Ru
14:40 / 18 Dekabr 2019

“Yeni imtahan modelinə çox ehtiyac var”- Ceyhun Bayramov

2160
"İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil".

BakuPost-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda keçirilən konfransda deyib.


O bildirib ki, uzun illər ərzində imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət edilib: "Təbii ki bu, çox vacib və əhəmiyyətlidir. Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər. Bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara, o cümlədən tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensialara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur".

Nazir hesab edir ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var: "Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Yeni imtahan modelinə əsasən buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli bir dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən tədbirin ölçülməsi təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir".

"Yeni imtahan modelində fənlərin sayında azalma var. Buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Daha əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən isə hər ikisinin təsirinin olduğunu nəzərə alaraq II mərhələdə imtahan fənlərinin sayında azalma var.

Hesab edirik ki, bu həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat hazırlaşması üçün əhəmiyyətli dəyişiklik olacaq" - C.Bayramov qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər