Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları ərazidə xidmət aparırlar: "Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”.
Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov APA-ya açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib: "Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”.
(apa)