Zaur Mikayılov niyə aşağı maaşlı dövlət vəzifəsini qəbul etdi?

Xəbər verdiyimiz kimi, ötən gün Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

Bakupost.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı maraqlı mövqe sərgiləyib.

O bildirib ki, Z.Mikayılov yaxşı təhsili, biznesdə maraqlı iş təcrübəsi olan şəxsdir:

“Özəl sektorda çalışdığı vəzifələrdə çox yüksək maaş aldığı məlumdur, hətta maaşdan əlavə böyük bonuslar, tibbi sığorta və başqa üstünlüklərə də malik olub. İndi isə Zaur Mikayılov dövlət strukturuna rəhbər təyin edilib, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin vəzifə maaşı 1500 manat civarındadır.

Sual yaranır: Zaur müəllim hansı səbəbdən özəl sektorda qazındığından dəfələrlə az maaşı olan dövlət qurumuna keçməyə razılıq verib?! Motivi nədir, nə ola bilər?!”

Qeyd edək ki, Z.Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2009-2015-ci illərdə “Port Baku”nun baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib. 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə “Agro Supply” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, bu təyinatından əvvəl, yəni 2018-ci ilin noyabrından bu ilin yanvarınadək “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsində işləyib. Bu MMC-yə ölkənin ən böyük marketlər şəbəkəsi olan “Bravo” supermarketlər şəbəkəsi daxildir.