Ru
10:58 / 09 Sentyabr 2019

Xınalıqda qeyri-adi aksiya - VİDEO - FOTOLAR

8773



Belə layihələr Bakının mərkəzində tez-tez baş tuturdu. Sentyabrın 6-da Dövlət Turizm Agentliyi və “VarYox” art platformasının Qubanın Xınalıq kəndində birgə təşkil etdiyi "Dağların başı" layihəsi isə həm qeyri-adiliyinə, həm də keçirildiyi əraziyə görə fərqli idi.


Odur ki, biz yola düşəndə hər kəs nələrin baş verəcəyi, hansı maraqlı görüntülərlə qarşılaşacağı barədə düşünürdü...
Xınalıq - 5000 il tarixi olan qədim yaşayış məskənidir. Təbii, bu kənd haqqında çoxumuz eşitmişik, bəzilərimiz burada olmuşuq. Düşündüm ki, kəndin tarixini, mədəni irsini bir də qədim Xınalığa bələd insandan -

"Xınalıq Dövlət Tarix-Memarlıq Muzeyi"nin əməkdaşı Səxavət Abayevdən dinləyək. Onu da nəzərinizə çatdıraq ki, bu Qoruq, eyni zamanda Muzey Nazirlər Kabinetinin yaxın günlərdə Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.


Muzeylə tanışlıqdan sonra kəndin dik küçələri ilə yuxarı qalxmağa başladım. Rastlaşdığım insanlar da, söhbətləşdiyim kənd camaatı da həvəslə və maraqla axşam baş tutacaq tədbiri gözləyirdilər. Bu layihə əsasən yerli əhalinin xarici turistlərə adaptasiya olunması məqsədi daşıyırdı. Bu mənə görə də çox dəyərli idi.

Uşaqlar bizi maraqla sezir, bizdən nələrsə öyrənmək və bölüşmək istəyirdilər. Gəzdikcə əmin olurdum ki, gözlənilən adaptasiya məsələsi artıq başlayıb. Bununla yanaşı onların dünyagörüşünün dəyişməsində burada iştirak edən insanların böyük rolu var. Bəs onlar kim idi, bir ay ərzində bu kənddə hansı işləri görmüşdülər? Bunların hamısı haqqında mənə “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbəri Sitarə İbrahimova məlumat verdi. Burada hər şey təbii idi. Ona görə də nə söhbətin əvvəlini, nə danışılanları nə də kameranın qarşısından sevincək harasa qaçan uşağı montaj etmək fikrində olmadım, istəmədim...


Onu da əlavə edim ki, sentyabrın 8-dək davam edən festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirdilər və müxtəlif master-klasslar keçdilər. Master-klasslar həm də kiçik dostlarımızla keçirildi. Rəqs, foto və Sitarə xanımın da qeyd etdiyi digərləri.

Festivalın açılışında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edirdi. Tədbirdə sadə insanlara qarışan dövlət rəsmiləri də bu ucqar kənddə keçirilən festivala əlavə rəng qatırdılar.


Florian Zenqstşmid qeyd etdi ki, Xınalıq öz tarixi və öz dili ilə fərqlənən Azərbaycanın ən ucqar kəndlərindən biridir.


"Təsadüf deyil ki, bu tədbir Xınalıqda keçirilir. Bu kənd öz gözəlliyinə və unikallığına görə fərqlənir. Festivalın keçirilməsinin iki aspekti var. Birinci Xınalığı turistlərə tanıtmaq və bura yeni turistlərin cəlb olunmasına nail olmaq, ikincisi isə yerli icmaya turizm yanaşmasını gətirməkdir. Davamlı olaraq Xınalıqda və digər ərazilərdə bu tədbirin keçirilməsi planlaşdırılır".


"Bildiyiniz kimi yaxın günlərdə Qubada Mətbəx Festivalı, Şamaxıda Şərab Festivalı keçirilib. Əsas məqsədimiz yerli əhalini turistlərlə təmasa hazırlamaq və onları maarifləndirməkdir. Onu da deyim ki, Xınalıqla bağlı böyük bir konsepsiya hazırlanır. Bu konsepsiyanı biz dövlət başçısı cənab Prezidentə təqdim edəcəyik. Təqdim olunandan sonra yəqin ki, Xınalıq kəndi ilə bağlı daha böyük işlər görüləcək" - deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi.


Rəsmi açılış mərasimindən sonra isə avqustun 16-dan başlayan layihə müddətində Xınalıq kəndində məskunlaşan azərbaycanlı və xarici sənətkarların ərsəyə gətirdiyi işlərin nəticələri ilə tanışlıq oldu, yerli icma nümayəndələrinin çıxışları dinlənildi, uşaqların rəqslərinə baxıldı və gecəyə qədər davam edən əyləncə ilə bu möhtəşəm layihənin ilk günü başa çatdı.


Yenidən belə layihələrlər çərçivəsində Xınalıqda və Azərbaycanın ucqar kəndlərində görüşmək diləyilə!



Rəhim Qədirov
Baku Post


Xınalıqda qeyri-adi aksiya  - VİDEO - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər