16:12 / 25 Oktyabr 2021

Vətən Müharibəsinin qazi müəllimi: “Şagirdlərimə söz vermişdim” - MÜSAHİBƏ - FOTOLAR

8324
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən Müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Vətən müharibəsi bitsə də, izləri hələ də qalmaqdadır, yəqin ki, əbədi də qalacaq. Qəhrəman qazilərimiz isə həm də öz bədənlərində onun izlərini daşıyırlar.


Bakupost.az -ın bugünkü müsahibi Füzuli, Xocavənd istiqamətində qəhrəmanlıqla döyüşən, Yardımlı rayonu Horonu kənd tam orta məktəbinin tarix müəllimi, qəhrəman qazimiz Asif Məmişzadədir.



- Xoş gördük sizi Asif müəllim! İlk olaraq sizin kimi bir qəhrəmanı tanımaq bizim üçün fəxrdir. Bizə bir az özünüzdən danışın. Neçənci ildə, harada anadan olmusunuz?

- Mən Asif Məmişzadə İdris oğlu 1 yanvar 1993-cü ildə Yardımlı rayonu Vərgədüz kəndində anadan olmuşam. Orta təhsili Vərgədüz kənd tam orta məktəbində almışam. Daha sonra 2011-2013-cü illərdə hərbi xidmətdə olmuşam. Hərbi xidməti bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tarix-coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam. 2017-ci ildə universiteti bitirib, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edib, uğur qazanaraq Yardımlı rayonu Məlikli kənd tam orta məktəbində tarix müəllimi işləmişəm. 2020-ci ildə yerdəyişmə edərək Yardımlı rayonu Horonu kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətimi davam etdirirəm. Ailəliyəm iki qızım var.


- İki uşağınızı qoyub müharibəyə getdiniz...

- Bu, mənim arzum idi. Şagirdlərimə hər dəfə işğalda olan torpaqlarımızdan danışanda başımı aşağı əyirdim. Amma hər dərsimdə onlara deyirdim ki, gün gələcək müzəffər ordumuz torpaqlarımızı düşmən işğalından azad edəcək. Mən də sizin müəlliminiz olaraq orada iştirak edəcəm. Bu belə də oldu. Müharibə başlamazdan əvvəl təlimlərə qatılmaq üçün öncə ailəmin rizasını aldım, daha sonra rayon səfərbərlik xidmətinə müraciət edərək 21 sentyabrda könüllü şəkildə təlimlərə qoşuldum.

- Döyüşlərə hansı istiqamətdə başladınız? Şəhid və ya qazi olmaq ağlınzdan keçirdimi?

- 2020-ci il 27 sentyabrında Füzuli və Xocavənd istiqamətində ağır gedən döyüşlərə daxil olduq. Mövqelərimizə yerləşib düşmənin hədəflərini məhv edirdik. Ağlımda şəhid olmaq kimi düşüncələr var idi. Ya sağ qayıdacam, ya da şəhid olacam deyə düşünürdüm. Qazi olmağı heç düşünməmişdim. Füzuli istiqamətində çox ağır döyüş keçdi, həmçinin yaralılarımız və şəhidlərimiz də çox oldu.

- Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu?

- Ən ağır döyüş Füzuli istiqamətində oldu. Demək olar ki, düşmənlə aramızda 40- 50 metr məsafə var idi. Çünki ermənilər orada möhkəm istehkamlar qurmuşdu. İki gün demək olar ki, ac-susuz ora daxil olmaq üçün mübarizə apardıq. Düşmən bəlkə də gəlişimizə hazır idi, amma yenə də darmadağın edildi. Ermənilər elə təşvişə düşmüşdülər ki, sadəcə qaçıb canlarını qurtarmaq istəyirdilər. Bunlar heç də söz deyil. Biz hamımız bunu gördük.

- Ərazidə minalar çox idi?

- Çoxlu minalı ərazilər var idi. Hətta gözümün qarşısında bir silah yoldaşımız minaya düşərək ayağından ağır yaralandı. Erməni əsgərləri heç kimin düşünmədiyi yerlərə minalar yerləşdirmişdi. Ən dəhşətlisi isə su bulağına yerləşdirilən minalar idi. Onu da qeyd edim ki, düşmən axşamlar çiskinli hava şəraitində atəş açmağa başlayırdılar. Onlar tez-tez mövqe dəyişirdilər. Ona görə də gözləyib, yeri dəqiqləşdirib, bir həmlə ilə onları məhv edirdik.



- Ailənizlə danışa bilirdinizmi?

- Ailəmlə müharibənin ilk günlərində əlaqə saxlaya bildim. Atama-anama narahat olmasınlar deyə, “arxadayam, döyüşə girməmişik” dedim. Amma yaxın dostlarıma zəng edib “ailə-uşağıma və ata-anama yaxşı baxın” deyib sağollaşmışdım. Çünki inanmırdım ki, sağ qayıdacam.

Döyüşə könüllü gedəndə ailəmi gözümün önünə gətirmişdim. Atam-anam olsa da, özüm də atayam... Uşaqlarıma görə çox narahat idim. Amma Vətən hər şeydən önəmlidir. Övladlarım bu Vətəndə rahat yaşasın deyə, bu döyüşlərdə gözümü qırpmadan iştirak etdim.

- Döyüşün ən qızğın anlarında ağlınıza nələr gəlirdi, nə hisslər keçirdirdiniz?

- Döyüş vaxtı qollarını, ayaqlarını itirən qardaşlarımız çox oldu. Hər an Allaha dua edirdim ki, ya şəhidlik qismətim olsun, ya da sağ-salamat qələbə ilə evə dönüm. Şükür ki, qazi oldum, qələbə qalasının bir daşı olmaq mənə də qismət oldu.

- Hansı istiqamətdə və hansı şəraitdə yaralandınız?

- Axırıncı dəfə 21 nəfər silah yoldaşlarımla Füzuli istiqamətində ağır şəraitdə döyüşürdük. 15 döyüş yoldaşım yanımda şəhid oldu, 6 nəfər isə yaralandıq. Özüm yaralı halda 2 yaralı qardaşıma kömək edib oradan çıxara bildim. Sonra taqətdən düşüb özümdən getmişəm. Ayılanda isə Füzuli rayon xəstəxanasında idim. Mənim sağ qalmağım möcüzə idi. Yanıma 120 lik minamiyotun düşməsi nəticəsində başımdan və ayağımdan ağır yaralanmağıma baxmayaraq sağ qaldım. Bu həqiqətən Allahın möcüzəsi idi. Bəlkə də Allah məni qızlarıma bağışladı.


-Yaralanmağınızla bağlı ilk xəbəri kimə dediniz?

- Füzuli Mərkəzi Xəstəxanasında bir az huşum özümə gəlmişdi. Tibb bacısının telefonu ilə qardaşıma zəng edib yaralandığımı, amma narahat olmamalarını dedim. Tez yaralanmağımı heç istəmirdim. Çünki silah yoldaşlarımla düşmənin üstünə getmək, onları bir-bir məhv etmək istəyirdim. Amma qəhrəman qardaşlarımız şəhidlərimizin qisasını aldılar.

- Döyüşdən yadigar saxladığınız nəsə varmı?

- Döyüşdən yadigar qalan yaralı halda olan şəkillərim və bir də ömrümün axırına kimi ayağımda qalacaq olan 5 qəlpədir.

- Ayağınızdakı qəlpələri niyə çıxarmaq mümkün deyil? Qəlpələr sizi incidirmi?

- Həkimlər əvvəldən mənə deyib ki, qəlpələr çıxarılsa, sinirə toxuna bilər və problem daha da böyüyər. Ona görə də ayağımdakı qəlpələrlə bağlı əlavə həkimə getməmişəm və yaxud Yaşat Fonduna müraciət etməmişəm.

Soyuq havalarda və birdə çox yeriyəndə qəlpələr bir qədər incidir. Hətta başımdan yaralananda, hər iki qulağımda pərdə deşilmişdi. Lənkəran və Yardımlıda bir neçə həkimə getdikdən və uzun müddət müalicədən sonra hardasa bir az düzəldi.

- Eyni zamanda qəhrəman tarix müəllimisiz...

- Bu qələbədə mənim də payım olduğu üçün tarix müəllimi kimi qürur hissi keçirirəm. Hər zaman şagirdlərə rayonlarımızın işğal tarixi haqqında utana-utana danışırdım. İndi isə artıq qürurla torpaqlarımızın azad olunmasından, qəhrəman Azərbaycan oğullarından və əlbəttə ki, bu qələbənin əsas qəhrəmanları olan şəhid qardaşlarımızdan danışıram. Onların igidliyi, şücaəti qarşısında düşmənin necə diz çökdüyünü, qoyub qaçdığını, eyni zamanda ordumuzun gücündən fəxrlə danışıram. Çünki ilk başdan düşmən bizim qələbəyə nə qədər iddialı olduğumuzu və yaxşı silahlandığımızı gördü. Məhz bu qorxu sonrakı döyüşlərdə düşməni silahlarını atıb qaçmağa məcbur etdi. Əsgərlərimizin ruh yüksəkliyi çox böyük idi. Təsəvvür edin yaralansaq da döyüş meydanını tərk etmək istəmirdik. Hər kəsin ağlında bir fikir var idi: öldü var, döndü yoxdur!

- Hazırda sosial vəziyyətiniz necədir?

- İki qız övladım var. Allah hər kəsə nəsib etsin. 2017-ci ildən də tarix müəllimi işləyirəm. Müharibədən sonra 1500 manat məbləğində kredit borcumla bağlı bir dəfə Yaşat Fonduna müraciət etmişəm. Sağ olsunlar həll ediblər. Eyni zamanda bütün həkimlər təmənnasız xidmət göstəriblər.


- Haqq savaşımızda Qələbə qazandıq. Xidmətləriniz dövlətimiz tərəfindən də qiymətləndirilib...

- Bu qələbəni Allaha, Ali Baş Komandanımıza, şəhidlərimizə, qazi qardaşlarımıza, əsgər və zabitlərimizə borcluyuq. Şəhid olan qardaşlarımızın ailələrinə baş sağlığı verirəm. Xalqımızın da bu müharibədə bizə verdiyi dəstək sözlə ifadə edilməz qədər möhtəşəm idi. Adını bildiyim, bilmədiyim minlərlə cəsur, igid, qorxmaz qardaşlarımızın sayəsində böyük qələbə qazandıq. Biz qisas almağa getmişdik. Öz haqqımız olanı da aldıq. Bəli, mən ölkə başçısının sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundum.

Sonda onu da demək istəyirəm ki, gənclərimizə qarşı bütün səhv düşüncələr dəyişdi. Çünki gənclərin yazdığı qəhrəmanlıq tarixi heç vaxt unudulmayacaq. Bütün dünya Azərbaycan gənclərinin, Azərbaycan oğullarının gücünü gördü.





Fəridə Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər