Ru
19:10 / 24 Sentyabr 2021

"Vətəndaş niyə eyni analizə görə müxtəlif laboratoriyalara müraciət etməlidir?" - Professor

3347
"Azərbaycanda təkrar analiz vermə hallarının artması səhiyyə məmurlarımız üçün bir siqnal olmalıdır".

Bunu Bakupost.az -a Dünya Tibbi Hüquq Assosiyasiyasının (DTHA) birinci vitse-prezidenti, tibb elmləri doktoru, professor Vüqar Məmmədov deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasından əvvəl də vətəndaşlar müxtəlif laboratoriyaların analizlərinin nəticələrinin fərqli olmasından çoxsaylı şikayətlər edirdilər:



“Vətəndaşların təkrar analiz vermə halları xeyli artıb. Ümumiyyətlə, vətəndaş niyə eyni analizə görə müxtəlif laboratoriyalara müraciət etməlidir? Bunu normal hal hesab etmək olarmı? Bu halın özü səhiyyə məmurlarımız üçün bir siqnal olmalıdır, məsələyə geniş baxılmalıdır”.

V.Məmmədov hesab edir ki, bu gün insanların səhiyyəyə inamı çox azalıb:

"Digər klinikalara təkrar müraciətlərin sayının çox artması ilkin laboratoriyada keyfiyyətsiz analiz və pis xidmətdən başqa, həm də vətəndaşın səhiyyəyə olan inamsızlığının artmasının göstəricisidir. Səhiyyə qurumları da işlərini elə qurmalıdırlar ki, insanlar təkrar analiz verməyə lüzum görməsinlər, səhiyyə sisteminə, onun keyfiyyətinə inansınlar".

Mütəxəssis qeyd edib ki, vətəndaşın “analizin cavabları niyə fərqlənir” sualına səhiyyəyə rəhbərlik edən qurumlar cavab verməlidirlər:

“Bu kimi sualları cavablandırmaq üçün heç olmasa, hansısa bir “pəncərə”, “qaynar xətt” olmalıdır, cəmiyyətlə birbaşa asan işləyən kommunikasiya yaradılmalıdır. Vətəndaş bu “pəncərəni” döyərək ödədiyi məbləğ müqabilində doğru cavab almaq hüququnu tələb etməli, onu maraqlandıran suallara cavab tapmalıdır. Dediyimiz bu “pəncərə” bu gün haradadır? Bunu bilən yoxdur. Deyəcəklər ki, “Qaynar xətt”imiz var. Təcili yardımın 103 nömrəsindən başqa - orada da bəzən problemlər olsa belə - onların heç biri yaxşı işləmir, “Qaynar xətt” nömrələri səmərəsizdir, ora zəng edən insanları çox incidirlər. Pandemiya zamanı dəfələrlə özümüz də müraciət etmişik, cavab ala bilməmişik, alsaq da müraciət qeyd olunur, sonradan heç bir dönüş olmur. Müraciətin elə bil «quyuya» düşür. Yuxarılarda oturan məmurlar isə yenə də eyni sözü- "“Qaynar xətt”imizə zəng vurun" deməklə cəmiyyətin hörmətini, inamını itirirlər. Çünki aydın olur ki, səhiyyə sistemində “yuxarı”ların ya aşağıda baş verənlərdən xəbərləri yoxdur, ya da ümumiyyətlə, insanların problemləri onlar üçün maraqsızdır”.

Ayan Əlizadə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər