Ru
17:16 / 11 Mart 2021

Viran qoyulmuş Qarabağ “ağıllı” şəhər və kəndlərə çevriləcək

6105
Emilya Səfərəliyeva,
Bakı şəhər Novruzov Qardaşları adına 36 nömrəli tam orta məktəbin direktoru

30 ildir kağız üzərində qalan BMT qətnamələrinin icrasını Azərbaycan öz ordusunun gücü ilə 44 gün ərzində təmin etdi. Münaqişənin “hərbi həlli yoxdur” tezisini rəsmi Bakıya qəbul etdirmək istəyən vasitəçilərə İrəvanın destruktiv ritorikası - “Qarabağ Ermənistandır”tezisinə söykənən açıqlamaları cavab sayılmalı idi. Çünki bu fonda münaqişənin əslində, sülh yolu ilə həlli görünmürdü. Ancaq görünür, status-kvo kimlərisə qane edirdi.

Azərbaycan danışıqlara sadiqlik nümayiş etdirməklə yanaşı münaqişənin hərbi həllini də, hər şeyə rəğmən istisna etmir və müharibəyə hazırlaşırdı. Ali Baş Komandan bunu gizlətmir və vasitəçilərdən işğalçı ilə işğala məruz qalanı fərqləndirməyi, Ermənistana təzyiq göstərməyi tələb edirdi. Prezident İlham Əliyev, indi - qələbədən sonra həmin mərhələni xatırladaraq deyir: “Nə qədər siz də eşitmişiniz, Azərbaycan xalqı da eşidib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Ta adam qalmamışdı bunu deməsin. Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər məni, necə deyərlər, inandırmağa çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Açıq demişdim, bunu mən gizlətmirdim. Bu hazırlıq dövrü idi”.

Hazırlıq dövrü Azərbaycanın nəinki Cənubi Qafqazın ən güclü dövlətinə, hətta dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsi ilə xarakterik oldu, Bakı eyni zamanda diplomatik müstəvidə gücləndi - beynəlxalq gündəliyi müəyyən edə biləcək qədər reputasiyaya sahib mərkəzə çevrildi.

İqtisadi və siyasi müstəqillik

Azərbaycan iqtisadi gücünü artırmaqla siyasi müstəqilliyini təmin etdi. Bu müstəqillik ona güclü ordu qurmağa və lazım olan anda tarixi ədaləti bərpa etməyə imkan verdi. Son 17 ildə Azərbaycanın yaratdığı iqtisadi reallıq nədən ibarət idi? Bəzi rəqəmlərə diqqət yetirək:

- Ümumi daxili məhsul 3 dəfə artdı;
- Qeyri-neft sektoru 2,9 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə artdı;
- Yoxsulluq 49 faizdən 5 faizə endi;
- Dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin normal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artdı və s.

Nəhayət, Azərbaycan dünyanın ən güclü 50 ordusu sırasına daxil olan innovativ, müasir ordu qurdu. Bütün bu reallıqlar diplomatik müstəvidə ardıcıl qələbələrlə, münaqişənin ədalətli həllini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən hüquqi baza formalaşması ilə sinxronluq təşkil edirdi.

Postmüharibə dövrü: Bərpa mərhələsi

Qazanılmış qələbədən sonra bölgədə yeni siyasi konfiqurasiya və reallıqlar formalaşıb, regional əməkdaşlıq imkanları yaranıb. Bu, bölgədə uzunmüddətli sülh və inkşaf üçün əhəmiyyətli katalizator, həlledici faktora çevrilə bilər.

Eyni zamanda Azərbaycan Qarabağı bərpasını həyata keçirməyə, dağıdılmış əraziləri bərpa etməyə başlayır. Özü də sadəcə, bərpa etmək yox - ən müasir, yeni çağırışlara uyğun şəkildə. Ermənilərin viran qoyduğu Qarabağ “Qafqazın Xerosiması”ndan (bu, xarici jurnalistlərin Ağdama verdiyi ad idi) “ağıllı şəhər”lərə və “ağıllı kəndlərə” çevriləcək.

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi tarixi mətbuat konfransında bərpa prosesini konseptual və lakonik şərhini bu cür verdi:

“Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.

Ölkə iqtisadiyyatı üçün yeni drayverlər

Qarabağın işğaldan azad edilməsi ölkə iqtisadiyyatına yeni drayverlər də qazandıracaq. Şübhəsiz, bölgənin bərpası böyük investisiya tələb edir, ancaq bu ərazilər də öz resursları ilə ölkə iqtisadiyyatının inkişafı üçün yeni impulsa çevriləcək.

Birincisi, kənd təsərrüfatı – aqrar zona kimi tanınan Qarabağın bu yöndə olduqca böyük potensialı mövcuddur. Hesablamalara görə, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edib. İşğalçı isə bu torpaqlardan səmərəsiz istifadə edib - təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizindən istifadə edilib. Bölgənin bərpası Azərbaycanın ərazaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

İkincisi, təbii resurslar - Qarabağ əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqa resurslara malikdir ki, bu da Azərbaycan iqtisadiyyatı üçün əlavə mənbə demək olacaq.
Turizm potensialı – Qarabağdakı tarixi abidələr, füsünkar təbiət bölgəni cazibədar turizm zonasına çevirmək imkanı yaradır.

Alternativ enerji imkanları – bölgədə su, külək elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Artıq Laçında, Güləbird kəndində tikilən su elektrik stansiyası prosesin başlandığını təsdiq edir. Dövlət başçısı regionun bu potensialından lazımınca istifadə olunacağını dəfələrlə qeyd edib.

Nəhayət, nəinki Qarabağın, bütün bölgə ölkələrinin inkişafını stimullaşdıracaq nəqliyyat dəhlizləri – bəli, yeni koridorlar iqtisadi inkişafın əhəmiyyətli drayverinə çevrilə bilər. Yeni nəqliyyat xəritəsində Azərbaycanın mühüm haba çevriləcəyi şübhəsizdir. Ancaq yeni dəhlizlər, istisnasız olaraq, bütün bölgə ölkələrinin maraqlarına xidmət edəcək. İran və Ermənistan arasında zaman-zaman gündəmə gələn, ancaq gerçəkləşməsi olduqca mürəkkəb görünən dəmiryolu əlaqəsi də yeni perspektivlər fonunda aktuallığını itirir. İndiki halda Zəngəzur dəhlizi İranın Ermənistanla əlaqəsini asanlaşdıracaq. Bundan əlavə, Azərbaycanın Naxçıvan və Türkiyə ilə, Rusiyanın Ermənistan və İranla Naxçıvan ərazisində keçməklə dəmir yolu bağlantısı yaranacaq. Bu, həm də Naxçıvanın blokadandan çıxmasını şərtləndirən tarixi hadisə olacaq. Eyni zamanda İranla Ermənistan arasında, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı yaranacaq. Bunlar regional nəqliyyat şəbəkələrinin yalnız bir neçə həlqəsidir. Ümumilikdə isə Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığından söhbət gedir.

Beləliklə, deyə bilərik ki, bütün komponentlər üzrə bölgə üçün, o cümlədən Azərbaycan üçün yeni, tarixi dövrə qədəm qoyuruq. Bu dövr sülh, əməkdaşlıq, inkişaf, rifah dövrüdür!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər