15:41 / 06 Oktyabr 2021

Virtual Qlobal Parlamentlərarası Forumu: hansı mövzular müzakirə olunacaq?

596

Bu gündən 2021-ci il Virtual Qlobal Parlamentlərarası Forumu öz işinə başlayır.


Bakupost.az xəbər verir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsinin Dünya Bankı Qrupu və BVF ilə birgə həyata keçirdiyi Forumun bu ilki mövzusu "Daha güclü, daha ədalətli və daha yaşıl qayıdış"dır.

Forum COVID-19-la mübarizə və pandemiyanın yaratdığı mənfi təsirlərlə yanaşı, dünyada artmaqda olan bərabərsizlik və milyonlarla insanı yoxsulluğa sürükləyən təbii fəlakətlərlə bağlı müzakirələrə həsr olunacaq.

Cari ilin 6-8 və 11 oktyabr tarixlərində keçiriləcək bu Forum dünyanın müxtəlif ölkələrindən olan deputatların Dünya Bankı və BVF rəhbərliyi ilə inkişaf və qlobal iqtisadi mövzularda birbaşa dialoq aparması üçün mühüm bir platformadır.

Bu platformada parlament üzvləri postpandemiya dövründə dayanıqlı və inklüziv strategiyaların təbliğ olunması üçün öz təcrübələrini bölüşəcək, eyni zamanda dörd gün ərzində davam edən virtual sessiyalarda, qlobal sağlamlıq prioritetlərinə, ətraf mühitə, özəl sektorun daha yaxşı və daha əhatəli cəmiyyətin qurulmasında roluna xüsusi diqqət yetirərək ictimai siyasəti müzakirə etmək imkanı əldə edəcəklər.

Həmçinin, deputatlar Dünya Bankı Qrupu və BVF-nin yüksək səviyyəli idarəetmə mütəxəssisləri, xüsusən də BVF-nin idarəedici direktoru Kristalina Georgieva və Dünya Bankı Qrupunun prezidenti David Malpass ilə "Daha güclü, daha ədalətli və daha yaşıl qayıdış" şüarı altında müxtəlif mövzular ətrafında geniş müzakirələr aparacaqlar.

2021-ci il Virtual Qlobal Parlamentlərarası Forumda ölkəmizi Millli Məclisin depuatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev təmsil edəcəkdir. Forumun ikinci günündə BMT-nin iqlim dəyişikliyi konfransı - COP26-ya gedən yol sessiyasında Məzahir Əfəndiyevin çıxışı planlaşdırılıb.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Vayuta Fondu üzrə Parlament Şəbəkəsi 140-dan çox ölkədən olan parlamentarilərin Beynəlxalq Maliyyə Təşkilatlarında hesabatlılığın, şəffaflığın və çoxtərəfli inkişafın maliyyələşdirilməsi üçün bir araya gəlməsini təmin edir. 2000-ci ildən bəri Şəbəkə üzvləri öz ölkələrində və xaricdə qlobal mövzular içərisində inkişaf və makroiqtisadi problemləri həll etməyə çalışır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər