Ru
14:02 / 21 Sentyabr 2019

Yoxa çıxan dostumuzun iziylə - qəlibləri dağıtmaq istəyən adamlaracan - FOTO

6228


Bir jurnalist dostumuz vardı... vardı deyəndə var, amma indi ortalıqda yoxdu. Ortalıqda yoxdu deyəndə, yəni çayxanada, kafedə yoxdu...
Əvvəllər tez-tez görüşürdük, dərdləşirdik, çayxana, kafe... məlum mövzular, məlum məsələlər... Amma bu yay, qəfil yoxa çıxdı bu adam. İşdən çıxdı, kafelərdən, çayxanalardan ayağı da yığışıldı. Narahat olanımız da oldu, zəng edənimiz də, görüşmək istəyənimiz də, amma... “Gəlmirəm” demədi heç vaxt, “Gələ bilmirəm” dedi, “iş çoxdu, uzaqdayam”. “Hardasan, nə işdi?” sualına isə, qısa cavabı vardı həmişə “Görüşəndə danışaram”.


Günlər, həftələrə, həftələr aylara çevrilincə, dostumuzun aramızdan qəfil uzaqlaşmasının səbəbini tapmağa can atırdıq. Axı nə olmuşdu, hansımızdan incimişdi və hara gedə bilərdi ki bu adam? Bu ölkənin media məkanı o qədər də böyük deyil ki, kimsə onun içində itib – bata bilsin, həmişə, jurnalist dost – tanışlardan kimin hansı qəzetdə, saytda, radioda, televiziyada işlədiyini bilmişik. Amma bu adam barədə “indi bizdə işləyir” deyən yox idi.


Dostlarla yığışıb qərara gəldik ki, hardadısa tapaq onu, görək nə məsələdi, bəlkə doğrudan inciyib bizdən, bəlkə bir problemi var... Həm də yaxşı bir yerdə, ona tam uyğun bir iş imkanı da yaranmışdı. Qaçırmaq istəmirdik bu imkanı.


Qərara gəldim ki, özüm zəng eliyim, nə desə də, təkid eləyim ki, görüşək.
Zəng elədim:


- Hardasan?
- Uzaqda.
- Uzaqda, yəni harda?
- Qubada.
- İstirahətdəsən?
- Yox... İşdə.
- Nə işdə?
- Televiziyadayam.
- Qubada?
- Hə...


Düzü bir şey anlamadım. Qubada jurnalistika fəaliyyəti mənim anlamımda hansısa qəzetin, xəbər portalının və ya televiziyanın bölgə müxbirliyi ola bilərdi. Amma bu adam “Televiziyadayam” dedi.
“Gedək oturdaq maşına, gətirək”, - dostlarımızdan biri dedi.
İnternetdə axtardım tapdım, Qubada “Qafqaz TV” varmış. Yeni yaranan turizm və biznes kanalı.
Nə isə, üz tutduq Qubaya...


İki saat sonra, nəhayət Qubada görüşürük, Qafqaz TV-də. TV-nin həyətində kiçik bir çardaq var, orda oturduq.



TV haqında internetdən bəzi məlumatlarla tanış olmuşdum artıq. «Qafqazın ilk və yeganə turizm və biznes kanalı, Qubadan şimal bölgəsinə - Quba, Qusar, Xaçmaz, Xudat, Şabran zonasında rəqəmsal yayımlanır, internetlə isə bütün dünyaya. Və... yeni ildən peyk yayımına çıxıb bütün respublikaya yayımlanmağı planlaşdırırlar.»
Qubadan bütün respublikaya yayım...(?!) İddialı hədəfdi...


Amma o niyə burdadı, bunu hələ ki, anlaya bilməmişdim - kanal kimi kanal... düzdü yeni binaları var, geniş, komfortlu iş otaqları, müasir texnikaları... və... nə olsun? Buna görə şəhəri buraxıb, Qubaya gəlməyə dəyərdimi? Bakıda telekanal azlığıdımı?
Sualı birbaşa vermirəm, xətrinə dəymək istəmirəm, amma hədər yerə deyil ki, illərdi tanıyırıq bir – birimizi. Gözümün içinə baxıb “Soruşmaq istədiyini soruş” deyir.


- Bəlkə mənə də anladasan, - deyirəm.
- Bura daha yaxşıdı, - cavab verir.
- Niyə?
- Bilirsən... (uzaqdan başlayır)indi elə zəmanədir ki, yaradıcı insan üçün, harada olmasının, harada yaşamasının, işləməsinin heç bir əhəmiyyəti yoxdur, burada musiqi də bəstələmək olar, kitab da yazmaq olar, flim də çəkmək olar, elmi işlə də məşğul olmaq olar, sonra isə heç yerindən tərpənmədən internetlə gördüyün işi bütün dünyaya çıxara bilərsən. Yəni, indi Azərbaycanın ən ucqar kəndində də oturub, istər Bakıdakı, istərsə də lap elə Avropadakı, Amerikadakı saytlarla, telekanallarla işləmək olar. Bunu eləmək üçün, Bakıda oturmaq vacib deyil.
- Vacib deyil, bununla razı... Amma vacib olmaması sənin niyə burda olmağını izah eləmədin mənə axı. Sən niyə burdasan?
- Hava, su, təbiət, tıxaclarsız, səs-küysüz, sterssiz, qaça-qaçsız həyat... aram, öz axarı ilə gedən, düzənli bir həyat. Yaradıcı bir insana nə lazımdı? Səs-küydən, mənasız bəhsəbəsdən, material aludəçilikdən, xaosdan, qarmaqarışıq, düzənsiz, yeknəsək həyat tərzindən, darıxdırıcı işdən uzaq olmaq, düşünə bilmək, yarada bilmək... burada bu alınır.
- Şəhərdə alınmırdı? Şəhərdə yaxşı alınırdı axı səndə...
- Məsələ də bundadı. Yaxşı alınırdı.
- Anlamadım. Yaxşı alınırdısa, onda bura gəlməyin nə mənası?
- Nəyinsə yaxşı alınmağı, əslində çox pis bir şeydi. Yaxşı o deməkdi ki, sənin elədiyin, gördüyün iş, əldə elədiyin nəticə ümumi qəbul edilmiş normalara uyğundu...
- Və... Bunun nəyi pisdi ki?
- Normalara uyğun gələn yaradıcılıq... Sadəcə düşün, bir yaradıcılıq ki, normativlərə uyğundu, ona böyük mənada yaradıcılıq demək olar?
- Yenə də anlamadım.
- Əgər elədiyin yaxşıdısa, deməli səndən əvvəl olan və qəbul edilmiş standartlara, qəliblərə uyğun bir şey yaratmısan. Və əgər qəliblərə uyğun bir şey yaratmısansa, deməli... böyük mənada heç nə yaratmamısan. Qalmısan qəlibin içində... Təsəvvür elə, heykəltəraşsan və səndə əvvəl məlum bir heykəl yaratma qəlibi formalaşıb. Və, sən də tuncu əridib tökürsən o qəlibin içinə, alınan yarımfabrikatı bir az malalayıb, rəngləyib yaradıcılıq nümunəsi kimi qoyursan ortaya. Yaxşı alınır, amma yeni, fərqli alınmır. Bu baxımdan yaradıcı insan üçün, yaxşı iş kimi qiymətləndirilən iş, əslində pis işdi.
- Onda neyləyək biz, yaxşı olanda da pisdi, pis olanda da pisdi?
- Məncə hədəf kimi qarşısına yaxşı nəsə yaratmağı qoymamalıdı yaradıcı adam, fərqli, yeni, qəlibləri dəlib keçən, dağıdan və genişləndirən nəsə yaratmaq olmalıdı hədəf. Əla yaradıcılıq budu.
- Yaxşı, bunun sənin Qubada işləməyinə nə dəxli? Şəhərdə eliyəydin də o dediyini. Qəlibsə elə hər yerdə qəlibdi də.
- Şəhərdə hazır qəliblər var, mən özümü nə qədər çalışsam da, onların içinə sığışdıra bilmirəm. Amma burda... Burada yeni nəsə yaratmaq, fərqli düşüncəni, fərqli yanaşmanı ortaya qoymaq imkanım var. Bura özü yeni yaranan bir televiziyadı, və bura elə mənim kimi, yeni nəsə yaratmaq istəyən insanlar toplanır – maraqlı adamlar. Yeni nəsə yaratmaq istəyən adam üçün, bundan uyğun hansı məkan ola bilər? Və bir də söhbət tək televiziyadan getmir axı, həyatın özündən gedir, o yaratmaq həyatının bir hissəsidir sadəcə, burada həyatımın özü də yeni, fərqli ola bilir mənim üçün, həm də daha düzənli, daha sağlam, daha rahat. Və bir də perespektivlər...




O danışır və danışdıqca da, bu yeni kanalın qarşısına qoyduğu hədəflərə həsəd aparımmı bilmirəm, heyrət edimmi, gülümmü... bilmirəm. Deməli, Azərbaycandan, Qubadan nəinki bütün respublikaya, hətta bütün Qafqaza yayımlanmaq, bütün Qafqazın əsas biznes və turizm kanalı olmaqmış hədəfləri. Qafqazı və Qafqazın bir hissəsi olan Azərbaycanı dünyaya tanıtmaq, bu bölgəyə turist axınını gücləndirmək, Qafqazı dünyanın əsas turizm zonalarından birinə çevirmək... Mən düşündüyümdən, ehtimal edə biləcəyimdən də böyük hədəflər...
Düşünürəm ki, belə hədəfləri qarşıya qoymaq üçün ya gərək doğrudan da bunu edə biləcək qədər böyük intellektual və yaradıcı potensiala və ondan da böyük enerjiyə, iradəyə malik olmaq lazımdı, ya da sadəcə iddialı dəli olmaq... Amma yadıma salanda ki, dünyanı dəyişənlərin demək olar ki, hamısı başlanğıcda sadəcə iddialı dəlilər olublar, dedikləri mənə daha real görünür...


Bu barədə danışdığımız vaxt kanalın binasından əlində ox və yay, meşə turlarında geyinilən geyimdə, boynunda, biləklərində qəribə aksesuarlar gəzdirən, saqqallı bir tip çıxır, bizim yanımızdan salamlaşıb keçir. “Bu kimdi?” soruşuram. Aldığım cavab məni bir az da şoka salır – “Direktorumuz”.


- Direktorunuz?!
- Hə, Eltən Qədimbəyli.


Direktor dediyi də, oxu-yayı götürüb başlayır elə kanalın həyətində qurulmuş ox atma meydanında ox atmağa... Bilmirəm nə düşünüm, yenidən üz tuturam “Google”yə: ” Eltən İdris oğlu Qədimbəyli (d. 7 yanvar 1979; Naxçıvan MR Sədərək kəndi) — Qafqaz TV-nin direktoru, azərbaycanlı rejissor, yazar, tv menecmenti, yapımcı, "Çölçü" Sosial Klubunun yaradıcısı.”
Adam ox atmaqda davam edir, və mənim nəzərimdə illərdi formalaşan TV direktoru obrazının qəlibini çilik-çilik edib ətrafa səpələyir. İçəridən - binadan başqaları da çıxır, elə qəribə geyim-keçimdə, gəlib qoşulurlar ox atmağa, sonra mühafizə qapını açır, içəri bir maşım girir, maşından tökülüşən çöl geyimli, əlində balta, ox, yay, çəkiliş avadanlıqları, kamera, fotoaparat olan adamlar kanalın binasına daxil olur.
Sual dolu baxışlarımı oxuyub izah edir.
- Çöldən gəlirlər.
- Çöldən, yəni?..
- Çöldən yəni, meşədən, dağdan... - Yenə baxışlarımdakı sualı görüb əlavə edir, - Çölçülərdi, Çölçü klubu üzvləri.
- Nə əlaqəsi?
- Kanalda işləyənlərin çoxu Çölçü klubuna qatılır.
- Nə klubdu ki?
- Çölçülük, elə bayaq dediyimdi - formaca şəhərin, amma əslində qəliblərin və özünün çölünə çıxmağın, qəliblərdən azad olmağın, yenilənməyin bir yoludu. Gedirsən çölə, təbiətin qucağında çıxırsan özünün çölünə və ordan dünyana, həyatına tam fərqli bir baxışla, tam fərqli bir yanaşma ilə qayıdırsan. Amma bizimlə yoxlamadan nədi bilməzsən, gərək özün hiss edəsən bunu.



O həvəslə danışır, mən qulaq asıram. Çoxdandı belə həvəsli, enerjili görmürdüm onu.
Deməli bu adamlar tez-tez meşəyə, dağa, çölə gedirlər, həm çəkilişlərə, həm piyada turlara... və bununla paralel yeni kanal da qurmağa çalışırlar. Özü də bütün Qafqazın kanalı olacaq kanalı. Başa düşə bilmirəm, hardandı bu qədər enerji və iddia.


- Tükənməz enerji mənbəyindən, - cavab verir.
- Nə enerji mənbəyi?
Qeyri ixtiyarı ətrafda energetik içki qapı axtarır baxışlarım.
Baxışlarımı oxuyub, gülüb cavab verir:
- Yox... Olarla qutarmışam, indi enerji mənbəyim Çöldü.
Və başlayır meşədəki ağaclardan, dağlardakı qayalardan necə enerji toplamağından danışmağa, “Gedək, çölə, özün görəcəksən” deyir.
Amma gedə bilmərəm mən, şəhərdə işlərim tökülüb qalıb, qayıtmalıyıq axşama.
- Yaxşı, bəs maliyyə tərəfi, qane edir? – soruşuram, - İnanmıram burda sənə şəhərdəkindən çox əmək haqqı versinlər.
Bunu deyib, yeni iş imkanından danışıram ona və arxayınam ki, bu təklifi eşidən kimi, yığışıb, “Gedək” deyəcək. Mən danışıram, yeni işinin perspektivləri, gəliri, statusu və sair... amma hiss edirəm ki, dediklərim maraqlı gəlmir ona.
- Burası artıq sadə hesabdı – deyə nəhayət dillənir,- şəhərdəki kirayə haqqını, yola, nəqliyyata xərclədiyin pulu, stressə, əsəbi həyat tərzinə, çirkli havaya görə həkimlərə, dərmanlara xərclədiyin vəsaiti şəhərdə aldığın əmək haqqının üstündən çıx, gör nə qalırsa o sənin gəlirin sayıla bilər. Mən o yerdə qalanla, burda aldığımı müqayisə edəndə, maliyyə tərəfindən də, buranın daha çox cəlbedici olduğunu görürəm. Odur ki... mən Qubada qalıram...
Bir az fikrə gedir və sonra məni yenidən təəccübləndirir:
- Və həmdə, burda belə bir yanaşma da var qardaş, bu kanalın hər bir əməkdaşının öz həvəsinə, bacarıqlarına uyğun bir işi də, biznesi də olmalıdı.
- Sənin biznesin yoxdu axı.
- Məsələ də bundadı, olmalıdı. Buna çalışırıq. Çalışırıq ki, kanalda işləyən hər kəsin, kanalın özündəki işindən əlavə şəxsi biznesi də olsun, öz həvəsinə, bacarıqlarına, arzusuna uyğun bir biznes sahibi olsun hamı, kimisinin restoranı olacaq, kimisinin oteli, kimisinin moda evi, kimisinin özəl məktəbi, kimisinin studiyası, kimisinin fermer təsərrüfatı... Belə kanal isə ilk addımdan başlayaraq hər baxımdan bu biznesə dəstək olur. Razılaş ki, bir televiziya kanalının dəstəyi ilə biznes yaratmaq, bunu təkbaşına etməkdən daha asandı.
Televiziya haqqında, bir iş yeri haqqında, jurnalistika haqqında bütün təsəvvürlərin, qəliblərin hamısı bir-bir dağılır. Və söhbətin sonunda onun “Bizimlə qal” təklifinə “Qalıram” cavabını elə indi verəcəyimdən qorxub, qalxıram...


Sağollaşıb ayrılıram, qəlibləri dağıtmaq istəyən adamların televiziya kanalından. Baxıram onlara... və içimdə bir hiss baş qaldırır: Qayıtmaq istəmirəm, qəliblərin içində keçən hayatıma...
Yol boyu düşünürəm, necə oldu ki, bu boyda şəhərdə, bir belə TV kanalların, böyük redaksiyaların, oturuşmuş komandaların arasında özünə yer tapa bilməyən adam, gedib orda, hələ yeni yaranan bir kanalda özünə yer tapa bildi? Və ancaq şəhərə çatandan sonra, tıxacın ortasında, siqnal səslərindən gərilən əsəblərimi cilovlamağa çalışanda birdən başa düşürəm ki, bu adam əslində neçə illərdi yerini yox, özünü axtarırmış - qəliblərin, beton binaların, asfalt yolların, qaçaqaçın, xaosun, stressin, bəhsəbəsin və elə bu tıxacın içində itib – batan özünü... Və, bunu anladıqca da... sükanı çevirib, geri qayıtmaq istəyirəm, ora - qəlibləri dağıtmaq istəyən adamların toplaşdığı yerə.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər