Ru
16:57 / 27 Yanvar 2021

Ümidsizlik, yoxsulluq... - Onları intihardan necə xilas edək? - Ekspertlər danışır

2973
Son günlərdə ölkəmizdə intihar hallarının sayı çoxalıb. Demək olar ki, hər gün bir neçə intihar hadisəsi xəbərlərini eşidirik. İntihar edənlərin əksəriyyətini isə gənclər və yeniyetmələr təşkil edir. İntiharı müxtəlif faktorlarla əlaqələndirirlər. Psixoloqlar bildirirlər ki, maddi sıxıntılar, boşanma, ailə daxili mübahisələr, uğursuzluqlar, işdən çıxarılma kimi problemlər intiharlarda ən çox rastlanan səbəblərdir.

Bəs son zamanlar intihar halları niyə daha da artıb? İnsanları necə bu yoldan xilas edə bilərik?

Mövzu ilə bağlı “BakuPost”a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, intihar hadisəsinə təsir edən əsas amil sabah haqqında təsəvvürdür:



“İnsan öz sabahına ümidli olanda düşdüyü çətinliklərdən çıxış yolu axtarır. Amma sabahı barədə ümidsizliyi olanda bu insana təsir edir. Əgər gərginlik içərisindədirsə, bu daha da artır, yaxud da yoxdursa həyatında gərginlik yaranır. İnsan özünü bir işdə tapmalıdır. Amma təəssüf ki, indi bir qrup insanlarımız, xüsusilə gənclərimizin konkret işləri yoxdur, gərginlik içərisindədirlər. Bu gərginliyi yaradan əsas səbəblərdən biri karantin rejimidir. İnsanlar öz yaxınlarına baş çəkə bilmir. Ünsiyyətin olmamağı psixoloji sarsıntı yaradır. Bundan başqa, insanların evə qapılması iqtisadi vəziyyətinə, eləcə də evdə ailə üzvləri ilə gərginlik yaradıb. Cəmiyyət günü-gündən mürəkkəbləşir. Mürəkkəbləşən cəmiyyətdə insanlar həssaslaşıb. Həssaslaşan cəmiyyətdə bu məsələlərlə bağlı xüsusi humanitar siyasət həyata keçirmək lazımdır. Təəssüf ki, buna lazımi diqqət vermirik”.

“Statistikaya görə, indi evlənənlərin 30 faizi boşanır. Boşanırlarsa, deməli, evdə bundan 2 dəfə çox gərginlik yaranıb. İnsanlar ailədə gərginlik içərisindədir, sabaha olan inamları da arzuolunan səviyyədə deyil”, - deyən sosioloq vurğuladı ki, bəziləri intiharın iqtisadi vəziyyətlə bağlı olduğunu düşünür: “Bu belə deyil. Çünki İkinci Dünya Müharibəsindən sonra insanlar ağır iqtisadi vəziyyətdə idilər. Amma sovet ideologiyası bunun yolunu tapmışdı. İnsanlara sabah haqqında ümidverici şeylər danışırdılar. Bunun üçün xüsusi tədbirlər də görülürdü. İnsanları inandırırdılar ki, çətinlik müvəqqətidir, keçib gedəcək. Bu istiqamətdə bizdə də işlər aparılmalıdır. Digər tərəfdən, informasiya baxımından da xeyli problemlərimiz var. Televiziyalardan bütün günü gərgin xəbərlər alırıq, bu da insanı vahimələndirir. Bütün bu məsələlərlə bağlı ideoloji, psixoloji, elmi əsaslarla cəmiyyətdə işlər getməlidir ki, burada tənzimləmə olsun. İnsanları xilas edən məsələlərdən biri mənəvi zənginlikdir. Mənəvi zənginliyə dini məsələlərdə kömək edə bilər. İmanlı insanlar təbii ki, Allahdan qorxub, özlərinə qəsd etmirlər. Digər tərəfdən, mənəvi məsələlər, hədislər haqqında eşitdikcə daxildə zənginlik yaranacaq. Eyni zamanda, işıqlı bədii ədəbiyyat da bu məsələdə faydalıdır. Bunların hamısını nəzərə alaraq ciddi fəaliyyət proqramları olmalı, humanitar siyasət müəyyənləşməlidir. Bununla bağlı təkliflərimi lazımi orqanlara, təşkilatlara yazmışam, reaksiya vermirlər. Cəmiyyətimizə, insanlara dəstək olmalı, onlara kömək etməliyik”.

Psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, intihar insanın şüurlu şəkildə həyatını sonlandırması deməkdir:



“Ümumiyyətlə, insanlar birdən-birə bu qərara gəlmirlər. İntihardan əvvəlki dövr çox önəmlidir. Bu dönəm intihar edən şəxsin ətrafındakı insanlar, onun çevrəsi diqqətli olmalıdırlar. Əslində onlar gizli mesaj verirlər. Həyatdan bezməsi, müalicə üçün dərman qəbul edirsə, onu dayandırması, yolu keçərkən heç nəyi vecinə almaması, maşını sürətli idarə etməsi və s. kimi kiçik siqnallar bizə xəbərdarlıq etməlidir ki, həmin insanın həyatı ilə bağlı ciddi təhlükə yarana bilər. Belə bir yanlış fikir var ki, intihar etmək istəyən insan bunu dilə gətirmir. Bəzən insanlar bunu öz dilləri ilə etiraf edirlər. İntihar ağır depressiyanın nəticəsi olur. Ağır depressiyadan sonra çarəsizlikdən, ümidsizlikdən, son həddə gəldiklərini hiss edirlər və həyatlarını sonlandırmaq qərarına gəlirlər. Bu daha çox müəyyən yaşa gəlmiş insanlarda intihar səbəbidir. Amma gənclərdə, yeniyetmələrdə isə diqqət cəlb etmək istəyindən bunu edirlər. Başqa bir səbəb əvəz çıxmaqdır. Qarşı tərəfin canını ağrıtmaq, ona ömürlük vicdan yükü olmaq üçün intihara əl atırlar”.

Psixoloq əlavə etdi ki, sovetlər vaxtında intihar xəbərləri cəmiyyətdən gizlədilirdi: “Əslində, intihar halları bir çox şəxslərə “örnək” olur. Bunun açıq-aydın göstərilməsi insanların psixologiyasına təsir edir. Son günlər qadının özünü atarkən çəkilmiş və yayılan videosunu uşaqların da görməsi, qışqırıq səsləri onlar üçün ömürlük travmadır. Ona görə də bu videoların sosial şəbəkələrdə paylaşılmasının əleyhinəyəm. İntiharların artmasına səbəblərdən biri də problemləri həll edə bilməməsi, tək qalmasıdır. Təəssüf ki, intihar halları getdikcə artacaq. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Dünyada hər 1 saniyədə 3 insan intihar edir. Pandemiya, insan ruhunun məhbus edilməsi, rutinimizin tamamilə dəyişməsi, işsizlik, maddi sıxıntı, müharibə dövründən çıxdıq, müəyyən şəxslər bununla bağlı daha çox sarsıntı keçirdi. Bunlar yığılır, insanlar isə mütəxəssislərə müraciət etmirlər”.

Aygün Nəbiyeva

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər