təşkili sahəsindəki əməkdaşlıqdan bəhs edən Komitə sədri iki ölkənin gömrük qurumları arasında indiyə qədər 8 sənəd imzalandığını və səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Türkiyə Ticarət nazirinin müavini Rıza Tuna Turaqay çıxış edərək Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, özünü vətənində hiss etdiyini bildirib.

Vətən müharibəsindəki qələbə münasibətilə təbriklərini çatdıran Rıza Tuna Turaqay dövlətlərimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin tarixi ənənələrə söykəndiyini vurğulayıb və daha da güclənəcəyinə əminliyini ifadə edib. Nazir müavini ticarət dövriyyəsinin artırılması, gömrük-sərhəd buraxılış məntəqələrinin işinin səmərəli təşkili, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı məsələlərdən bəhs edib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb.

Tədbirlər planında Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi, əqli və sənaye mülkiyyət hüquqlarının qorunması, gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sonda "Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı" imzalanıb.

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Ticarət nazirinin müavini Rıza Tuna Turaqay imzalayıblar.