Ru
10:54 / 13 Oktyabr 2020

Zaman özü oxuyur sənin zəfər marşını...

3032

Zabil PƏRVİZ



ZƏFƏR MARŞI

Bəsdir layla çaldılar səbrinə, səbatına,

Qaynayan nifrətinə, çağlayan inadına,

Arxalan öz gücünə, güvən öz qanadına,

Götür başın altından yadlar qoyan balıncı,

Öz işini özün gör, Azərbaycan qılıncı!



Çox yuxular görmüsən, heç biri çin olmayıb,

Möcüzə baş verməyib, bir sevincin olmayıb,

Gözləmisən, dözmüsən, gün həmin gün olmayıb,

İndi həmin gün gəlib, olma özgə möhtacı,

Öz işini özün gör, Azərbaycan qılıncı!



Döyüş, qüvvət qoluna, ana yurdun əsgəri,

Döyüşlə gedən torpaq döyüşlə dönər geri.

Dəyiş, təzələ hər gün o tutduğun səngəri,

Düşmənin bağrındadır o səngərin son ucu,

Öz işini özün gör, Azərbaycan qılıncı!



Bu günü təkcə sən yox, o dağlar gözləyirdi,

Göz yaşı qurumayan bulaqlar gözləyirdi,

Daşları buz bağlayan ocaqlar gözləyirdi, -

Hər tikanı ox kimi, hər gülü bir qığılcım,

Dayanma, gör işini, Azərbaycan qılıncı!





Nökərdir qarı düşmən, zatı, kökü qul olan,

Kim gəlibdir, altına örkən olan, çul olan,

Hər ikinci uşağı ağasından doğulan,

Anası alabəzək... əsli-nəsli yabançı,

Dayanma, gör işini, Azərbaycan qılıncı!



Hansı ölkəyə düşüb, düşünmə ki, yatıb o,

Ayaq altda göyərib, çayır kimi artıb o,

O, liana, sarmaşıq... qalxıb baş çıxardıb o,

Geyilib başmaq kimi, bəşərin baş utancı,

Dayanma, gör işini, Azərbaycan qılıncı!



Bir it neçə qapıda sülənib yallanarmış,

Bir ilan neçə yerə yalmanıb yalvararmış,

Bunun neçə yuvası, girməli kolu varmış,

Bu, insanlıq adının üz qarası, qaxıncı,

Dayanma, gör işini, Azərbaycan qılıncı!



Kömək, yardım gözləmə nə doğmadan, nə yaddan,

Keçib daha, keçmisən bütün alovdan, oddan,

Bu gürzənin başını əz öz təpiyin altda,

Əz, bir də oyanmasın bu parazit talançı,

Dayanma, gör işini, Azərbaycan qılıncı!



Bu gün öz əlindədir öz bəxtinin açarı,

Özün yıxıb keçmisən bu keçilməz hasarı,

Unutma ki, bazardır bu siyasət bazarı,

Bu boynu qalstuklu bazarkomlar yalançı, -

Öz işini özün gör, Azərbaycan qılıncı!



Dünya köhnə dünyadır, zurnaçılar, züyçülər,

Oyunçular, oyunlar, kələkçilər, küyçülər,

Gözündə pərsəng daşı tərəzilər, ölçülər,

Zəhəri bal kimidir, balı zəhərdən acı,

Öz işini özün gör, Azərbaycan qılıncı!



Gərək deyildir sənə özgələrin arşını,

Daha arşınmalçılar kəsə bilməz qarşını.

Zaman özü oxuyur sənin zəfər marşını,

Sənindir, səninkidir, götür o qızıl tacı,

Öz işini özün gör, Azərbaycan qılıncı!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər