Xırdalanda partlayış: Dağıntılar altından 6 nəfər çıxarıldı - YENİLƏNİB - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


FHN-dən "BakuPost"a verilən məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.


Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.



Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.


***


Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.


FHN-dən "BakuPost"a bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:


"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.


Əlavə məlumat veriləcək".


***


Abşeron rayonunda evdə partlayış baş verib.


"BakuPost"ın Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.


Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.


Partlayışdan sonra yanğın başlayıb. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.


1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb. Partlayışın dalğasından ətrafdakı bina və avtomobillərə zərər dəyib.


Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.