YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ

  • 15 Dek 2019 22:03
  • 1703 Baxış
YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini  PİSLƏDİ


Hakim Yeni Azərbaycan Partiyasını V çağırış Milli Məclisdə təmsil edən deputat Məlahət İbrahimqızı Beyləqan rayon Polis Şöbəsinin məişət zəminində həbs etdiyi Qarabağ qazisi, polkovnik Qadir Vəlişovun müdafiəsinə qalxıb.

BakuPost Modern.az-a istinadən xəbər verir ki, deputat M.İbrahimqızı “Aprel döyüşləri”ndəki şücaətinə görə Prezident İlham Əliyevin qəbul etdiyi hərbçinin həbs edilməsni pisləyib.

“1986-cı ildən Əfqanıstan müharibəsində çətin döyüş yolu keçən, Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçmiş, 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlər zamanı çox ciddi yaralanan və 1 il müalicə alandan sonra yenidən ordu sıralarına qayıdaraq, 15 ilə yaxın müddətdə hərbi hissə komandiri işləmiş, 2016-cı ilin aprelində Talış istiqamətində hərbi əməliyyatlarda döyüşən, Lələtəpəyə Azərbaycan bayrağını sancmış və bu döyüşlərdə ağır yaralanmış polkovnik Vəlişov Qadir Saday oğlunun məişət zəminində baş vermiş hadısə ilə əlaqədar həbsi hər bir Azərbaycan vətəndaşını dərindən üzür və narahat edir”,- deyə deputat vurğulayıb.

Məlahət İbrahimqızı deyib ki, ölkəmizin hüquqi dövlət olmasına, qanunun hər bir vətəndaş üçün qeyd-şərtsiz ali dəyər daşımasına baxmayaraq, şərəfli və çətin mübarizə yolu keçmiş, vətən qarşısında zəngin xidməti olmuş polkovnik Qadir Vəlişovun məişət zəminində baş vermiş mübahisədə, əsəb-sinir sisteminin gərginliyindən qaynaqlanan (bəlkə də qeyri-ixtiyari) hadisəyə görə həbs olunması və bunun mətbuat vasitəsilə təqdim edilməsi ədalətsizlikdir:


“Düşünürəm ki, vətən qarşısında bu qədər xidmətləri olan 1azimizin törətdiyi məişət hadisəsini onun uzun illər stress dolu bir həyat yolu keçməsilə izah etmək olar. Bu mənada yerli ictimaiyyət, xüsusilə də hüquq-mühafizə orqanları belə hallara xüsusi həssaslıqla yanaşmalı idi. Bu gün ölkəmizdə cəzaların humanistləşdirilməsi ilə bağlı Prezidentimizin imzaladığı fərman və sərəncamlar gerçəşləşir. Uzun illərdir ki, ölkəmizdə Prezident yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının fəaliyyəti hər birimizdən bu cür münaqişə və insidentlərə humanistcəsinə və fərdi yanaşma tələb edir. Ölkəmizin 1-ci Vitse-prezidentinin təşəbbüsü ilə dəfələrlə parlamentdə hüquq-mühafizə orqanları cəza hökmlərindən daha çox barışıq qərarlarına üstünlük verməyə çağırılıb. Sözsüz ki, qazimizin vətənin müdafiəsində keçirdiyi stresslər onun sağlamlıq durumunda ağır izlərsiz ötüşməyib. Düşünürəm ki, zərərçəkənlər bir daha qazi, polkovnik Qadir Vəlişovun şücaət dolu fəaliyyətini nəzərə alaraq, ən qısa zamanda barışıq elan edəcəklər. Bununla bağlı rayon ictimaiyyəti, ağsaqqal və ağbirçəklərin də üzərində çox ciddi məsulliyyət var. Bu gün ərazimizin 20 % -nin hələ də erməni işğalı altında olduğu zamanda hər bir Azərbaycan vətəndaşı Vətəni uğrunda canından keçməyə hazır olan insanlar qarşısında borcludur”.


Xatırladaq ki, Qarabağ müharibəsi veteranı, polkovnik Qadir Vəlişov noyabrın 26-da Beyləqan rayon Polis şöbəsi tərəfindən həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər.

"Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib", deyə DİN bəyan edib.


Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Yaxınları isə bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib.

Onlar bildiriblər ki, Qadir Vəlişov rayon rəhbərliyinin istəyi ilə qurama ittihamla tutulub.


1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib.

Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri olan polkovnik 2016-cı il aprel döyüşlərində ağır yaralanıb. O, Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçilərdən biri kimi tanınıb.

Bu əməliyyat zamanı yaralandıqdan 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.

Qadir Vəlişov "Aprel döyüşləri"ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabirlərdən biridir.

Q.Vəlişov Naxcıvanski adına Hərbi litseydə bir müddət rəis müavini vəzifəsin icra edib, 6 ay öncə Silahlı Qüvvələrdən tərxis olunub.


  • Rzayev Sebuhi
    Komandirim olub mende arxasindayam buraxılsın hetda tezlikle gedirem yanjna bas çəkməyə

X