Ru
14:39 / 22 Aprel 2021

Yeni klinikaya məmurlar da rüşvət verib... 10-15 min – İLGİNC MƏQAMLAR

12179
Bu gün ard-arda iki məşhur klinikanın rəhbərləri - direktor və baş həkimi Baş Prokurorluğun hədəfinə çevrilib.

Bakupost.az xəbər verir ki, bunlar artıq mediada yayıldığı kimi, “Yeni klinika”nın direktoru Pərviz Akif oğlu Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Əli Ağa oğlu Ağayevdir. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.



“Yeni klinika”nın direktoru P.Abbasova pul yığmaqda “tanışları” yardım edirmiş, FHN-in xəstəxanasının baş həkimi isə qeydiyyatçıların əli ilə toplayırmış. Olsun, amma daha böyük şəbəkə var və bunun üzə çıxacağına ümid edirik.

Koronavirus pandemiyasına görə tələm-tələsik istifadəyə verilən “Yeni klinika”nın və Zığdakı modul tipli xəstəxananın tənqidləri də, tərifləri də az deyil. Hər gün bu xəstəxanalardan razılıq edən sağalan tanınmışların da sosial şəbəkələrdə təşəkkürünə rast gəlirik, normal şəkildə bu xəstəxanalara gedib, əvəzində meyiti geri verilənlərin ailələrinin şikayətini də. Zığdakı xəstəxananın tanınmış tarixçi-alim Dilavər Əzimliyə münasibəti, onun əşyalarının çürüdülərək ailəsinə qaytarılması hamımızın yadındadır...



Bütün hallarda bu təzadlı münasibətlər aydındır, iş olan yerdə nöqsanlar, səhlənkarlıqlar ola bilər, nəzərə alsaq ki, pandemiyaya qəfil yaxalanmışıq, bəlkə də yanlış müalicələr nəticəsində ölümlərin məsuliyyətini həkimlərə yükləməmək də mümkündür. Ancaq bir şərtlə ki, bu, statistikanın öhdəsinə buraxılmasın, rəqəmləri kiçik göstərməklə müqayisələr aparılıb bəraət axtarılmasın və ümumiyyətlə, ölümlər statistika deyil, faciə kimi qəbul olunsun. Bu faciəyə səbəb olanlara qarşı addım atılsın, səhvdən nəticə çıxarılsın, yeri gəlsə, qurbanın yaxınlarından üzr istənilsin, yaxud heç bir ölüm həkim səhlənkarlığından baş vermədikdə belə, ölən şəxsin doğmalarına adam balası kimi münasibət göstərilsin.

Dövlət bu sahədə imkanı çatan hər şeyi edir, həkimlərin “adam kimi adam” olması üçün onları ayaqda alqışlamaqdan tutmuş məvaciblərini BEŞQAT artırmağa qədər, hər yükü çəkir. Belə olduqda hər kəs öz işinə vicdanla yanaşsaydı, bu problemlər olmazdı.

Vicdanla yanaşma yoxdur – bunu Baş Prokurorluğun yaydığı məlumatda da gördük.



“Yeni klinika”da xəstə yerləşdirmək artıq çoxdandır ya tapşırıqla, ya da pulladır və bu, az qala hər gün mediada işıqlandırılır. Hər gün hansısa məşhur şəxs tapılır ki, müalicəsinə görə hansısa millət vəkilinə və yaxud onun üçün müraciət edən ziyalılara təşəkkür edir. Çünki yalnız onların müdaxiləsi sayəsində “Yeni klinika”ya müalicəyə qəbul olunduqlarını bildirirlər.

Qapının ağzından qovulanlar da olur – Dilçilik İnstitutunun məşhur alimi kimi. Saatlarla qapı ağzında saxlayandan sonra “yer yoxdur” deyib, geri qaytarırlar, amma evinə çatmamış məlum olur ki, akademiklər işə qarışıb və yer “yaranıb”...

Mənzərə budur və biz bu mənzərəyə çoxdan etiraz etməli idik. Niyə bu klinikalara mütləq kimlərinsə müdaxiləsi və yaxud, ziyalıların total müraciəti əsasında yerləşdirilmə olmalıdır? Yer yoxdursa, yoxdur! Müraciətlə dərhal çarpayı peyda olur “Yeni klinika”da? Müraciət edən kimi yer tapılırsa, demək, yer əvvəldən varmış. Bəs, onda ora gələn ağır xəstəni niyə qəbul etməyib, taleyin ümidinə buraxırsınız?

Bunun özünü müzakirə etmədik, əksinə, müraciətə dərhal reaksiya verdiyinə görə “Yeni klinika” və yaxud digərinin rəhbərinə təşəkkürlər edə-edə gəldik çıxdıq bu vəziyyətə.

Hamımız yaxşı bilirik ki, “yer yoxdur”un özü də alver üçün çoxdan yaradılmışdı. Qəsdən “sıxlıq”, “yersizlik” şousu oynayıb, qiymət qaldırırdılar. Çünki “yer yoxdu”nun ardınca, məsələn, TƏBİB nümayəndəsi rəsmi statistika elan edirdi: 12 min çarpayı yerimiz boşdur, narahat olmayın!

TƏBİB rəsmi statistikanı, mövcud vəziyyəti deyir. Amma “Yeni klinika” oyununu davam etdirir.

Baş Prokurorluğun bugünkü rəsmi açıqlamasına qədər də hamımız bilirdik ki, “Yeni klinika”da xəstə qəbulu pulladır. Amma reallıqla Baş Prokurorluğun rəqəmləri arasında ciddi fərqlər var.

Məsələn, hamımıza gün kimi aydındır ki, “Yeni klinika”ya xəstə qəbulu 5 min manatdan, Zığdakı xəstəxanaya isə 1000 manatdan başlayır. Baş Prokurorluq isə “Yeni klinika”ya xəstə qəbulu üçün 3000-3500 manat rüşvət alındığını bildirir, Zığdakı xəstəxanada alınan rüşvətin isə rəqəmini açıqlamır.



Doğrudur, “Yeni klinika”da 3-3,5 min rəqəmləri olub – amma çoxdan, təxminən 6 ay əvvəl. Ya Antikorrupsiya İdarəsi əməliyyata çoxdan başlayıb, uzun müddətdir prosesi nəzarətə götürübmüş, ona görə rəqəmləri köhnədir, ya da ortada 1000-1500 manatı yeyənləri “tapa bilmir”. Gərəkdir, onu da müstəntiqlər aydınlaşdırsınlar.



Digər tərəfdən, öz qohumunu “Yeni klinika”ya yerləşdirmək üçün bu rəqəmdən 3-4 qat artığını ödəyən yüksək vəzifəli məmurlar da var, bu barədə az qala hər gün məlumat sızıntıları olur. Özü də bu rüşvət söhbətləri təkcə bu iki klinikayla bağlı yekunlaşmır...

Ona görə də maraqlıdır: klinikalardakı özbaşınalıq və rüşvətlə xəstə qəbulu prosesi uzun müddətdir hamının gözü qabağında, hətta dövlət məmurlarının iştirakı ilə gedir. Baş Prokurorluq niyə gec hərəkətə keçdi ki?

Daha bir sual da var: bu əməliyyatdan sonra pulla xəstə qəbulu bitəcək, yoxsa qiymət bahalaşması baş verəcək?..


Toğrul Mahmudlu
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər