Ru
17:41 / 01 Sentyabr 2021

Ölkədə vaksin xaosu: “Kənd Təsərrüfatı Nazirliyi nəzarət etməlidir?” - Deputatdan etiraz - VİDEO

14929
Bu gündən etibarən Nazirlər Kabinetinin müəyyən etdiyi qərarla insanların bəzi məkanlara yalnız COVID-19 pasportu əsasında girişinə icazə verildiyi üçün vətəndaşlar vaksin olunmaq üçün tibb müəssisələrinə axın edir. Belə olduğu halda, poliklinikalar qarşısında uzun növbələr yaranır. Əhali arasında vaksinasiya prosesi və ona nəzarət mexanizmi ilə bağlı ciddi narazılıqlar, etirazlar baş qaldırıb. Hər gün sosial şəbəkələrdə sözügedən problemi əks etdirən müxtəlif tibb müəssisələri qarşısından görüntülər paylaşılır.

Bu görüntülər onu deməyə əsas verir ki, vaksin vurdurmaq üçün gələn şəxs elə həmin sıxlıqda, uzun növbələrdə koronavirusa yoluxa bilər. Belə ki, vətəndaşlar onlayn növbə əsasında peyvənd məntəqələrinə yaxınlaşsalar da, vaksin olunmaq üçün səhərdən axşamadək insanların sıx toplaşdığı uzun sıralarda gözləməli olurlar.



Bəs bu problemin həlli ilə bağlı aidiyyəti qurumlar hansısa tədbirlər həyata keçirəcəkmi?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, TƏBİB yalnız regionlarda peyvəndlənmə prosesi ilə məşğuldur:

“Eyni zamanda qurumların müraciəti əsasında səyyar vaksinasiyaları həyata keçirir. Bakı şəhəri üzrə peyvəndlənmə prosesi və onlayn növbə sistemi ilə bağlı aidiyyəti üzrə müraciət edə bilərsiniz”.



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də məsələnin onlara aidiyyəti olmadığını qeyd edib:

““Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın həyata keçirilməsi prosesi çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib. Peyvənd olunmaq üçün vətəndaşlar sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir. Peyvənd məntəqəsindəki vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur”.



Səhiyyə Nazirliyi hələ avqustun 24-də açıqladığı rəsmi məlumatda sıxlıqların tənzimlənə bilməməsini belə izah edib:

“Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə Bakupost.az -a açıqlamasında bunun TƏBİB-in vəzifəsi olduğunu deyib:


“Növbələri azaltmaqdan ötrü bütün resurslar oraya cəlb edilməlidir. Həm tibbi personal resursları, həm otaqlar, həm də gərək olarsa özəl klinikalarla müqavilə bağlayıb, onları da cəlb etmək lazımdır. Belə çıxır ki, vətəndaşlar gəlir, amma səhiyyə orqanları onların vaksinasiya prosesini vaxtında həyata keçirmir. Əlbəttə, bu doğru bir şey deyil. Həm Operativ Qərargahın, həm TƏBİB-in borcudur ki, vaxtında vətəndaşın lazımi xidmətini təşkil etsin. Necə yəni bizlik deyil, bu nə deməkdir? Deməli, bizlik deyil deyənlər aid olduqları yerdə deyillər. Onlar gecə-gündüz yatmalı deyillər. TƏBİB-in bütün personalı poliklinikaların, tibb müəssisələrinin qarşısında olmalıdır. Hamısı orada olmalıdır ki, o iş düzgün tənzimlənsin. Ölkədə karantin fövqəladə bir vəziyyətdir. Fövqəladə vəziyyətin həvalə edilməsi, idarəsi TƏBİB-ə, İTS-yə, Səhiyyə Nazirliyinə verilir. Əgər bunlarlıq deyilsə, o zaman kim etməlidir? Kənd Təsərrüfatı Nazirliyi gəlib etməyəcək ki?”.

Aygün Nəbiyeva
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər