Ru
15:20 / 27 Sentyabr 2019

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başladı - Açılışdan reportaj

8577

Bakı bu il artıq 6-dəfə Beynəlxalq Kitab Sərgir-Yarmarkasına ev sahibliyi edir. Dünyanın 22 ölkəsindən 40 xarici nəşriyyat, ploqrafiya müəssisəsi və kitab evlərinin də qatıldığı sərgi-yarmarkaya bu gündən start verildi. Ədəbiyyatdan sənətə, elmdən siyasətə, uşaq ədəbiyyatından təhsilə, araşdırma və tədqiqatdan fəlsəfəyə qədər hər mövzuda qələmə alınan əsərlər kitabsevərlərin ixtiyarına veriləcək.


BakuPost xəbər verir ki, Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasını Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış nitqi ilə açıb. O bildirib ki, Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük maraq var. Nazir qeyd edib ki: “Bu gün Azərbaycan öz nəşriyyat işinə çox böyük əhəmiyyət verir və Azərbaycanda onlarla nüfuzlu nəşriyyat fəaliyyət göstərir. Heç təsadüfi deyil ki, Azərbaycan kitabları dünyanın müxtəlif kitab səgilərində özünə müvafiq və layiqli yer tutub. Bu il Moskva şəhərində keçirilən böyük kitab sərgisində Azərbaycan nəşrinin Qran- Pri mükafatına layiq görülməsi bunu bir daha sübut edir”.

Nazir həmçinin onu da qeyd edib ki, bu il ölkədə “Nəsimi ili” çərçivəsində bir çox tədbirlər keçirilir. Bu gün təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da “Nəsimi ili”nə həsr olunub. Əbülfəs Qarayev həmçinin sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacağını vurğulayıb. Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masa”ların, müzakirələrin aparılacağını da bildirib.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş Nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.



Daha sonra qonaqlar sərgi ilə yaxından tanış oldular. “Qanun”, “Xan”, “Azərnəşr”, “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Letterpress” və digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) də ayrıca stendlə təmsil olunur.
Sərgidə, həmçinin İranlı Mühacirlər Cəmiyyəti öz stendləri ilə çıxış ediblər.

Qeyd edək ki, sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər.















Günel Musa
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər