09:23 / 07 Oktyabr 2021

Zorlamaya görə həbs olunan şəxsin günahsız olduğu ortaya çıxdı: 2 ildən sonra

3247
Bakıda 15 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olmaqda ittiham edilərək 2 il həbsdə qalan 20 yaşlı gəncin günahsız olduğu məlum olub və məhkəmə zalından azadlığa buraxılıb.

Bakupost.az xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Fuad Qafarov (şərti) 2018-ci ilin avqust və noyabr aylarında yaşadığı Lökbatan qəsəbəsində 2003-cü il təvəllüdlü Aygün Kazımova (ad şərtidir) ilə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğuna görə həbs edilib.

2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qafarov Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci ildə verilən qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. Bu qərardan verilən kassasiya şikayəti isə 2021-ci ilin fevralında qismən təmin edilib və cinayət işi yenidən apellyasiya instansiyasına göndərilib.

F.Qafarov ifadə verərək A.Kazımovanı birgə oxuduğu orta məktəbdən tanıdığını deyib: “Aygünün 15 yaşı olduğunu bilirdim, aramızda sevgi münasibətləri yaranmışdı, hərdən görüşüb danışırdıq. Onunla yaşadığı blokun ikinci mərtəbəsində özünün razılığı ilə öpüşmüşük, başqa heç nə olmayıb. İkinci dəfə valideynləri evdə olmadığından yaşadığı mənzildə Aygünlə razılaşaraq qonaq otağında öpüşmüşük, heç vaxt cinsi əlaqədə olmamışıq. Mən Aygünə heç bir seksual xarakterli zorakılıq hərəkətləri də etməmişəm”.

O, qəti olaraq ittiham üzrə özünü təqsirli bilməyib.

A.Kazımova isə ifadəsində bildirib ki, F.Qafarov orta məktəbdə oxuyarkən ilk dəfə 2018-ci ilin avqustunda onun əlindən tutaraq zorla öz yaşadığı binaya tərəf aparıb:

“Məni yaşadığı binanın blokuna apardı. Qışqırıb köməyə adam çağırsam da, küçədə heç kim olmadığından səsimi eşidən olmadı. Əli ilə ağzımdan tutaraq blokda mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Daha sonra mənə hədə-qorxu gəldi ki, “bu haqda kiməsə xəbər versən, səni öldürəcəm”. Onun belə deməsindən qorxaraq bu barədə heç kimə demədim. Səhəri günü də Fuad məni zorla öz mənzilinə apardı. Amma sonra mənə toxunmadan qapını açıb buraxdı. Noyabrda isə məktəbdən evə qayıdarkən əlimdən tutaraq qonşuluqdakı binanın blokuna apardı. Mənimlə iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Dekabrda bu olanları anama danışdım”.

Müdafiə tərəfinin apellyasiya şikayətində göstərilib ki, ittihama görə, F.Qafarov A.Kazımovanı zorla binanın blokuna salaraq cinsi əlaqədə olsa da, nə hadisəni görən, nə də qızın qışqırığını eşidən olub. Digər ziddiyyətli məqam isə A.Kazımovanın məhz F.Qafarovla qeyri-təbii yolla cinsi əlaqədə olmasının müəyyənləşdirilməsi ilə bağlıdır. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, A.Kazımovanın bədənində hər hansı xəsarət və zorlama izi aşkar edilməyib. Qızın qeyri-təbii yolla cinsi əlaqədə olması aşkarlansa da, onun kim tərəfindən edildiyi aşkar edilməyib.

Məhkəmədə şahid qismində ifadə vermiş Malik Səfərov (şərti) deyib ki, A.Kazımova ilə tanış olduqdan sonra öz razılığı ilə onun evinə gələrək onunla seksual xarakterli hərəkətlər edib. Bu səbəbdən A.Kazımovanın başqa oğlanlarla da münasibətləri olduğuna dair ehtimallar yaranıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

F.Qafarov Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə elan olunan ittihamlar sübuta yetirilmədiyi üçün bəraət verilib. Fuad Qafarov məhkəmə zalından azadlığa buraxılıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər