Ru
12:42 / 16 Yanvar 2020

Yunis Səfərovun müdafiəsinə yeni vəkil qoşuldu

1541
Bu gün Sabunçu rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakupost.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yunis Səfərovun müdafiəsinə yeni vəkil Bəxtiyar Hacıev qoşulub.


Bundan sonra təqsirləndirilən şəxslər və vəkillər prosesin auido və video çəkilişlə aparılması ilə bağlı vəsatət veriblər.

Vəsatət təmin edilməyib.

Yunis Səfərov qərara etiraz edib. Bildirib ki, ictimaiyət bu tam şəffaflığı ilə izləməlidir.

Bu zaman hakim yerindən danışdığı üçün ona xəbardarlıq edib.


Daha sonra Yunis Səfərovun dövlət hesabına təyin edilən vəkili Elman Ağayev özü-özünə etiraz verib.

Bildirib ki, müdafiə etdiyi şəxs ona etimad göstərmir.

Hakim vəkilin etirazı qəbul etməyib və bildirib ki, müdafiəçi etirazı yazılı şəkildə təqdim etsin.

Daha sonra vəkillər hakimlərə etiraz ediblər. Bildiriblər ki, hakimlər onların prosesual hüquqlarını pozur və vəsatətləri təmin etmir. Onlar məhkəməyə etiraz bağlı yazılı vəsatəti vermək üçün məhkəmədən vaxt tələb ediblər.

Həmçinin Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev işlə tanış olmadığını və vaxt verilməsini istəyib.

Proses fevralın 17-ə qədər təxirə düşüb.


Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Onu da qeyd edək ki, cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər