Ru
13:11 / 06 Fevral 2020

Ukraynalı deputat: "Bütün Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - MÜSAHİBƏ

4506
"BakuPost" Vesti.az-a istinadən Ukrayna parlamentində Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Volomımır Kreidenko ilə müsahibəni təqdim edir.

- 2019-cu ilin sonunda Ukrayna prezidenti Volodımır Zelenskinin Azərbaycana səfərinin nəticələrini necə dəyərləndirirsiniz?
- Bu səfər böyük hadisədi. Ukrayna və Azərbaycan nümayəndə heyətləri arasındakı danışıqlar qarşılıqlı səmimiyyət, etimad ab-havasında keçdi. Prezidentimiz də Ukrayna-Azərbayucan münasibətlərinin gələcəkdə daha da güclənəcəyinə, yeni səviyyəyə yüksələcəyinə əmin olduğunu bildirdi. Ukrayna ilə Azərbaycan ərazi bütövlüyünün, suveren hüquqlarının bərpası məsələsində bir-birini dəstəklədiklərini təsdiq etdilər. Bu da ölkələrimizin torpaqlarının zorakı işğalı məsələsinə vahid və ədalətli yanaşmamızı əks etdirdi. Həmçinin tərəflər arasında işgüzar fəaliyyətin tənzimlənməsi sahəsində əməkdaşlığa və başqa məsələlərə dair bir sıra sənədlər imzalandı.

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də Ukraynanın ərazi bütövlüyünü dəfələrlə dəstəkləyib. Bu, beynəlxalq aləmdə bir-birimizi dəstəkləməyimizin bariz nümunəsidir. İllərin sınağından çıxmış dostluq, qarşılıqlı etimad, qarşılıqlı dəstəyin nümunəsi qarşımıza çıxır. Prezident Zelenskinin bu səfərindən sonra Azərbaycanla münasibətlərimizin yeni təkan qazanacağından şübhəm yoxdur.

- Ukrayna parlamentində Ukrayna-Azərbaycan işçi qrupunun həmsədrisiniz. Qrupunuz qarşısında qoyulan ən mühüm vəzifələr nələrdir?
- İlk növbədə qrupumuz qarşısında GUAM çərçivəsindəki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq vəzifəsi durur. İkincisi, nəqliyyat, infrastruktur, enerji, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızı genişləndirməliyik. Xalqlarımız arasında mədəni əlaqələrin də inkişafı boyük əhəmiyyət daşıyır.

- Azərbaycanla əməkdaşlıq əlaqələri Ukrayna üçün hansı maraq kəsb edir?
- Ukrayna Orta Asiya təbii qazının Cənub və Şərq Avropaya nəql ediləcəyi Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Həmçinin prezident Volodımır Zelenski Azərbaycan şirkətlərini Ukraynaya daha çox sərmayə yatırmağa dəvət edib. Ölkələrimiz turizm sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlara malikdir.

- Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan Ukraynadakı azərbaycanlı diasporunun rolu barədə fikriniz nədir?
- Azərbaycan diasporu Ukraynada ən iri milli diasporlardandır. Ölkəmizdə 500 minədək azərbaycanlı yaşayır və Ukraynanın siyasi, sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Buradakı azərbaycanlılar prezident seçkilərinə də laqeyd qalmadılar. Ukrayna demokratik ölkədir, azərbaycanlılar da ukraynalılar, başqa millətlərlə yanaşı, azad və demokratik şəkildə səslərini verdilər. Bu yaxınlarda azərbaycanlıların təşkilat və cəmiyyətlərinin birləşərək Ukrayna Azərbaycanlıları Əlaqələndirmə Şurası çərçivəsinə daxil olduqlarını xatırlatmaq istərdim. Həmçinin Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun da ölkələrimiz arasındakı əlaqələrin inkişafındakı rolunu qeyd etmək istəyirəm. Elə bizim işçi qrupunun Azərbaycanla tanışlığı demək olar ki, Hikmət müəllimdən başladı. Bizim fəaliyyətimizi yoluna qoymaq üçün çox iş gördü. Bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanırıq. Hikmət Cavadov Azərbaycanda da Ukraynanın mövqeyini dəstəkləmək üçün ölçüyəgəlməz işlər görür, biz də bunu çox yüksək qiymətləndiririk.

- Ukrayna ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə bələddir?
- Vətəndaşlarımız bu məsələdən xəbərdardır. Sözsüz ki, bütün Ukrayna Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədlər daxilində ərazi bütövlüyünü, suveren hüquqlarını dəstəkləyir. Vətən torpaqlarının işğalı ilə bağlı ağrılı təcrübəyə yiyələnən ukraynalılar Azərbaycan xalqının da acısını bölüşürlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər