Ru
17:18 / 09 Dekabr 2025

Uğurları təmin edən proses - RƏY

Uğurları təmin edən proses - RƏY
Eye

İnternet dövründə müxtəlif mənbələrdən çıxan nəzarətsiz informasiyalar sanki yırtıcı yarasalar kimi insanın üzərinə hücum edir. Bu “hücum” hazırlıqsız internet istifadəçisini çaşqınlığa salır və obyektiv həqiqət tədricən təhrif olunur. Yaşanan hadisələrə bilavasitə aidiyyəti olmasa belə, xüsusilə siyasi münasibətlər müstəvisində cərəyan edən proseslər ilə əlaqədar hər bir məsuliyyətli vətəndaşın mütləq şəkildə adekvat baxışları olmalıdır. Baş vermiş bu və ya digər konkret siyasi hadisədən dərs çıxartmaq, habelə düzgün qənaətlərə gəlmək kimi bacarıqlar həyatımızı sadəcə rahatlaşdırmır, eyni zamanda, səhvlərin gələcəkdə təkrar olunmasına imkan vermir, potensial təhdidləri neytrallaşdırır və bizlərdən manipulyasiya alət kimi istifadə olunmasının qarşısı alınır. Bu mənzərə davamlı olaraq qərəzli informasiya hücumlarına məruz qalan Azərbaycan cəmiyyəti üçün xüsusilə aktualdır.


Bu mənada radikalların bayraqtutanı hesab olunan Əli Kərimlinin həbsi ətrafında olay yaratmaq istəyənlərin cəhdləri çox cılız və gülünc görünür. Əslində onların bu cəhdləri inersiyadan başqa bir şey deyil. Bəli, ola bilsin ki, növbəti ildə “demokratiyanın inkişafına” yönəlmiş qrantların hesabına biz məsələ ilə bağlı yeni “qımışlamalara” şahidlik edəcəyik. Ancaq həqiqət ifşa olunub və bütün mənalarda Vətəndən uzaq olanların “vətənpərvərlik” mahnılarının arxasında nələr dayandığını cəmiyyətimiz artıq çox gözəl bilir. Yaşanan hadisələr bizə açıq şəkildə onu göstərdi ki, bəhs etdiyimiz düşərgə əslində heç yox imiş, yırtıq bayraqları isə çoxdan cırılıbmış.

Bu günlərdə baş verən və istəmədən şahidlik etdiyimiz bəzi hadisələrin nəticəsində bizə daha aydın oldu ki, niyə “kimlərsə” ölkədə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühitini hədəfə alırmış? Ona görə ki, dialoq mühiti onların manipulyasiya imkanlarını məhdudlaşdırdı və məhz dialoq mühiti siyasi partiyaları dövlət və cəmiyyət naminə sağlam əməkdaşlıq yoluna gətirə bildi. Qısa müddət ərzində mövcud istiqamətdə görülən işlərin nəticəsində partiyalar siyasi institut kimi dayanıqlı inkişafın təməl göstəricisi olan ictimai konsensusun təmin olunması prosesinin mühüm iştirakçısına çevrilib.

Bəli, ola bilsin ki, bəzi partiyalar siyasi dialoqdan daha böyük nəticələri gözləyir. Onlar unutmamalıdırlar ki, “dialoq” mahiyyət etibarı ilə bir prosesdir və yekun strateji nəticələrə müvəffəq olmaq üçün mütləq zaman tələb olunur. Dialoq ilə bağlı müəyyən ənənələr formalaşmalı, tərəflər arasında etibarlı münasibətlər bərqərar olunmalı, bu münasibətlər müxtəlif sınaqlardan keçməli və əlbəttə ki, tərəflər arasında güvən yaranmalıdır. Dövlətin dialoq təşəbbüsü təqribən son 5-6 il ərzində mövcud istiqamətdə böyük məsafənin öhdəsindən gələ bildi. İlk dövrlərdə hətta nikbin düşünməyən və şübhə ilə yanaşan bəzi partiyalar çox az müddət sonra gördülər ki, dialoq mühiti partiyaların siyasi institut kimi inkişaf etməsi üçün əlverişli şərait yaradan bir şansdır.

Heç kim inciməsin, ancaq Azərbaycan reallıqlarını nəzərə alaraq, müxalifətdə olan siyasi partiyalar iqtidarın nəhəng resurslara malik olmasını gözardı edə bilməzlər. Regionun ən böyük siyasi qüvvəsi hesab olunan, sıralarında 700 mindən artıq üzvü olan, sədri isə dövləti tarixi Qələbəyə qədər inkişaf etdirməyə müvəffəq olmuş, habelə dünyada böyük nüfuza malik olan Prezident İlham Əliyev kimi şəxs olan Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq mümkünsüz görünür. Bəli, mövcud mənzərə obyektiv reallıqdır. Odur ki, məhz iqtidarın təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti ilk növbədə partiyalar üçün bir şansdır. Münasibətlər dialoq müstəvisindən “güləş” müstəvisinə keçid tapsa, partiyaların siyasi institut kimi aqibəti yumşaq desək çox qaranlıq olar. O cümlədən buna görə mövcud istiqamətdə atılan təşəbbüslər siyasilər tərəfindən yalnız təqdir oluna bilər.

Deyilənlər müstəvisində yaşanan son hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən sərgilənən mövqeyə diqqət yetirən zaman bir daha ona şahidlik etmiş oluruq ki, bizim partiyalar dövləti qoruyur və bu məsələdə öz ətrafında vətənpərvər qüvvələri toplayır. Yalnız bu cür yanaşma dövlətçilik mövqeyinin qorunmasının və konstruktiv əməkdaşlığın təzahürü hesab oluna bilər. Siyasi dialoq cəmiyyətin parçalanmasına yox, cəmiyyətdə olan potensialların səfərbər olunmasına xidmət edir. Bu mənada intriqalara qoşulmayan, radikalların təhdidlərindən çəkinməyən və bütün təxribatları rədd edən siyasi partiyalar gələcəyin milli qüvvəsinin ayrılmaz parçası sayıla bilər.

Vətənpərvər qüvvələr tərəfindən sərgilənən bu cür yanaşmanın nəticəsində radikalların daha bir təxribatı fiaskoya uğrayıb. Odur ki, mövcud konteksti inkişaf etdirərək çəkinmədən deyə bilərik ki, təxribatçılar növbəti dəfə Azərbaycanda yaşanan həmrəylik mühitinə uduzublar. İntriqalara qoşulmayan partiyalar xalqın və dövlətin yanında dayanmağı seçmişdilər. Bu məhz o partiyalardı ki, siyasi dialoqu dəstəkləyib və öz inkişaflarını dialoq vasitəsilə dövlət və xalqına xidmət etməkdə görürlər.

Bəli, məhz bu cür partiyalar yaşanan hadisələr ilə bağlı açıq mövqe nümayiş etdirməkdən çəkinmədilər və informasiya məkanında birliyi qorunmaq üçün öz dəstəyini əsirgəmədilər. Mövqeyini nümayiş etdirən partiyalar dolayıs ilə onları təhdid edən tərəflərə ismarış göndərmiş oldular ki, xalq-dövlət birliyi toxunulmaz dəyərdir. Bu mövqe isə dövlət və xalqa olan sadiqliyin bilavasitə təzahürüdür. Bəziləri mövqelərini açıq şəkildə nümayiş etdirməkdən çəkinən zaman siyasi partiyaların mütləq əksəriyyəti əksinə olaraq mövzunun üzərinə getdilər, bununla da dövlət və cəmiyyətə dəstək göstərdilər.

Əlbəttə ki, bu cür yanaşma və bu cür mühitin mövcudluğu Azərbaycanı daha güclü edir. Sözügedən təsbitin doğruluğunu biz xalq olaraq 44 günlük müharibədə gördük. Odur ki, siyasi dialoq cəmiyyətdə həmrəylik mühitini qoruyan ideoloji amildir. Dialoq siyasiləri və cəmiyyəti konsensusa dəvət etdiyi halda radikalların aqressivliyi isə müxtəlif münaqişələri təhrik edir.

Zamanında Azərbaycanda iqtidar ilə müxalifət arasında olan təmasların makler-vasitəçisi rolunu yerinə yetirən qüvvələrin bütün təzyiq və təxribatlarına rəğmən, siyasi dialoq mühiti növbəti dəfə sınaqdan uğurla çıxmağı bacardı. Bir daha qeyd etməliyik ki, dialoq bir prosesdir, bu prosesin inkişafı üçün isə həm zaman, həm resurslar tələb olunur. Necə ki, tarixi Qələbəmizin əldə olunmasını şərtləndirən amillərin təmin olunması uzun və hətta müəyyən mənada məxfi bir proses idi, dayanıqlı dialoq mühitinin yaşanması da müəyyən məxfiliyi tələb edən uzun prosesdir. Prosesin uğuru və müqavimətsiz cərəyan etməsi strateji məqsəd və planların məxfiliyindən asılıdır.

Konkret siyasi strategiyanın uğuru yalnız prosesin peşəkar planlamasından asılı deyil. Zamanlama və atılacaq addımların məxfiliyi də prinsipial məsələlərdəndir. Ölkəmizdə şahidlik etdiyimiz uğurlar məhz həmin keyfiyyətlərin təcəssümüdür. Diqqət yetirin, Prezident İlham Əliyev apardığı siyasətin nəticəsində digər ölkə başçılarının ritorikasında, eləcə də beynəlxalq mətbuatda Azərbaycanın dövlət başçısı ilə əlaqədar “dünyada tanınmış Prezident” paradiqmasından “dünyada nüfuza malik olan Prezident” paradiqmasına keçid baş verib. Zamanında sadəcə dünyanın siyasi xəritəsində yer tutmaq uğrunda mübarizə aparan Azərbaycan, indi Qalib dövlət kimi nüfuzlu aktora çevrilib. Bu cür “keçidlər” dövlətçilik tariximizin əlamətdar səhifələrindən biridir. Milli dövlətçilik ənənələrinin inkişafı naminə aidiyyəti “beyin” mərkəzləri qeyd olunan siyasi təzahürə mütləq diqqət yetirməldir. Çünki bu iki məfhum arasında fərqi duyanlar Prezident İlham Əliyevin siyasi strategiyasının son hədəfini də müəyyən edə bilər.

politoloq Asif Adil

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar